5 may Azərbaycan kino və teatr sənətinin görkəmli sənətkar – rejissor, aktyor, pedaqoq, Xalq artisti Adil İsgəndərovun (1910-1978) doğum günüdür.
Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. O, Teatr Texnikumunda və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı.
Tezadlar.az xəbər verir ki, 1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmir bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçilir və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaradır. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını “Adil İsgəndərov teatrı” adlandırırdılar. Rejissor debütü olan “Polad qartal” tamaşası ilə böyük uğur qazanan istedadlı rejissor bir-birinin ardınca “Həyat”, “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Otello” və s. əsərləri tamaşaya qoyaraq, səhnəyə yeni nəfəs, yeni ruh gətirir.
Xalqını sevən və xalqın sevdiyi Adil İsgəndərov “O olmasın, bu olsun”, “Qara daşlar”, “Bir məhəllədən iki nəfər”, “Uzaq sahillərdə”, “Leyli və Məcnun”, “Əmək və qızılgül”, “Romeo mənim qonşumdur”, “İyirmialtılar”, “Qanun naminə”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə”, “Üzü küləyə”, “Məhəbbətim mənim, kədərim mənim” filmlərində və “Zəncirlənmiş adam” qısametrajlı filmdə çəkilmiş, “Əhməd haradadır?” filminin rejissoru olmuşdur.
Kinoda aktyorun yaratdığı obrazlar içərisində “Qanun naminə” filmindəki Kamilov, “Axırıncı aşırım” filmində Kərbalayi İsmayıl xüsusilə seçilən rollarından olub.
Sənətkar 1966–1974-ci illərdə C. Cabbarlı adına “Azərbaycan” kinostuduyasına da rəhbərlik edib.
Adil İsgəndərov 1978-ci ildə – 68 yaşında ürək çatışmazlığından vəfat edib. II Fəxri Xiyabanda dəfn edilib.
Y.Məmmədli