30 Aprel 2026 / 12:25

Tarix İnstitutu direktorunun cərimələnməsinə səbəbkar olduğu deyilən alim «Təzadlar»a açıqlama verdi…

Azərbaycan Milli Elmlər Akademiyasının A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda son günlər baş verən məlum hadisə barədə ölkə mediasında, o cümlədən «Təzadlar»da informasiyalar yer alıb.

Söhbət institutun direktoru, professor Kərim Şükürovun Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 1000 manat cərimələnməsindən gedir. Direktorun etirazlı açıqlamasından isə bəlli olur ki, institutun 77 yaşlı əməkdaşı Tofiq Həsənov 2025-ci il dekabrın əvvəlində təzyiqinin aşağı düşməsi səbəbilə sanitar qovşaqda özünü pis hiss edib. Bununla bağlı təcili yardım çağrılıb, ailəsinə məlumat verilib, daha sonra Tofiq Həsənov bülletenə çıxıb və nəhayət, institut direktoru cərimələnib. Çıxarılan qərarla razılaşmayan institutun direktoru Kərim Şükürovun bu barədə məhkəməyə müraciət etdiyi barədə məlumat aldıq. Təbii ki, bu direktorun Konstitusion haqqıdır. Bilmirik, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi necə olub ki, məsələni hərtərəfli araşdırmadan belə bir qərar qəbul edib, amma bəlkə də ağsaqqal alim Tofiq Həsənovla bağlı məsələnin institutun daxilində həlli daha vacib idi. Elə K.Şükürovun da mediaya açıqlamasında söylədiyi bu fikir diqqəti çəkir: «…İstitutun direktoru kimi ştat cədvəli üzrə əmək haqqım 1150 manat olduğu halda, aprelin 23-də, hadisədən 5 ay sonra mənə 1000 manat cərimə tətbiq edilib. Çıxarılan qərarla razılaşmıram və bununla bağlı hüquqi mübarizəmi davam etdirəcəyəm, məhkəməyə müraciət etməyi düşünürük”.

«Təzadlar»ın bu  məsələ ilə bağlı iki gün əvvəl  yayımladığı məlumatdan sonra dünən Tofiq Həsənov redaksiyamızla əlaqə saxladı: «…Mən çox istərdim ki, əməkdaşınız bu məlumata həm də mənim fikirlərimi əlavə edərdi. Çünki mən xeyli müddətdir təzyiqlərə məruz qalmaqda idim… İki gündür ki, birtərəfli məlumatlardan belə çıxır ki, bütün baş verənlərin baiskarı mənəm, digərləri  günahsızdır. Mən ömrümü tarix elminə həsr etmişəm, yetərincə xidmətlərim var. Amma bu xidmətlərin əvəzini institutdan görməmişəm… Odur ki, mənim tərəf olaraq danışmaq və fikirlərimi söyləmək haqqım var, bunu nəzərə alıaraq Sizə göndərdiyim bəyanatı yayımlamağınızı xahiş edirəm».

tofiq

Aşağıda «Media haqqında» Qanunun tələblərini nəzərə alaraq T.Həsənovun redaksiyanın elektron poçtuna göndərdiyi Bəyanatını təqdim edirik:

«BƏYANAT

Hörmətli «Təzadlar» qəzetinin redaksiyası və rəhbərliyi! Mən, Həsənov Tofiq Əliş oğlu, ömrümün böyük hissəsini elmə, Azərbaycan elminə və Azərbaycan Milli Elmlər Akademiyasına həsr etmiş bir insanam. Tarix üzrə fəlsəfə doktoru, dosentəm. Uzun illər ərzində elmi fəaliyyətlə məşğul olmuş, 100-dən artıq elmi məqalənin müəllifi olmuşam, müxtəlif elmi mükafat və təltiflərə layiq görülmüşəm.

Bu yaşımda, ömrümün ahıl çağında adımın mətbuatda və sosial şəbəkələrdə belə xoşagəlməz bir hadisə ilə bağlı hallandırılması məni dərindən sarsıtdı. Xüsusilə qeyd etmək istəyirəm ki, şəxsi məlumatlarımın, səhhətimlə bağlı vəziyyətin və başıma gələn hadisənin ictimailəşdirilməsinə razılıq verməmişəm. Çox təəssüf edirəm ki, institut rəhbərliyi mənim şəxsi vəziyyətimlə bağlı məlumatların yayılmasına yol vermişdir. Bu, mənim fikrimcə, əməkdaşa, xüsusilə də ömrünü elmə həsr etmiş yaşlı bir alimə münasibətin acı göstəricisidir.

Hadisə baş verən gün səhhətim qəfil pisləşmiş, huşumu itirərək yıxılmışam. Təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılmışam. Bu, mənim üçün yalnız fiziki deyil, həm də mənəvi baxımdan ağır bir hadisə idi. Yaşımın bu çağında belə bir vəziyyətlə üzləşmək, sonra isə adımın müxtəlif yazılarda hallandırıldığını görmək mənim üçün son dərəcə ağrılıdır. Hazırda da səhhətimlə bağlı problemlər davam edir və mən hələ də xəstəlik vərəqəsindəyəm. Buna baxmayaraq, bütün bu müddət ərzində institut rəhbərliyi tərəfindən səhhətimlə bağlı heç kim maraqlanmayıb. Mən yaşlı bir insanam, bacımla yaşayıram. Bu ağır günlərdə bacımdan və bir neçə həmkarımdan başqa, demək olar ki, diqqət və qayğı görmədim.

Xüsusilə qeyd etmək istəyirəm ki, hadisədən sonra bacım xəstəxanaya gələrək səhhətimlə maraqlanmış, vəziyyətimin nisbətən sabit olduğunu gördükdən sonra institutda qalan şəxsi əşyalarımı- üst geyimimi və telefonumu götürmək üçün Tarix və Etnologiya İnstitutuna getmişdir. Çünki məni təcili yardım apardığı üçün həmin əşyalar kabinetdə qalmışdı. Təəssüf ki, bacım institutda direktor müavini İlqar Niftəliyev tərəfindən kobud və etinasız münasibətlə qarşılaşmışdır. Uzun illər həkim işləmiş, ziyalı bir insan olan bacım bu münasibətdən çox sarsılmışdır. Təsəvvür edirsinizmi, bir neçə gün öncə isə öyrəndim ki, evdə ağır vəziyyətdə olduğum halda institut rəhbərliyi tərəfindən barəmdə növbəti dəfə töhmət verilmişdir. Bu xəbər mənim üçün xüsusilə ağır oldu. Mən öz səhhətimin pisləşməsi barədə şəxsən məlumat vermişdim. Buna baxmayaraq, evdə xəstə olduğum, hələ də müalicə aldığım bir vaxtda barəmdə intizam tədbiri görülməsi insani baxımdan mənə çox ağrılı təsir etdi.

Bəli, mən artıq ahıl yaşdayam. Ola bilsin ki, kimlərsə hesab edir ki, mənim artıq evdə oturmağım daha məqsədəuyğundur. Ola bilsin ki, yaşlı alimlərin fəaliyyəti kimlərəsə artıq yük kimi görünür. Amma bunu insana bu qədər kobud, soyuq və hörmətsiz şəkildə hiss etdirmək olarmı? Ömrünü elmə vermiş bir insanla belə davranmaq nə dərəcədə doğrudur? Mən illərlə bu elm ocağına bağlı olmuşam. Akademiyanın, institutun adını öz adım kimi qəbul etmişəm. Bu gün isə ən çətin anımda özümü tək, müdafiəsiz və unudulmuş hiss edirəm. Mənim istəyim nə münaqişə yaratmaqdır, nə də kimisə ittiham etmək. Sadəcə olaraq, yaşlı bir alim kimi mənə qarşı insani münasibət göstərilməsini, şəxsi məlumatlarımın və səhhətimlə bağlı məsələlərin razılığım olmadan ictimailəşdirilməməsini istəyirəm.

Elm yalnız məqalələrdən, hesabatlardan, planlardan ibarət deyil. Elm həm də insanlıqdır, ləyaqətdir, yaşlı alimə hörmətdir, onun əməyinə verilən qiymətdir. Mən bu bəyanatı böyük təəssüf hissi ilə yazıram. Arzu edərdim ki, ömrümün bu çağında adım elmi fəaliyyətimlə, xidmətlərimlə, Azərbaycan elminə verdiyim töhfələrlə xatırlansın, belə xoşagəlməz hadisələrlə deyil.

Hörmətlə,
Həsənov Tofiq Əliş oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent».

REDAKSİYADAN: Azərbaycan Milli Elmlər Akademiyasının A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan bu bəyanatın məzmun və mahiyyəti ilə bağlı mövqe olarsa, dərc etməyə hazırıq.

«Təzadlar»

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!