Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…25-26 aprel tarixlərində nəzərdə tutulan “Oxu günü 11” kitab festivalı bu gün öz işinə başladı. “Xan” nəşriyyatının təşkilatçılığı və iştirakı ilə keçirilən tədbir Sabunçu rayonunun Bakıxanov qəsəbəsində – Gənclər Evinin parkında baş tutdu. Tədbirdə nəşriyyatlar, ayrı-ayrı müəlliflər, çoxsaylı oxucular, tanınmış ziyalılar, həmçinin millət vəkilləri iştirak edirdilər. “Oxu günü”ndə bir çox müəlliflərin imza saatları da təşkil edilmişdi.
“Oxu günü” ktab festivalının açılışı zamanı öz oxucularını salamlayan müəlliflər, eləcə də millət vəkilləri ürək sözlərini söylədilər. Bildirdilər ki, mobil telefonun və internetin həyatmıza sürətlə daxil olmasına baxmayaraq bugünkü gənclər həvəslə kitab oxuyurlar və bu, ötən illərdəkindən xeyli artıqdır. Sakinlərin gəzərək kitablarla maraqlanması, müəlliflərlə birbaşa tanışlıq, dialoqlar, söhbətlər olduqca gözəl mənzərə idi.
Respublika Mədəniyyət Nazirliyinin Azərbaycan dili və Ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə çıxış edərək bildirdi ki, istənilən bir yerdə kitab varsa, orada keçmişlə ünsiyyət var. Yəni bu kitablar vasitəsilə keçmişimiz bizə öz mesajlarını ötürmüşdür. Biz də bu ənənəni davam etdirərək öz mesajlarımızı məhz bu kitablar vasitəsilə gələcək nəsillərə ötürməliyik. Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan kitabını, eləcə də bugünkü oxucunun marağında olduğu dünya ədəbiyyatından nümunələri ölkənin müxtəlif yerlərində, hətta ucqar kəndlərimizdə olan kitabxanalara çatdırmağa çalışır.
Müəlliflərdən Varis Yolçuyev çıxış edərək öncə tədbir təşkilatçılarına öz minnətdarlığını bildirdi. O dedi ki, 11 il çox böyük bir zaman dönəmidir və belə bir tədbirin bu qədər ardıcıllıqla davam etməsi o deməkdir ki, kitaba ehtiyac var və bunu davamlı həyata keçirmək xalqın mənafeyinə uyğundur.
Çıxışlardan sonra isə “Oxu günü”nün illərlə davam edən özünəməxsus ənənəsi də tədbirdə həyata keçirildi. Bu, kitab ətrafında birləşən insanların ruh birliyinin rəmzinə çevrilən fləşmob idi. Tədbirdə iştirak edənlər hər kəs əlində olan kitabları açaraq istənilən bir hissənu ucadan oxumağa başladı. Bu zaman sanki xoş bir zümzümə dinləyirdik. Hər kəs fikrini oxuduğu sətirlərə yönəltmişdi və digər səsləri demək olar ki, eşitmirdi. “Gəlin birgə oxuyaq” adlı fləşmob insanları sanki öz ətrafında sıx birləşdirən bir oxu mədəniyyəti idi.
Tədbir musiqi proqramı ilə öz işini davam etdirdi.
Qeyd edək ki, tədbir növbəti gün də davam edəcək. Həmkarlarımıza, qələm sahiblərinə yeni yaradıcılıq uğurları diləyi ilə
Zeynəb Əliqızı