5 May 2026 / 23:15

Fariz Rzayev: Azərbaycan və Polşa arasında siyasi dialoq davamlı inkişaf edir

Azərbaycan və Polşa arasında siyasi dialoq davamlı dinamika nümayiş etdirir.

Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Polşa Konstitusiyasının qəbul edilməsinin 235-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı təmaslar müntəzəm xarakter daşıyır və əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edir.

“Polşa-Azərbaycan parlament dostluq qrupunun nümayəndə heyəti ölkəmizə səfər edib. Hökumətlərarası komissiyanın növbəti iclası və konsulluq məsləhətləşmələri keçirilib. Bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı olub. Bütün bunlar əməkdaşlığımızın ardıcıl və məqsədyönlü inkişafını təsdiqləyir”, – o qeyd edib.

Rzayev vurğulayıb ki, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində təhsil, mədəniyyət və elm sahələrindəki mübadilələr mühüm rol oynayır.

O, birgə səylər sayəsində Azərbaycan və Polşa arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin hər iki dövlətin və xalqın rifahı naminə bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduğunu qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!