28 Aprel 2026 / 19:07

BARAT VÜSAL– İDRAK, İLHAMIYLA UCA ZİRVƏYƏ YÜKSƏLƏN 75 İLLİK ÖMÜR ZİYASI

23 aprel 2026-cı il tarixində Qazax rayonu Ədəbiyyat Muzeyində “Yaxşı ki Qazağın Baratı varmış” adlı yubiley tədbiri keçirildi. Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, şair-publisist Barat Vüsalın 75 illik yubileyinə həsr olunmuş bu əlamətdar gecə sadəcə bir yubiley deyildi. Bu, sözün müqəddəsliyinə verilən dəyərin, poeziyanın əbədiliyinin və idrakla yoğrulmuş bir ömrün təntənəsi idi.

Bu gecədə səslənən hər bir kəlmə sanki zamanın yaddaşına həkk olunurdu. Barat Vüsal yaradıcılığı sözün zahiri gözəlliyindən daha çox, onun batini hikmətini üzə çıxaran bir aləmdir. Onun misralarında tarix danışır, insan taleyi nəfəs alır, mənəvi paklıq isə ilahi bir nur kimi oxucunun ruhuna süzülür. Bu poeziya yalnız oxunmur duyulur, yaşanır və yaddaşlara köçür.

Tədbirin aparıcısı Ağstafa rayon Ədəbi-bədii məclisinin rəhbəri, şair Saqif Qaratorpaq gecəyə xüsusi bir ruh bəxş etdi. Onun duyğulu təqdimatı, sözə həssas münasibəti və məclisi ustalıqla idarə etməsi tədbirə başqa bir gözəllik verirdi.

Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Rəcəb Babaşov Barat Vüsalın Azərbaycan ədəbiyyatındakı mövqeyini yüksək qiymətləndirərək onu milli-mənəvi dəyərlərin sadiq keşikçisi kimi təqdim etdi. O vurğuladı ki, şairin yaradıcılığı xalqın ruhunun poetik ifadəsidir və zamanın sınaqlarından alnıaçıq çıxan nadir söz xəzinələrindəndir.

Yubiley tədbirində millət vəkilləri Səməd Seyidov və Ülviyyə Ağayeva, eləcə də ölkənin müxtəlif bölgələrindən gəlmiş ziyalılar, şairlər, yazıçılar və sözə könül vermiş ədəbiyyatsevərlər saz-söz inciləri iştirak edirdilər. Çıxış edənlər Barat Vüsalın sözə sədaqətini, poeziyasının fəlsəfi dərinliyini və insan qəlbinə təsir edən qüdrətini xüsusi vurğuladılar.

Bu mənəviyyat bayramında Bakıdan Gəncəyə, Şəmkirdən Tovuza, Ağstafadan Qazaxa qədər geniş bir coğrafiyanı təmsil edən qələm sahibləri bir araya gəldi. Bu, Barat Vüsal yaradıcılığının yalnız bir bölgəyə deyil, bütöv bir xalqa məxsus olduğunun bariz sübutu idi.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında qeyd etdi ki, Barat Vüsalın poeziyası zamanın sərt sınaqlarından keçərək saflaşmış, xalqın ruhunu yaşadan və gələcək nəsillərə yol göstərən əvəzsiz ədəbi irsdir.

Gecə boyunca səsləndirilən şeirlər, xatirələr və səmimi fikirlər bir həqiqəti bir daha təsdiqlədi: söz ölməzdir, söz yaşadıqca onu yaradan da yaşayır. Barat Vüsal isə məhz bu ölməz sözün daşıyıcılarından biridir.

Barat Vüsal kimi böyük bir şəxsiyyətin xüsusi dəvətini alaraq bu möhtəşəm gecədə iştirak etmək mənim üçün böyük şərəf və qürur hissi idi. Göstərilən yüksək diqqətə görə böyük sayqı uca hörmət və ehtiramla sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm. Eyni zamanda, Qazax rayon Ədəbiyyat Muzeyinin rəhbəri, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, şair-publisist Barat Vüsala mən də söz dünyasının kiçik bir müsəllah əsgəri olaraq Uca Allahdan möhkəm can sağlığı, bərəkətli və mənalı uzun ömür diləyirəm. Qoy qələmindən doğan nur hələ uzun illər boyu insanlara yol göstərsin, qəlblərə işıq saçsın, dəyərli nur ziya sahibi!

İDRAK İLHAMIYLA NUR SAÇAN İNSAN

Nurani bir müdrik, xisləti təmiz,

Həqiqət eşqiylə çağlayan dəniz,

Ey sadə, səmimi xətri çox əziz,

İdrak ilhamıyla nur saçan insan.

 

Çeşmeyi-Kövsərdi, nurdu kəlməsi,

Sevgi gülşənidir könül nəğməsi,

Lütfü-Kəramətdən paydır gəlməsi,

İdrak ilhamıyla nur saçan insan.

 

Ey hikmət töhfəsi nitqi bəlağət,

Ədəb dünyasında qurub səltənət,

Yazıb yaradaraq hey eylə xidmət,

İdrak ilhamıyla nur saçan insan.

 

Şeyriyət mülkündə uca ad alan,

Sözün qüdrətiylə hey zəfər çalan,

Sənə duaçıdır Zəkiyyə balan,

İdrak ilhamıyla nur saçan insan.

 

Dərin hörmət və ehtiramla: Zəkiyyə Musaqızı,

AJB-nin və AYB-nin üzvü

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!