Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2026 / 10:49

“Mir Şahinin vaxtı”: sus və şükür et modeli-LAZIMDIRMI?

…Mir Şahinin verilişində illərdir eyni ritorika təkrarlanır və bu ritorika açıq şəkildə təhqiredici və alçaldıcı xarakter daşıyır. O, Azərbaycan xalqının gözünün içinə baxaraq deyir ki, sən bir vaxtlar cındır günündə idin, səni heç it yerinə də qoymurdular, ermənilər sənin şərəfini, ləyaqətini tapdalayırdı. Sən ayaqlar altında can verirdin. Sən xalq kimi heç kimə lazım deyildin. Səni bu vəziyyətdən bu hökumətin qətiyyəti çıxardı. Ona görə də sən bu keçmişi unuda bilməzsən, minnətdarlıq hissini itirə bilməzsən və heç vaxt etiraz etməməlisən. Sən müti qul olmalısan.
Bu məntiqə görə vətəndaşa açıq mesaj verir: sən susmalısan, tələb etməməlisən, sosial problemlərdən danışmamalısan. Uşaq pulu istəmək, maaş artımı tələb etmək, tibbi sığorta haqqında danışmaq artıq “naşükürlük” sayılır. Sənə deyilir ki, bugününə şükür et, həddini aşma, əks halda yenidən o “rəzil keçmişə” qayıda bilərsən.
Bu, siyasi arqument deyil. Bu, psixoloji təzyiqdir.
Burada vətəndaş hüquqları olan subyekt kimi yox, minnətdarlıq borcu olan obyekt kimi təqdim edilir. Ona deyilir ki, keçmişi unutma, qorxunu yadda saxla və bugünkü vəziyyətlə razılaş.
Bu, klassik qorxu üzərindən qurulan təbliğatdır.
Amma sivil dünyada siyasət və siyasi PR tam başqa prinsiplərlə işləyir. Məsələn, Barack Obama seçki kampaniyasını “Hope” — yəni ümid üzərində qurmuşdu. Onun mediası vətəndaşa demirdi ki, “keçmişdə pis idin, mən səni xilas etdim”. Əksinə, deyirdi ki, gələcəyi birlikdə daha yaxşı qura bilərik.
Angela Merkel 16 il hakimiyyətdə qaldı, amma heç vaxt onun da mətbuatı, TV-si alman xalqına “siz mənə borclusunuz” demədi. Onun əsas arqumenti sabit iqtisadiyyat, güclü sosial təminat və real nəticələr idi.
Emmanuel Macron isə hər seçkidə konkret proqramlarla çıxış edir: pensiya sistemi, əmək bazarı, enerji siyasəti. Onun üçün əsas olan emosional təzyiq yox, konkret plan təqdim etməkdir.
Bu liderlərin heç biri seçiciyə belə demir: “Əgər məni dəstəkləməsən, ölkə məhv olacaq.”
Çünki sivil ölkənin media siyasətində əsas prinsip fərqlidir:
-Vətəndaş qorxudulmur.
-Vətəndaş inandırılır.
-Propaganda və PR arasındakı fərq!
Bu iki model arasındakı fərq kəskindir.
Mir Şahin propagandası ilə vətəndaşa belə deyir:
-keçmişi unutma
-qorxunu yadda saxla
-alternativ yoxdur
-sus və şükür et!
Qərbdə isə PR vətəndaşa deyir:
-seçim et
müqayisə et
-nəticə tələb et
-hakimiyyəti sorğula.
Mir Şahininin təbliğ etdiyi modeldə media hakimiyyətin davamı kimidir. Qərbdə isə media hakimiyyəti yoxlayan institutdur.
Bir modeldə hakim komanda xilaskar kimi təqdim olunur.
Digərində lider sadəcə seçilmiş idarəçidir.
Bir model keçmiş travma ilə yaşayır.
Digər model gələcək planla işləyir.
Ən vacib təzad- Mir Şahinin təqdim etdiyi modeldə vətəndaşa açıq mesaj verilir: sən tələb etmə. Uşaq pulu istəmə. Sosial təminat istəmə. Sadəcə minnətdar ol.
Amma sivil dünyada vətəndaşa deyilir: sən vergi ödəyirsən, ona görə tələb etmək haqqın var.
Bu iki yanaşma arasında uçurum var.
Birində vətəndaş borcludur.
Digərində dövlət borcludur.
Ən sərt nəticə
Əgər bir media hakimiyyəti özünü yalnız keçmişin faciəsi ilə əsaslandırırsa, bu o deməkdir ki, bu gün üçün təqdim edəcəyi arqumentlər zəifləyir. Çünki güclü media və hakimiyyət keçmişlə yox, gələcəyə baxıb bu günlə danışır. Güclü siyasət qorxu ilə yox, nəticə ilə qurulur.
Elbəyi HƏSƏNLİ,
İsveçrə, Surix
P.S “Mir Şahinin vaxtı” -xalqı bu qədər aşağılayan, sıravi vətəndaşa nifrət püskürən bu verliş efirdən niyə yığışdırılmır? Bilmirəm, bilən varsa, desin…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!