14 May 2026 / 12:02

YASAMAL RİH-NİN MƏMURLARI TANINMIŞ VƏKİLİN EVİNİ ZORLA SÖKÜR!

…50-ci illərdə Şəkidə erməni kilsəsi və keşişi olanda kilsənin yanında kiçik masanın üstündə balaca kisələrdə ədviyyat, yəni istiot, sumax, darçın, zəncəfil, kişniş toxumu, sarıkök, mixək və s. satan Sadıq adlı şəkili olub. Həmin vaxtlar limon tapmaq çətin imiş, çünki hamı belə hesab edirmiş ki, limonu becərmək çətindir, çünki subtropik bitkidir. Necə olubsa Sadıq haradansa bir limon tapıb mixək kisəsinin üstünə qoyubmuş. Keşiş kilsədən çıxıb evə gedəndə Sadığın yanından keçir, onunla salamlaşır və görür ki, mixək torbasının üstündə bir limon da var. Keşişlə Sadıqın arasında belə bir söhbət olur:
“Keşiş: – A Sadıq, habu limonu neçiyə verirsən?
Sadıq: Keşiş ağa, 7 qəpiyə.
Keşiş: Ə, 7 qəpiyə də limon olar? Bir yönnü qiymət de, alax da..
Sadıq: Keşiş ağa, mən 7 qəpiyə deyirəm, sən nə deyirsən?
Keşiş: Ə, da sən nə dedin ki, mən nə diyəm, bir yönnü qiymət de daa.
Sadıq: Keşiş ağa, alverin qaydası var, satan bir qiymət deyər, alan bir qiymət diyər, razılığa gəlib halallaşarlar. Mən diyirəm 7 qəpiyə, sən deyirsən?
Keşiş: Ə, da sən nə dedin ki, mən nə diyəm (görünür keşiş qiyməti baha hesab edirmiş)
Sadıq: Keşiş ağa ya limonun 7 qəpiyini ver apar, ya da müftə apar, halalın olsun, camaatı başımıza yığma, diyərlər ki, Sadıq keşişə hörmətsizlik eliyir.
Keşiş: Ə, puluma noolutdu ki, pulumu verib aliciyəm, sən bir yönnü qiymət di daa..
Sadıq: Keşiş ağa, ay ağroo alım, mən diyirəm 7 qəpiyə, sən nə diyirsən?
Keşiş: Ə, da sən nə didin ki, mən nə diyəm, a Sadıq?
Sadıq: Keşiş ağa, mən diyirəm səən arvadın filan-filan olsun, sən nə diyirsən?!!!
Keşiş: Ə, ağzoo təmiz saxla, axmağın biri axmaq, səən də arvadın filan-filan olsun!
Sadıq: Ay sağool, qardaş bu qiymətə də məndə limon yoxdu!”.
***
İndi fikirləşirəm ki, Yasamal RİH məmurlarının şəkili Sadıq qədər ədaləti, insafı, mərifəti yoxdu. Sadıq heç olmasa limon alverində keşişin də fikrini öyrənmək istəyirdi ki, mən limonu 7 qəpiyə satıram, de görək sən nə vermək istəyirsən? Mənim yaşadığım Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov adlanan ərazidə evlər sökülür. Söküntüdə Yasamal Rayon İcra Hakimiyyəti alıcı qismində iştirak edir. Söküntünün məqsədi bilinmir, deyirlər ki, guya bu evlərin yerində park salınacaq, ona görə də bizim evləri sökürlər. Azərbaycan Respublikasının qanunvericiliyində dövlət vətəndaşının torpağını dövlət ehtiyacı üçün ala bilər, amma evlərin sökülməsi adında heç nə yoxdur. Ölkəmizdə cənab Prezidentimizin 27 may 2010-cu il tarixdə imzaladığı “Torpaqların (evlərin yox haa, torpaqların) Dövlət Ehtiyacları üçün alınması Haqqında” Qanun var. Həmin Qanunun 3-cü maddəsində göstərilir ki, torpaqların alınmasına əsas verən dövlət ehtiyacları aşağıdakılardır.
“1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;
2. sərhədboyu zolaqda dövlət sərhəddinin etibarlı mühafizəsinin təmin edilməsi;
3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;
4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi;
5. dəniz limanının ərazisinin artırılması;
6. dövlət mülkiyyətində olan hava limanlarının və ya aerodromlarının genişləndirilməsi və ya yeni hava limalarının və aerodromların inşası”.
  Qanunun 5-ci maddəsində göstərilir ki, dövlət ehtiyacları üçün xüsusi mülkiyyətdə və bələdiyyə mülkiyyətində olan torpaqlar dövlət ehtiyacı üçün alına bilər. Həmin Qanunun 31-ci maddəsində göstərilir ki, torpağı alan orqan, yəni Yasamal İcra Hakimiyyəti torpaq sahibinə torpağın danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılıq barədə bildiriş göndərir. Həmin maddənin 31.2.1-ci maddəsinə görə torpağı alan torpaq mülkiyyətçisinə göndərdiyi bildirişdə torpağın satın alınmasının məqsədini də göstərməlidir.
İndi bu “alan” oğru kəs mənə nə bildiriş göndərib, nə də mənim torpağımı nə məqsədlə alır onu demir, bildirmir, nə də mənimlə görüş keçirmir.
Həmin Qanunun 32 maddəsində göstərilir ki, alınan torpaqlar, yəni evi sökülənlərə münasibətdə mənzillərinin dəyərləri bazar qiyməti ilə qiymətləndirilir. Həmin Qanunun 58-ci maddəsində “Bazar qiyməti”nin nə olduğu izah edilir. Həmin izahda göstərilir ki, mənim evimin bazar qiyməti evimin yerləşdiyi ərazinin 100 m radiusunda yerləşən evlərin dəyəri ilə müqayisələndirilərək qiymətləndirilir. Yəni, mənim evimdən 100 m aralıda yerləşən təmirli evin hər kv.m-i neçəyə satılırsa, həmin ərazidə 3 belə mənzilin hər kv.m-nin satış qiyməti müəyyən edilir və həmin qiymətlər toplanıb 3-ə bölünür, orta qiyməti çıxarılır və mənim evimin hər kv.m-nə o qədər pul verilir. Lakin Yasamal RİH qanunun tələblərinə riayət etmir, mənə deyir ki, sənin evinin hər kv.m-ni 2700 manata alıram, çıx!
Məndən soruşmur ki, sən neçəyə satırsan? Ona görə deyirəm ki, şəkili Sadığa Allah rəhmət eləsin. O təkidlə keşişin fikrini öyrənmək istəyirdi ki, sən limona nə verə bilərsən?
Görəsən hakimiyyət niyə belə edir? İmkansız vətəndaşlarının haqqını niyə tapdalayır?
 Fikrimcə, Yasamal RİH çox təhlükəli bir addım atır. “Mən sizin evlərin yerində park salıram” adıyla şəhərin kasıb, oborigen əhalisini bu yolla sıxışdıraraq şəhərin mərkəzindən çıxarmaq, şəhərin mərkəzini, gözəl yerlərini bu məmurlar özləri, övladları, qohum-əqrəbaları üçün boşaltmaq istəyir. Axı Qanunda şəhərdə park salmaq üçün əhalini zorla köçürmək nəzərdə tutulmayıb. Hakimiyyətdə olmalarından istifadə edərək Dövlətin əmlakını mənimsəyənlər cinayət yolu ilə əldə etdikləri pullar hesabına Bakı şəhərini istila etməyə başlayıblar, bizi ona görə şəhərdən qovurlar. Bizdən iyrənirlər, avtobusda, metroda getdiyimizdən bizi bəyənmirlər ki, aralıda dur, səndən tər iyi gəlir.
***
Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin III hissəsində göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Bu məmurlar isə mənim mülkiyyətimi öz istədiyi qiymətə almaq zoru tətbiq etməklə mənim mülkiyyət hüququmu pozur. Konstitusiyamızın 29-cu maddəsinin II hissəsində göstərilir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qanunun 32-ci maddəsində göstərilir ki, şəxsin mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.
Konstitusiyanın 68-cli maddəsinin I hissəsində deyilir ki, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən, vicdanlı davranışına hüququ vardır.
İndi görün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 164-cü maddəsi evi əlindən alınanlara hansı hüququ verir. Məcəllənin 164.1-ci maddəsində göstərilir ki, “sahibin (yəni mənim, ev sahibinin) iradəsi olmadan (yəni razılığı olmadan) sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin (yəni ev sahibinin) qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır”.
 Mənim də o qədər gücüm yoxdur, gərək qonşular kömək edə, onların da çoxu qovulub kəndlərə. İndi Yasamal RİH rəsmiləri  bir ekskovatoru gətirib dirəyib mənim pilləkənimə ki, evi boşalt. Baxıram ki, sükan arxasında oturan da mənim kimi tər iyi verəndir. Mənim evimi əlimdən alan o deyil, məmurdur. Ekskovatorun arxasına keçirəm ki, bəlkə o məmuru görəm və ona deyəm ki,  “ayə, niyə mənim mülkiyyətimdən istifadə etməyimə qadağan olunmuş özbaşınalıq edirsən”.
 Görürəm ki, məmur yoxdur, mənim o tər iyi gələn qardaşımı irəli salıb, özü gizlənibdi, yoxdu. İstəyir ki, biz iki qardaş bir-birimizi qıraq, məmurun da işi düzəlsin.
Çox xahiş edirəm, o məmuru görsəniz yerini mənə deyin. Qorxmayın, sizi satmaram. Məmuru tapa bilmədiyimə görə də cənab Baş Nazirimiz Əli Əsədova deyirəm ki, “Ay qurbanınız olum, ay başınıza dönüm, Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsində cənab Prezidentin belə andı var ki, “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən: 1) Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə; 2) Dövlətin müstəqilliyini və 3) Ərazi bütövlüyünü qoruyacağıma; 4) Xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
Canım Prezidentim bu andın 3 bəndinə görə Sizə intəhasız sevgimizi və sayqılarımızı bildiririk. 4-cü bəndi də bu məmurlar nəzərə alsalar, bizim evimizi zorla sökə bilməzlər, axı Siz bizim hüquqlarımızın təminatçısı Ölkə rəhbəridir. Onun qəzəbindən qorxun!
İkram Abdullayev,
Vəkil
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!