Ölkəmizin ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan 8 Noyabr – Zəfər Günü münasibətilə noyabrın 6-da Baş Prokurorluqda tədbir keçirilib.
Əvvəlcə Baş Prokurorluğun rəhbər heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib. Baş Prokurorluqdan tezadlar.az-a verilən məlumata görə, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Dövlət Himni səsləndirilib.
Ardınca Baş prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarını, veteranları və xalqımızı bayram münasibətilə təbrik edib.
Baş prokuror çıxışında Zəfər Gününün Azərbaycan xalqının milli qürurunun, dövlətimizin qüdrətinin, suverenliyinin və tarixi ədalətin bərpasının rəmzi olduğunu vurğulayıb.
Bildirilib ki, bu tarixi Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artırılması, müasir ordu quruculuğu, müstəqil siyasət və xalqımızın birliyi nəticəsində mümkün olub. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və iqtisadi müstəqilliyin əsaslarının yaradılması gələcək Zəfərin möhkəm təməlini formalaşdırıb.
Baş prokuror 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin xalqımızın həmrəyliyinin və milli iradəsinin təntənəsi olduğunu, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpa edildiyini diqqətə çatdırıb.
Zəfərdən sonrakı dövrə toxunularaq Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, Böyük Qayıdışın təmin edilməsi, tarixi-mədəni irsimizin qorunması və mina təhlükəsinin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.
Baş prokuror Vətən müharibəsi dövründə prokurorluq əməkdaşlarının mürəkkəb şəraitdə xidməti vəzifələrini layiqincə yerinə yetirərək qanunçuluğun təmin olunmasına töhfə verdiklərini qeyd edib. Həmçinin Ermənistanın təcavüzü və işğal dövründə törədilmiş cinayətlərlə bağlı toplanmış sübutlar əsasında keçmiş qondarma rejimin bir sıra “rəhbər” şəxslərinin cinayət məsuliyyətinə cəlb olunduğunu və layiqli cəzaya məhkum olunduqlarını vurğulanıb.
Bundan başqa, çıxışda Zəfərlə əldə olunmuş tarixi nailiyyətlərin qorunması, işğaldan azad edilmiş ərazilərdə qanunçuluğun və ictimai təhlükəsizliyin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin prokurorluq orqanlarının mühüm vəzifələri olduğu diqqətə çatdırılıb.
Daha sonra prokurorluğun veteranı Munis Abuzərli çıxış edərək Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, tarixi Qələbənin əldə olunmasında dövlətimizin qətiyyətli siyasətindən və Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs edib, prokurorluğun xidmət ənənələrinin qorunmasının vacibliyini vurğulayıb.
Vətən müharibəsi iştirakçısı, Nizami rayon prokurorluğunun müstəntiqi Orxan Babayev isə çıxışında Vətənin müdafiəsində iştirak etməyin onun üçün böyük qürur olduğunu bildirərək, prokurorluq orqanlarında insan hüquq və azadlıqlarının qorunması və qanunçuluğun təmin edilməsi istiqamətində xidmət göstərməyin şərəf və məsuliyyətindən danışıb.
Sonda Azərbaycan Televiziyası tərəfindən Vətən müharibəsinə və qazanılmış şanlı Zəfərə həsr olunmuş “Qızıl payız” sənədli filmi nümayiş etdirilib.












