…Bu qəribə və ağlasığmaz fikri “Bakı Metropoliteni”nin sədri Vüsal Aslanovun səsləndirdiyi bildirilir.
Düzü şübhə edirəm ki, Vüsal müəllim mahiyyətcə belə fikir səsləndirsin.
Əgər həqiqətən də kontekstdən çıxarılmadan sektora cavabdeh məsul şəxs bu mahiyyətdə, bu məzmunda fikir bildirilibsə bu, yolverilməz və qüsurlu yanaşmadır.
Ən maraqlısı odur ki, Bakıda məhz şəhərsalma ilə bağlı qlobal WUF13 tədbiri ərəfəsində belə açıqlama verilir.
Çünki bu yanaşma urbanizasiya və nəqliyyat planlamasının məntiqinə tam ziddir.
Metro məhz insanların rahat, sürətli və təhlükəsiz hərəkəti üçün tikilir. Şəhərətrafı ərazilərdə metro qurmağın məqsədi də insanları şəxsi avtomobildən uzaqlaşdırmaq, tıxacları azaltmaq və iqtisadi aktivliyi balanslaşdırmaqdır.
Normal şəhər idarəçiliyində məqsəd vətəndaşı şəhərdən uzaq saxlamaq yox, əksinə, şəhəri daha da əlçatan etməkdir.
Düşünürəm ki, metro siyasəti şəhər ətrafının şəhərə girişini məhdudlaşdırmağa deyil, birləşdirməyə yönəlməlidir.
Fikrimcə bu tip qüsurlu yanaşma cəmiyyətə qarşı da bir növ sayğısızlıq kimi dəyərləndirilə bilər.
Vüsal müəllimi müəyyən qədər tanıdığımdan inanmaq istəməzdim ki, o məhz bu məzmunda belə bir fikir bildirib.
Ümid edirəm cavabdeh şəxslər bununla bağlı ağlabatan bir izahat verəcəklər.
Osman GÜNDÜZ,
Ekspert