Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Uzun mübahisədən sonra Ermənistan və Gürcüstan arasında dövlət sərhədinin demarkasiyası prosesinin başa çatdırılması ilə bağlı razılıq əldə olunub. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəd xidmətinin yaradılması gününə həsr olunmuş tədbirdə çıxışı zamanı məlumat verib. Paşinyanın sözlərinə görə, tərəflər sərhəd məsələsinin yekunlaşdırılması ilə bağlı artıq ortaq mövqeyə gəliblər. O bildirib ki, Gürcüstanla aparılan danışıqlar nəticəsində demarkasiya prosesinin tamamlanması barədə razılaşma əldə edilib. Qeyd edək ki, Ermənistan və Gürcüstan sərhədin delimitasiya və demarkasiyası məsələsini 1992-ci ildən, SSRİ-nin dağılmasından sonra müzakirə edir. 1996-cı ildən bu istiqamətdə xüsusi komissiyalar fəaliyyət göstərsə də, proses uzun müddət passiv şəkildə davam edib.
Nikol Paşinyan hələ 2024-cü ilin yanvar ayında, Tbilisi şəhərinə səfəri zamanı bəyan etmişdi ki, Gürcüstan və Ermənistan dövlət sərhədinin delimitasiya prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər. Həmin ilin mart ayında məlum olmuşdu ki, Ermənistan sərhədin demarkasiyası çərçivəsində Gürcüstana iki ölkə sərhədində, Ermənistanın Lori vilayətinin Alaverdi rayonunda yerləşən Cilizə kəndini qaytarmağı planlaşdırır. Bir ay sonra, apreldə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan mediaya bildirmişdi ki, Ermənistan və Gürcüstan hökumətləri dövlət sərhədinin delimitasiyası üzrə işlərin bərpası barədə razılığa gəliblər. O həmçinin qeyd etmişdi ki, qonşu ölkələrlə sərhəd delimitasiyasının məntiqi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında onun bərpasıdır. Həmin bəyannamədə keçmiş sovet respublikalarının ərazi bütövlüyü 1991-ci il sərhədləri çərçivəsində tanınır.
Qeyd edək ki, Ermənistan–Gürcüstan dövlət sərhədinin ümumi uzunluğu 224 kilometr təşkil edir.