…Ermənistanın paytaxtında 28 mayda hərbi parad keçiriləcək. Bu parada hazırlıq məşqləri artıq başlayıb. Müdafiə Nazirliyi hazırlıq prosesinin çəkilişlərini qadağan edilməsi və buna görə cərimələr barədə dəfələrlə xəbərdarlıq etsə də, bu şeylər nəticə verməyib. Hazırlıqlar zamanı çəkilən görüntülərdə Fransanın CAESAR özüyeriyən artilleriya qurğuları və Çin istehsalı olan zərbə tipli CH-4 “Rainbow” pilotsuz uçuş aparatları (PUA) müşahidə olunub. Fransa silahları barədə daha əvvəl oxuculara məlumat vermişəm, bu dəfə isə Çin PUA-ları barədə yazacam.
Ermənistanin əldə etdiyi PUA-ların sayı dəqiq məlum deyil. Təxminən 3 ədəd olması mümkündür. Gümrü aviabazasında yerləşdirilən CH-4-lərin alınması ilə bağlı Ermənistan müdafiə nazirliyi rəsmi açıqlama verməyib, bunu erməni xalqına seçki qabağı “sürpriz” olaraq təqdim etmək istəyirdi. Amma alınmadı. Suren Papikyanın növbəti teatral sousu baş tutmadı.
CH-4 Çin istehsalı olan hücum və kəşfiyyat PUA-larından biridir. Çin dövlət korporasiyası CASC (Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası – red.) tərəfindən 2014-cü ildən istehsal olunur və dizaynına görə ABŞ -nin MQ-9 “Reaper” PUA-sının plagiat versiyasıdır.
Bu aparatın iki versiyası mövcuddur. CH-4A versiyası əsasən hava kəşfiyyatı, müşahidə və hədəf göstərilməsi, CH-4B versiyası isə havadan yerə zərbələr üçün nəzərdə tutulub. Ermənistan tərəfindən bir kəşfiyyat, 2 ədəd zərbə versiyasinın alınması ehtimalı yüksəkdir.
PUA-nın əsas taktiki – texniki xüsusiyyətləri:
– 30 saata qədər havada qala bilir ( yüklü vəziyyətdə bu müddətdə 14 saata qədər azalır)
– 7-8 kilometr hündürlükdə 180 km/ saat sürətlə uça bilir
– peyk vasitəsilə məsafədən idarə olunur
– gecə görmə və termal müşahidə sistemlərinə malikdir
– elektron-optik kamera sistemi ilə təchiz olunur
-350 kq faydalı yük daşıya bilir.
CH-4B aparatı AR-1 tank əleyhinə raketlər, lazerlə idarə olunan FT-5 bombaları və ağıllı sursatlar ilə silahlana bilər.
Bu aparat həmçinin cəbhə xəttindən uzaq məsafələrdə müşahidə aparmağa, artilleriya atəşinin tənzimlənməsinə, texnika və şəxsi heyətə zərbələr endirməyə imkan verir.
CH-4 son illərdə Yaxın Şərq və Afrika bölgələrində aşağı intensivliyə malik müxtəlif münaqişələrdə istifadə olunub, amma döyüş əməliyyatlarının gedişatına hansısa bir şəkildə müsbət təsir edəcək xüsusi bir nailiyyəti ilə yadda qalmayıb. Bu aparatlara silah bazarında ciddi bir tələbat da hiss olunmur. Bu aparatların əsas çatışmazlığı aşağı sürəti 180 km/saat), daşınan faydalı yükün az kütləsi (350 kq) və radarlara görünmə əmsalının yüksək olması ilə əlaqədardır.
Ermənistan Vətən Müharibəsi və sonrakı əməliyyatlar zamanı Azərbaycana qarşı bənzər PUA-lardan istifadə etsə də, döyüş əməliyyatları zonasında bir dəfə də olsun təşəbbüsü ələ keçirə bilməmişdi. Buna görə də əldə edilən məhdud sayda Çin PUA-ları və Fransa silahları heç bir halda regional güc balansına təsir etməyəcək.
Ədalət Verdiyev,
Hərbi ekspert