Bir müddət əvvəl SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinməsi barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə APA-ya müsahibəsində demişdi… İndi məlum olur ki, hətta SAT imtahanlarının cavabları satışa da çıxarılır. Tanınmış siyasətçi-analitik Razi Abasbəyli yazır: “…Pul verib 1600 ballıq sistem üzrə 1550 toplayırdılar. Bəlli adamlar, bəlli kurslar SAT suallarını satırdılar. Sonra da o “imtahan qaliblərini” reklam panolarına qoyub gözümüzü deşirdilər. Sən demə bu 1600 SAT “qalibləri” heç “iki eşşəyin arpasını” da bölə bilmirmiş. İşin üstü açılanda isə getmədilər Avropaya, dedilər burda ADA-ya gedək. Çünki keçən il Avropa qadağa qoydu bu fırıldaqçılara. İndi SAT-la İELTS-lə oxuyurlar bu pulla imtahan alanlar. Ölkənin nifuzunu yerlə bir etmək üçün hər şey edirlər…”.
***
Bu da SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinməsi barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin müsahibəsindən sitat:
“…Məsələn, SAT imtahanında – hansı ki ingilis dilindədir və orada riyaziyyatdan maksimum 800 bal toplamaq olar, oxu və yazı ilə birlikdə ümumi bal 1600-dür, ancaq 1500-dən yuxarı nəticə göstərən şəxs bizim buraxılış imtahanında təxminən 20-30 bal nəticə göstərir. Bu isə mümkün deyil. Çünki SAT-də olan riyaziyyat daha mürəkkəbdir və bu nəticə fərqi normal görünmür. Ona görə də biz SAT imtahanları ilə bağlı müvafiq beynəlxalq təşkilatlara ciddi narazılığımızı bildirmişdik. Azərbaycanda yalnız bir universitet SAT imtahanı nəticəsi ilə tələbə qəbul edir. Onlar da artıq bu ildən şərt qoyublar ki, SAT-dan müəyyən balla yanaşı, bizim buraxılış imtahanında riyaziyyatdan ən azı 40 bal toplamalıdırlar. Məncə bu daha yaxşı qərardır və doğrudan da SAT-ı özü verənlər layiq olduqları yerləri tutacaqlar. Çünki təəssüf ki, əvvəlki illərdə gördük ki, hardasa kimlərsə kimlərin yerinə imtahanda iştirak edib, ya da müxtəlif yollarla nəticə əldə ediblər…”.
Əlavə şərhə ehtiyac yoxdur.
A.Məmmədli