Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aprelin 28-də Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü tamam olur. Onun tibbi və elmi fəaliyyəti, hər kəs üçün örnək olan mənəvi keyfiyyətləri ehtiramla xatırlanır.
Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdı. O, 1942-ci ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olub və institutu əla qiymətlərlə bitirmişdi. Oftalmologiya elminin sirlərinə dərindən yiyələnmək üçün Moskvaya gedərək Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçmişdi.
1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin geniş yayıldığı rayonlara gedir, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında maarifləndirici söhbətlər aparırdı.
Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma xəstəliyi aradan qaldırıldı.
1967-ci ildən fəaliyyətini Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında davam etdirən Zərifə Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlir, oftalmologiyanın aktual problemləri ilə bağlı tədqiqatlar aparır. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı idi. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradır və elm aləmində peşə oftalmologiyasının əsasını qoyur. Zərifə xanım müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.
Oftalmoloq-alimin uzun illər apardığı tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarda əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verildi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Akademik Zərifə Əliyeva zəngin elmi irs qoyub: 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitləri. “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Gözyaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” – bunlar Zərifə xanım Əliyevanın müəllifi olduğu dərs vəsaitlərinin və monoqrafiyaların heç də tam olmayan siyahısıdır. O, həmçinin iridodiaqnostika və iridoterapiya problemlərini araşdırıb, dünya miqyasında iridodiaqnostikaya aid ilk kitabları yazıb.
Görkəmli oftalmoloqun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsəri həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamlarına, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı roluna, tibb işçilərinin təhsil və davranışına həsr olunub.
Zərifə xanımın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdi. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Zərifə xanım insanların gözlərinə nur bəxş etmiş həkim-oftalmoloq, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır.
Ramiz Nurullayev