Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Acarıstan hökumətinin sədri Zurab Pataradze Gürcüstandakı Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov ilə görüş keçirib. Tezadlar.az xəbər verir ki, bu barədə Acarıstan hökuməti məlumat yayıb. Məlumata əsasən, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud ikitərəfli tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Zurab Pataradze bildirib ki, Azərbaycanın paytaxtı Bakıda Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri kimi uzun illər fəaliyyət göstərdikdən sonra yeni vəzifəsində ilk diplomatik görüşünü Azərbaycan nümayəndələri ilə keçirməsi onun üçün simvolik məna daşıyır. “Çox məhsuldar görüş oldu. Gündəmdə olan bütün mühüm məsələləri müzakirə etmək imkanı qazandıq. Bildiyiniz kimi, Gürcüstan və Azərbaycan arasında siyasi və iqtisadi münasibətlər aktiv şəkildə inkişaf edir. Bunu ticarət dövriyyəsinin artımı da təsdiqləyir – ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 300 milyon dollara çatıb”, – deyə Pataradze bildirib.
O, həmçinin turist axınının səmərəli idarə edilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, hazırda Bakı–Batumi istiqamətində həftədə iki aviareys həyata keçirilir, iyun ayından etibarən isə uçuşlar gündəlik əsasda təşkil olunacaq. Zurab Pataradzenin sözlərinə görə, tərəflər biznesin təşviqi, biznes forumlarının keçirilməsi və vacib məsələlərin müzakirəsi vasitəsilə Azərbaycan-Gürcüstan arasında ticarət dövriyyəsinin artırılması və investisiyaların cəlb olunmasına çalışırlar. Görüş zamanı hökumət sədri qonaqlara Acarıstanın bütün fəsilləri əhatə edən turizm potensialı barədə məlumat verib. O bildirib ki, region ikitərəfli biznes forumları və genişmiqyaslı tədbirlərə ev sahibliyi etməyə hazırdır ki, bu da işgüzar əlaqələrin möhkəmlənməsinə və yeni tərəfdaşlıqların formalaşmasına töhfə verəcək.