Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Gürcüstan Səhiyyə Nazirliyi sosial cəhətdən həssas və çoxuşaqlı ailələr üçün elektrik enerjisi subsidiyasını artırıb. Dəyişikliyin məqsədi yeni tariflər tətbiq olunsa da, həmin ailələr üçün elektrik xərclərinin sabit saxlanılmasıdır. Tezadlar.az Gürcüstanın İMEDİ kanalının saytına istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Qərara əsasən, sosial reytinq balı 70 000-dən aşağı olan ailələrə əlavə 5 tetri subsidiya veriləcək. Beləliklə, onlar ümumilikdə 1 kVt/saat üçün 8.5 tetri həcmində dəstək alacaqlar. Bu göstərici əvvəl 3.5 tetri olub. Reytinq balı 70 000-dən yuxarı, lakin 150 000-dən aşağı və ya ona bərabər olan ailələr isə 200 kVt/saat elektrik enerjisi üçün 1 kVt/saat başına 8.5 tetri subsidiya alacaqlar. Bu da əvvəlki 3.5 tetri göstəricisi ilə müqayisədə artım deməkdir.
Qeyd olunur ki, bu dəyişikliklər Tbilisi istisna olmaqla, ölkə üzrə bütün benefisiarlara şamil olunur. Çoxuşaqlı ailələr üçün də dəstək artırılıb. Yeni qaydaya əsasən, bu statusa malik ailələr əlavə 10 lari subsidiya alacaqlar. Beləliklə, onlar əvvəlki 20 lari əvəzinə 30 lari dəstək əldə edəcəklər. Hər əlavə uşaq üçün isə əlavə 10 lari dəstək nəzərdə tutulur.
Qərarın artıq qüvvəyə mindiyi və 1 aprel tarixindən etibarən icra olunduğu bildirilib.
Azərbaycanda isə sosial həssas ailələrə illik adambaşına ünvanlı sosial yardım verilir. 2025-ci ildə bu yardımı alanların sayı 335 min ailə üzvündən (75 min ailə) çox olub.
A.Məmmədli