…Tutduğu və daşıdığı vəzifəsindən istifadə edərək xaricə pul daşımayan, özünün və ya yaxın qohumlarının adına Bakıda, Azərbaycanın bölgələrində çoxsaylı villalar, obyektləri olmayan, yeddi arxa dönəninə sərvət toplamayan… neçə yüksək vəzifəli tanıyırsınız? Şəxsən mən bir neçəsini tanıyıram, barmaqla sayılandırlar… Millətin uşaq pulu uğrunda mübarizə apardığı məmləkətdə belələrinin sayı azdırsa, bu pis nümunədir! Amma vaxtilə Azərbaycanın baş naziri olmuş Nəsib bəy Yusifbəylinin həyatını öyrənmək çox yaxşı olardı. Tarix kitablarında və tariximizə aid ədəbiyyatda onun son dərəcə təmiz və gözütox olduğu yazılır. Onun paklığını baş nazir olarkən atasının ona göndərdiyi bir məktubdan görmək olar. Atası ona yazır: “Əziz oğlum, çox səbr etdim, amma yazacam. Sıxıntı çəkərək, borc altına girərək sənə yüksək təhsil təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhuriyyətimizin maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin. Həmişə göndərdim. Bu gün isə baş nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olursan. Yenə bağının qamışını mən alım? Pul göndərə bilməzsənmi?”
İstinad: Prof. Nazif Qəhrəmanlı.
Sitatın sonu…
A.Məmmədli