Əsas məzmuna keç

Ermənistanda ABŞ kəşfiyyatçıları var?- Zəngəzur dəhlizi ilə bağlı ilginc iddia var!

İranın TRIPP layihəsinə qarşı sərt mövqeyi Cənubi Qafqazda geosiyasi rəqabəti yenidən gündəmə gətirib. İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin layihəni Tehran üçün “qırmızı xətt” adlandırması və ABŞ-nin bu xətti keçəcəyi təqdirdə sərt cavab veriləcəyini bildirməsi regionda mümkün gərginliklə bağlı suallar yaradıb. ABŞ-nin iştirakı ilə reallaşdırılması nəzərdə tutulan bu nəqliyyat layihəsi təkcə iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır.

Bəs İranın təzyiqləri TRIPP layihəsinin reallaşmasına mane ola bilərmi? Layihə həyata keçirilərsə, Tehranın vəd etdiyi “sərt cavab” hansı formalarda özünü göstərə bilər? Bu proses Cənubi Qafqazda yeni geosiyasi qarşıdurma riskini artırırmı?

Mövzu ilə bağlı tezadlar.az -a açıqlama verən politoloq Azad Məsiyev qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı indiyədək iki mühüm sənəd imzalanıb: “Birinci sənəd 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanatdır. Həmin sənəddə nəqliyyat kommunikasiyalarının açılması və Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqənin təhlükəsizliyinə zəmanət verməsi nəzərdə tutulurdu. Bu prosesə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti nəzarət etməli idi. Lakin Ermənistan uzun müddət bu öhdəliyi yerinə yetirmədi və prosesi uzatdı. Nəticədə Zəngəzur dəhlizinin idarə olunması və təhlükəsizliyi məsələsi yeni müstəviyə keçdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalarla bu istiqamətdə yeni yanaşma formalaşdı və ABŞ-nin himayəsi altında TRIPP layihəsinin həyata keçirilməsi məsələsi gündəmə gəldi. Artıq Ermənistan baş nazirinin həyata keçirdiyi siyasət qlobal güclərin regiondakı maraqlarının toqquşmasına səbəb olur. Belə bir rəqabət təbii olaraq qarşıdurma riskini artıra və regionda sabitliyin pozulması ilə nəticələnə bilər. Ümumilikdə, Zəngəzur dəhlizi Orta Dəhlizin bir qolu kimi mühüm geoiqtisadi layihədir. Nəqliyyat infrastrukturu dünya iqtisadiyyatının ayrılmaz hissəsidir. Lakin ABŞ-nin bu 42 kilometrlik ərazidə nəzarət və iştirak əldə etməsi təkcə iqtisadi maraqlardan qaynaqlanmır, burada siyasi maraqlar da mühüm rol oynayır. Bu, həm Rusiyaya, həm də İrana ünvanlanan mesajdır ki, ABŞ artıq Cənubi Qafqazda mövcuddur və regionun iqtisadi-siyasi proseslərində söz sahibi olmaq niyyətindədir. ABŞ-nin regiona daxil olması və burada öz maraqlarını irəli sürməsi təbii olaraq regional dövlətlərin maraqlarının toqquşmasına gətirib çıxarır. Bildiyiniz kimi, ABŞ, xüsusilə də Prezident Donald Tramp administrasiyası İranla münasibətlərdə sərt siyasət yeridir. İranla ABŞ arasında hərbi qarşıdurma və gərginlik də bu münasibətləri daha da mürəkkəbləşdirib. ABŞ-nin Ermənistan üzərindən regionda mövqelərini gücləndirməsi İranın strateji maraqlarına toxunur. Unutmamalıyıq ki, uzun müddətdir Ermənistanda ABŞ-nin diplomatik və təhlükəsizlik strukturları ilə bağlı fəaliyyəti mövcuddur. Mənim qənaətimə görə, ABŞ bu ölkədəki mövcud imkanlarından İran istiqamətində kəşfiyyat fəaliyyəti üçün də istifadə edir”.

Politoloq qeyd edib ki, Ermənistandakı ABŞ səfirliyində çalışan əməkdaşların sayının 2700-3000 civarında olduğu bildirilir: “Bu qədər böyük diplomatik kontingentin kiçik bir dövlətdə fəaliyyət göstərməsi müəyyən suallar doğurur. Mən hesab edirəm ki, həmin əməkdaşların bir hissəsinin ABŞ-nin təhlükəsizlik və kəşfiyyat strukturları ilə əlaqələrinin olması ehtimalı istisna edilə bilməz. Bu fəaliyyətin İran istiqamətində kəşfiyyat məlumatlarının əldə edilməsinə xidmət etdiyini düşünürəm. Son hərbi əməliyyatlar da kəşfiyyat məlumatlarının əhəmiyyətini bir daha göstərdi. ABŞ və İsrailin İran ərazisində həyata keçirdiyi əməliyyatlar zamanı yüksək dəqiqlikli məlumatlardan istifadə olunması, strateji obyektlərin və yüksək vəzifəli şəxslərin hədəfə alınması kəşfiyyat imkanlarının rolunu ön plana çıxardı. Hesab edirəm ki, bu proseslərdə Ermənistan üzərindən aparılan fəaliyyətin də müəyyən rolu ola bilər. Bu baxımdan, ABŞ-nin Zəngəzur dəhlizi istiqamətində mövcudluğunu gücləndirməsi və regionda möhkəmlənməsi, təbii ki, İranın strateji maraqlarına uyğun deyil. İran da çalışır ki, Ermənistana müxtəlif formalarda təzyiq göstərməklə ABŞ-nin regiondakı nüfuzunu zəiflətsin. Lakin proseslər göstərir ki, Nikol Paşinyan hökumətinin siyasəti Ermənistanın ABŞ maraqlarına uyğun mövqe tutduğunu nümayiş etdirir. Bu da Zəngəzur dəhlizinin ABŞ-nin himayəsi altında reallaşdırılması ehtimalını gündəmə gətirir. İranın Ermənistana təzyiqlərinin səbəblərindən biri də məhz ABŞ-nin regionda möhkəmlənməsi və siyasi təsir imkanlarını genişləndirməsidir. Eyni zamanda, İran Zəngəzur dəhlizinin əvəzinə Araz dəhlizinin fəaliyyətə başlamasında maraqlıdır. Araz dəhlizinin reallaşması İranın iqtisadi maraqlarına daha çox uyğun gəlir. Çünki bu marşrut işə düşərsə, Orta Dəhlizin bir hissəsinin İran ərazisindən keçməsi mümkün olacaq. Bu isə Tehrana həm iqtisadi imkanlar, həm də əlavə siyasi təsir rıçaqları qazandıra bilər. Məhz buna görə də İran Zəngəzur dəhlizindən daha çox Araz dəhlizinin işlək vəziyyətə gətirilməsinə çalışır. Beləliklə, öz iqtisadi və siyasi maraqlarını təmin etməyə cəhd göstərir. Ümumilikdə, həm Rusiya, həm də İran Zəngəzur dəhlizinin ABŞ-nin himayəsinə verilməsində maraqlı deyil. Buna görə də hər iki ölkə diplomatik kanallar vasitəsilə öz etirazlarını bildirir. Rusiya rəsmilərinin üçtərəfli bəyanatın hələ də qüvvədə olduğunu açıq şəkildə bəyan etməsi də Ermənistana ünvanlanmış siyasi mesajdır. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, Moskva həmin nəqliyyat marşrutunda öz maraqlarının qorunmasını istəyir. Hesab edirəm ki, ABŞ-nin həyata keçirdiyi siyasət qlobal güclərin maraqlarının toqquşmasına gətirib çıxarır. Bu rəqabət isə regionda siyasi sabitliyin pozulması riskini artırır. ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsi nə İranın, nə də Rusiyanın maraqlarına uyğundur. Ona görə də İran hər vəchlə Zəngəzur dəhlizinə qarşı mövqeyini ortaya qoyur və bu marşrutun özünün qırmızı xətti olduğunu Ermənistana çatdırmağa çalışır”.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…