Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn tapşırıqların icrası istiqamətində Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
Tezadlar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında vahid platforma üzərindən təqdim olunması məqsədilə Nazirliyin bir sıra xidmətləri “mygov” platformasına inteqrasiya edilib.
Yeni inteqrasiya nəticəsində vətəndaşlar artıq Ədliyyə Nazirliyinin təqdim etdiyi bəzi xidmətlərdən əlavə platformalara keçid etmədən birbaşa “mygov” üzərindən istifadə edə bilirlər. Bu yanaşma dövlət xidmətlərinin vahid platformaya inteqrasiyası, istifadəçi təcrübəsinin sadələşdirilməsi və xidmətlərə çıxışın asanlaşdırılması məqsədini daşıyır.
Bildirilir ki, “mygov” platformasına inteqrasiya olunan yeni xidmətlər tərcümə xidməti, azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi və fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim olunmasıdır.
“Tərcümə xidməti” vasitəsilə vətəndaşlar notariat qaydasında təsdiqi mümkün olan, eləcə də notariat təsdiqi mümkün olmayan sənədlərin tərcüməsi üçün elektron qaydada müraciət edə bilərlər. İstifadəçi sənəd və tərcümə dili barədə məlumatları daxil edib sənədi platformaya yüklədikdən və ödəniş mərhələsini tamamladıqdan sonra müraciət aidiyyəti üzrə göndərilir. Eyni zamanda, müraciətin statusu və icra tarixçəsi “mygov” üzərindən izlənilə bilir.
“Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi” xidməti çərçivəsində vətəndaş azyaşlı, müşayiətçi və səfərlə bağlı məlumatları daxil edir, video identifikasiya və ödəniş mərhələlərini tamamladıqdan sonra müraciət aidiyyəti üzrə göndərilir. Xidmətin nəticəsi barədə istifadəçiyə bildiriş təqdim olunur.
“Fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim olunması” xidməti vasitəsilə isə istifadəçilər özlərinə aid icra işləri və həmin işlər üzrə sənədlərlə platforma üzərindən tanış ola, həmçinin sənədləri PDF formatında yükləyə bilirlər. Bu xidmət məlumatların operativ və rahat şəkildə əldə olunmasına imkan yaradır.
Qeyd edək ki, sözügedən xidmətlərlə yanaşı, bundan əvvəl də Ədliyyə Nazirliyinin həyat hadisələri əsaslı 5 xidməti və notariat fəaliyyəti ilə bağlı 4 xidməti “mygov” platformasına inteqrasiya olunub.
Vətəndaşlar xidmətlərdən həm “my.gov.az” portalı, həm də “mygov” mobil tətbiqi vasitəsilə istifadə edə bilərlər.