28 Aprel 2026 / 20:15

Avropa Parlamenti deputatı Qətər aviasiya sazişinə yenidən baxılmasını təklif edib

Avropa Parlamentinin deputatı Daniel Freund bildirib ki, Avropa Komissiyasının sabiq yüksək vəzifəli məmuru ilə bağlı korrupsiya şübhələri fonunda Avropa İttifaqı (Aİ) ilə Qətər arasındakı aviasiya sazişinə yenidən baxılmalı və ya razılaşma dayandırılmalıdır.

Tezadlar.az xəbər verir ki, D. Freund bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasındakı dinləmələr zamanı bildirib.

Aİ-nin 2024-cü il büdcəsinin icrasına dair hesabatın müzakirəsi çərçivəsində çıxış edən Freund qeyd edib ki, işdən çıxarılan Henrik Hololey ətrafındakı vəziyyət presedentsizdir. Onun sözlərinə görə, bu, Avropa Komissiyasının nalayiq davranış ittihamları fonunda belə bir yüksək vəzifəli dövlət qulluqçusunu faktiki olaraq kənarlaşdırdığı ilk haldır.

Freund vurğulayıb ki, Qətərlə “açıq səma” sazişi üzrə danışıqlarda məhz Hololey iştirak edib. Bununla əlaqədar deputat sazişin məmur tərəfindən ehtimal olunan rüşvət alınmasının təsiri altında bağlanmış ola biləcəyindən narahatlığını ifadə edib.

“Əgər razılaşmanın korrupsiya nəticəsi olduğunu güman etməyə əsaslar varsa, biz sadəcə olaraq onun tətbiqini davam etdirə bilmərik”, – o bildirib və əlavə edib ki, Avropa Parlamenti istintaq başa çatana qədər razılaşmanın dayandırılması imkanını nəzərdən keçirməlidir.

Freund qeyd edib ki, vəziyyət təkcə daxili araşdırma deyil, həm də Aİ-nin artıq qüvvədə olan beynəlxalq razılaşmaları üçün nəticələrin siyasi qiymətləndirilməsini tələb edir.

Qeyd edək ki, Avropa Komissiyasında mobillik və nəqliyyat məsələləri üzrə baş direktor vəzifəsində işləmiş Hololey aviasiya sazişi üzrə danışıqların aparıldığı dövrdə Qətər nümayəndələrindən xərcləri ödənilmiş səfərləri qəbul etməsi barədə xəbərlərdən sonra qalmaqalın mərkəzində olub.

2021-ci ildə Aİ ilə Qətər arasında bağlanmış “Açıq səma” sazişi aviadaşımaların liberallaşdırılmasına, aviaşirkətlərin bazarlara çıxışının genişləndirilməsinə və rəqabətin gücləndirilməsinə yönəlib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!