Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İş adamı, sahibkar Ağasəf İsmayılovun əlində otuzdan çox məhkəmə qərarı olsa da, Sabunçu rayon prokuroru Murad Dadaşovun qarşı tərəflə əlbirliyi neçə ildir ona haqqını müdafiə etməyə imkan vermir. İş adamı dəfələrlədir Baş prokuror Kamran Əliyevə müraciət etsə də, sanki kimlərsə bu şikayətə badalaq vurur, Baş prokuror Kamran Əliyevin qəti qərar verməsinə imkan vermir. Niyə?
xxx
İstintaq qərarı ilə zərərçəkmiş Ağasəf İsmayılov təkrarən Kamran Əliyevə media vasitəsilə müraciət etmək qərarına gəlib. Çünki Baş Prokurorluğa göndərdiyi şikayət və müraciətləri, sanki kor quyuya düşür.
“Təzadlar”a göndərilən müraciət sənədlərlə və məhkəmə qərarları ilə uyğunlaşdırılaraq aşağıda yayımlanır:
“Çox hörmətli cınab Baş Prokuror! Mən- zərərçəkmiş olduğum cinayət işinin istintaqının Sabunçu rayon Prokurorluğunda süründürməçiliyə məruz qoyulması, Mənə məxsus 34 ədəd avtobusun oğurlanmasına dair şikayətimin 44 ay ərzində polisdə araşdırılmaması, istintaqla bağlı məhkəmə nəzarəti qaydasında verilmiş 27 sayda məhkəmə qərarlarını prokurorluğun və polisin müstəntiqlərinin icra etməmələri barədə Sizə şikayət etməli oldum.
Azərbaycan Respublikasında hüququn aliliyi prinsipi yalnız qanunların mövcudluğu ilə deyil, həm də həmin qanunların və məhkəmə qərarlarının icrası ilə ölçülür. Məhkəmələrin qəbul etdiyi qərarların yerinə yetirilməsi hüquqi dövlətin əsas göstəricilərindən biridir. Lakin təsisçisi olduğum “Magna Trans” MMC-nin əmlakının mənimsənilməsi ilə bağlı, aidiyyəti üzrə davam etdirilməsi üçün 2022-ci ildə Sabunçu rayon Prokurorluğunun icraatına verilmiş 210050957 saylı cinayət işi üzrə və MMC-nin 34 ədəd oğurlanmış avtobusu ilə bağlı şikayətimlə bağlı 2022-ci ildə Bakı ŞBPİ-nin Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalovun, hazırda isə icraatında olan – Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Orxan Səmədovun və həmin dövlət qurumlarının vəzifəli şəxslərinin bu iki işlə bağlı qanunazidd hərəkətləri heç də yuxarıda göstərilən tələblərə cavab vermir. Həmin işlərlə bağlı mövcud vəziyyəti ayrı-ayrılıqda nəzərinizə çatdırıram:
DÖRD İL SÜRÜNDÜRMƏÇİLİYƏ MƏRUZ QOYULMUŞ İSTiNTAQ
MMC-nin əmlakının, maliyyə vəsaitlərinin, eləcə də dövlət büdcəsinə ödənilməli olan külli miqdarda vəsaitin bir qrup şəxs tərəfindən mənimsənilməsi faktları ilə bağlı cinayət işi, aidiyyəti üzrə davam etdirilməsi üçün 29 mart 2022-ci ildə Sabunçu rayon Prokurorluğunun icraatına verilmişdir. Həmin tarixdən sonra, cinayət işi icraatında olan müstəntiqlər: əvvəlcə Tural Mürsəlovla Natıq Məmmədov, hazırda isə Fuad Babayev tərəfindən çoxsaylı prosessual pozuntular törədilmişdir. Belə ki, iş üzrə aparılmalı olan zəruri istintaq hərəkətləri yerinə yetirilmədiyi halda, müxtəlif vaxtlarda qəbul edilən qərarlar istintaqın obyektiv aparılmasına deyil, onun nəticəsiz qalmasına xidmət etmişdir.
27 sayda məhkəmə qərarı və dəyişməyən vəziyyət
Cinayət işi üzrə bir çox kobud prosessual pozuntularla bağlı məhkəmə nəzarəti qaydasında verilmiş şikayətlər nəticəsində bu günədək 27 məhkəmə qərarı verilmiş olsa da, hər biri prokurorluqda icra edilmədən qalmaqdadır.
Məhkəmə qərarlarının hamısında, prokurorluğun müstəntiqlərinin bütün qərarlarının qanunsuz və əsassız olduğu göstərilməklə bərabər, əlavə araşdırmaların da aparılması tələb edilmişdir.
Buna baxmayaraq, məhkəmələrin müəyyən etdiyi nöqsanlar aradan qaldırılmamış, əksinə, yenidən eyni məzmunlu, yəni əsassız və qanunsuz qərarları təkrar verməklə, hər üç müstəntiq – əvvəlcə Tural Mürsəlovla Natıq Məmmədov, hazırda isə Fuad Babayev faktiki olaraq, cinayət işinin istintaqını süründürməçiliyə məruz qoymuşlar.
Məhkəmə qərarları ilə beş dəfə ləğv edilmiş xitam qərarları
2023-cü ilin dekabrından 2026-cı ilin mayınadək müxtəlif tarixlərdə cinayət işi üzrə icraata xitam verilməsi barədə, müstəntiqlər tərəfindən verilmiş beş qərarın hamısı birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən qanunsuz və əsassız hesab edilərək ləğv edilmişdir.
Sonuncu belə qərar Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən 2026-cı ilin mart ayında qəbul edilmiş, lakin mənim – zərərçəkmiş şəxsin şikayəti əsasında Sabunçu rayon Məhkəməsi 6 aprel 2026-cı il tarixli qərarı ilə həmin qərarı ləğv edərək, əlavə araşdırmaların aparılmasını tələb etmişdir.
Məhkəmənin bu qərarı ilə bağlı, Sabunçu rayon prokuroru Murad Dadaşovun vermiş olduğu apellyasiya protestini Bakı Apellyasiya Məhkəməsi təmin etməmişdir.
İstintaq hərəkətləri yerinə yetirmək əvəzinə istintaqı əngəlləmək cəhdləri
Cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin aparılması ilə bağlı və cinayət işinin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra istintaq tədbirləri həyata keçirilməsinin əvəzinə, müstəntiqlər və prokuror qəbul etmiş olduqları qərarların müdafiəsi məqsədilə işə aidiyyəti olmayan və prosessual əhəmiyyət kəsb etməyən sənədləri işə əlavə etməklə dəfələrlə cinayət işinin icraatına xitam verməyə cəhd etmişlər.
Beləliklə, istintaqın əsas məqsədi cinayət hadisələri ilə bağlı faktların araşdırılması olduğu halda, müstəntiqlərin və bu işə aidiyyəti olan prokurorların hərəkətləri heç də cinayət işinin istintaqını tələb olunan qaydada aparmaq olmadığı, məhkəmə nəzarəti qaydasında verilmiş 27 sayda məhkəmə qərarlarının hər birində göstərilmişdir.
Bütün bunlara baxmayaraq, Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev və istintaqa nəzarət vəzifəsini də yerinə yetirməli olan prokuror Murad Dadaşov qanuna zidd əməllərini inadkarlıqla davam etdirirlər.
MMC-nin OĞURLANMIŞ 34 AVTOBUSUNUN BİLİNMƏYƏN AQİBƏTİ VƏ 44 AYDIR Kİ, CAVABI GÖZLƏNİLƏN ŞİKAYƏT
Məsələnin ikinci hissəsi isə təsisçisi olduğum “Magna Trans” MMC-yə məxsus 34 ədəd avtobusun “yoxa çıxması” ilə bağlıdır. Bu fakt üzrə 30 oktyabr 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinə etmiş olduğum şikayətin araşdırılması Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Tərlan Zeynalova həvalə edilsə də, onun tərəfindən heç bir araşdırma aparılmadığı üçün zərərçəkmiş şəxs məhkəmələrə müraciət etmişdim.
Məhkəmə hərəkətsizliyi qanunsuz hesab etmişdir
Şikayətlərimə əsasən, Xətai rayon Məhkəməsi 14 fevral 2025-ci il tarixli qərarı ilə Təhqiqat Şöbəsinin rəisi Tərlan Zeynalovun hərəkətsizliyini qanunsuz hesab etmiş və iş üzrə araşdırma aparılmasını tələb etmişdir.
Lakin həmin qərardan Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev tərəfindən apellyasiya protesti verilmişdir.
Bakı Apellyasiya Məhkəməsi isə 2 may 2025-ci il tarixli qərarı ilə prokuror müavininin protestini təmin etməmiş və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Beləliklə, iki məhkəmə instansiyası müraciət üzrə hərəkətsizliyin qanunsuz olduğu qənaətinə gəlmişdir.
Araşdırma əvəzinə ərizənin göndərilməsi
Məhkəmə qərarlarından sonra da cinayət hadisəsinin araşdırılması istiqamətində real addımlar atılmamışdır. Əksinə, 34 ədəd avtobusun oğurlanmasına dair şikayət ərizəsi müxtəlif qurumlar arasında göndərilmiş, lakin şikayət üzrə nə hadisə yerinə baxış keçirilmiş, nə şikayətçi olaraq mənim izahatım alınmış, nə də digər zəruri prosessual tədbirlər həyata keçirilmişdir.
Nəticədə isə oğurluq hadisəsi ilə bağlı şikayətim yenidən məhkəmə nəzarəti qaydasında mübahisə predmetinə çevrilmişdir.
Qanunsuz hesab edilən hərəkətsizlik barədə məhkəmə nəzarəti qaydasında verilmiş qərarlar
Xətai rayon Məhkəməsi 17 iyul 2025-ci il tarixli növbəti qərarı ilə Təhqiqat Şöbəsinin rəisi Tərlan Zeynalovun hərəkətsizliyini ikinci dəfə qanunsuz hesab etmişdir.
Bununla belə, Tərlan Zeynalov məhkəmə qərarını təkrarən icra etməmiş, şikayət ərizəsini Sabunçu rayon Polis İdarəsinə göndərmişdir.
Saxtakarlığa cəhd və yeni məhkəmə qərarları
MMC-nin 34 ədəd avtobusun oğurlanması barədə şikayət ərizəsi icraatına verilən Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Orxan Səmədov oğurluq hadisəsi üzrə heç bir araşdırma aparmadan, yəni faktla bağlı şikayətçinin izahatını almadan, avtobusların saxlandığı yerə getmədən, hadisə yerinə baxış keçirmədən, bu barədə protokol tərtib etmədən, MMC-nin direktorundan avtobusların qeydiyyat sənədlərini təqdim etməyi tələb etmədən və digər bir çox təxirəsalınmaz istintaq hərəkətlərini yerinə yetirmədən, ərizənin guya aidiyyəti üzrə Sabunçu rayon Prokurorluğuna göndərilməsi haqqında 20 iyun 2025-ci il tarixdə qərar qəbul etmiş və ərizəni həmin quruma göndərmişdir. Maraqlıdır ki, istintaqa nəzarət etməli olan prokuror Murad Dadaşov müstəntiqin bu qanunazidd hərəkətlərini təsdiqləmişdir.
Ərizəni prokurorluğa ötürmək üçün müstəntiq Orxan Səmədovun yazdığı üç səhifəlik qərarda, Daxili İşlər Nazirliyinə ünvanlanmış olduğum 30 oktyabr 2022-ci il tarixli şikayət ərizəsində dövlət qeydiyyat nişanlarını göstərdiyim 34 ədəd avtobusa və onların oğurlanması faktına dair heç bir məlumat yoxdur. Müstəntiq Orxan Səmədovun 20 iyun 2025-ci il tarixli qərarında yer alan mətnin bütün cümlələri Sabunçu rayon Prokurorluğunun müstəntiqi Fuad Babayevin icraatında olan 210050957 saylı cinayət işindəki qərardan sözbəsöz köçürülmüşdür və 34 ədəd avtobusun oğurlanması faktına heç bir aidiyyəti yoxdur.
Prokurorluğun müstəntiqi Fuad Babayevin icraatında olan cinayət işinin sənədinin mətnini polis müstəntiqi Orxan Səmədovun öz qərarına sözbəsöz köçürməklə saxtakarlıq etməsi, hər iki müstəntiqin fəaliyyətinə nəzarəti həyata keçirən Sabunçu rayon prokuroru Murad Dadaşovun və istintaqa nəzarət etməli olan digər prokurorların fəaliyyətinin səviyyəsinin göstəricisidir.
Sabunçu rayon Məhkəməsinin 6(008)75/2025 saylı, 22 avqust 2025-ci il tarixli qərarı ilə müstəntiq Orxan Səmədovun hərəkətsizliyi (materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 20 iyun 2025-ci il tarixli qərarı) qanunsuz hesab edilmiş və əlavə araşdırmanın aparılması göstərilmişdir.
Üç dəfə təkrarlanan məhkəmə müdaxiləsi
Göstərilən məhkəmə qərarından sonra da Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Orxan Səmədov heç bir araşdırma aparmamış, Sabunçu rayon Prokurorluğunun prokuroru Murad Dadaşov isə məhkəmə qərarının icrasına heç bir reaksiya verməmişdir.
Nəticədə 28 oktyabr və 8 dekabr 2025-ci il tarixlərdə Sabunçu rayon Məhkəməsi eyni məsələ üzrə yenidən qərarlar qəbul etmiş, müstəntiq Orxan Səmədovun hərəkətsizliyini təkrarən qanunsuz hesab etmişdir.
Sonuncu məhkəmə qərarının surəti Sabunçu rayon prokuroruna və Sabunçu rayon Polis İdarəsinin rəisinə göndərilmiş olsa da, hər iki rəhbər vəzifəli şəxs tərəfindən heç bir əməli hərəkət yerinə yetirilməmişdir.
44 ay keçsə də, şikayətçi dindirilməyib
Şikayət ərizəsini verdiyim gündən 44 ay keçməsinə baxmayaraq, Bakı ŞBPİ-nin Təhqiqat Şöbəsinin rəisi Tərlan Zeynalov və Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Orxan Səmədov tərəfindən şikayətçinin, yəni mənim izahatım alınmamışdır. Bu və digər prosessual pozuntular barədə ardıcıl şəkildə verilmiş məhkəmə qərarlarının icra olunmaması, prosessual pozuntuların aradan qaldırılmaması və araşdırmanın aparılmaması hüquqi baxımdan ciddi məsələ olsa da, həmin qərarların icrası istiqamətində heç bir əməli tədbir görülməmiş, vəzifəli şəxslərin hərəkətsizliyi davam etdirilməkdədir.
Hüquqi dövlət üçün vacib sınaq
Məhkəmə qərarlarının ardıcıl şəkildə ləğv etdiyi prosessual qərarların təkrar qəbul olunması hüquqi sistem üçün ciddi müzakirə mövzusudur. Belə hallarda əsas məsələ konkret şəxslərin maraqlarından daha çox qanunun aliliyinin təmin edilməsidir. Çünki məhkəmə qərarlarının icra olunmaması və ya formal xarakter daşıması hüquq-mühafizə sisteminə ictimai etimadın azalmasına səbəb ola bilər. Əsas məqsəd zərərçəkmiş şəxsin mülkiyyət hüquqlarının bərpası, cinayət işi üzrə tam və obyektiv istintaqın aparılması, məhkəmə qərarlarının icrasına hüquqi qiymət verilməsi və qanun pozuntularına yol vermiş şəxslər barəsində tədbirlərin görülməsidir. Bu baxımdan, 210050957 saylı cinayət işi artıq təkcə bir şirkətin və ya bir sahibkarın hüquqi mübahisəsi deyil, həm də məhkəmə qərarlarının icrası, prokuror nəzarətinin effektivsizliyi və hüquqi dövlət prinsiplərinin praktik tətbiqi baxımından diqqətlə izlənilən məsələlərdən birinə çevrilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs olan mən – iş adamı-sahibkar və vətəndaş olaraq, bu Müraciətimlə bağlı aşağıdakı sualların cavabını almaq istəyirəm:
– məhkəmələrin qərarları icra olunacaqmı;
– illərdir ki, süründürməçiliyə məruz qoyulmuş bu cinayət işinin istintaqı hüquqi nəticəsini tapacaqmı;
– oğurlanmış 34 ədəd avtobus öz qanuni sahibinə qaytarılacaqmı?
Hörmətlə: İsmayılov Ağasəf İslam oğlu”.
REDAKSİYADAN: sadəcə, söz tapa bilmirik… Sonra da deyirlər ki, Azərbaycandakı problemlər niyə xaricə daşınır??? Bilmirsiz niyə və necə, kimlərin günahından daşınır, məqsəd nədir? Amma inanırıq ki, gec də olsa, cənab Baş Prokuror bu şikayətin xaricə daşınmasına imkan verməyəcək…
“Təzadlar”