Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2026 / 10:20

45 ildən sonra reallaşan görüş

Bu bir həqiqətdir ki, xatirələr insanı keçmişə, xəyal və arzular isə gələcəyə bağlayır. İllərlə yaddaşlarda yaşayan xatirələri “istiliyindən” və ya “soyuqluğundan” asılı olmayaraq ürəyin istəyən insanlarla bölüşmək insan üçün təskinlik, daxili mənəvi gərginlikdən çıxmaq və yüngülləşməkdir. Mürgülü xatirələri oyatmaq, bölüşmək rahatlıqdır, yaşadığın günə rəng qatmaqdır. Bir sözlə, xatirələrsiz qalmaq çox çətindir. Ona görədir ki, səngər silahdaşlarının, tələbə yoldaşlarının, sinif yoldaşlarının uzun müddətli ayrılıqdan sonra görüşləri həmişə qeyri-adi şirinliyi ilə fərqlənir. 26 may 2026-cı ildə Tərdər rayonu ərazisindəki “Tərtər” ailəvi istirahət mərkəzində 45 ildən sonra reallaşan Ağdam rayonunun Mərzili kənd orta məktəbinin 1981-ci il məzunlarının görüşündə olduğu kimi…

Doğma kəndimizin işğaldan azad olunmasından sonra Mərzili müəllimlərinin 26 may 2022-ci ildə ilk dəfə baş tutan görüşlərini təşkil etmək qismətini yaşadıq. Və bununla da ayrı-ayrı illərin məzunlarının müəllimlərlə birlikdə gerçəkləşən görüşlərinin əsasını qoymuş olduq. Bu, birliyə, həmrəyliyə, doğma yurda səsləyən görüşlər üçün əsl təkan oldu. Bundan sonra neçə-neçə belə tədbirlərin iştirakçısı olduq. Sonuncu da 1981-ci il məzunlarının dəvət etdikləri müəllimlərlə birlikdə olan görüşü. İllərin yaratdığı ayrılıq həsrəti görüş iştirakçılarının həyacanında, üzlərindəki sevinc dolu ifadələrində, hərarətlə “Necəsən?” deyərək bir-birinə qucaq açmasında, bir çoxlarının sildikləri göz yaşlarından açıq-aydın görünürdü. Axı Qarabağın erməni-rus hərbi birləşmələri tərəfindən işğalı ilə əlaqədar olaraq hərə bir tərəfdə məskunlaşmağa məcbur olmuş, köçkünlüyün reallığa çevirdiyi sınaq və problemlərlə 30 ilə yaxın bir müddətdə üz-üzə qalmaq, vəziyyətdən ləyaqətlə, sınmadan duruş gətirmək üçün mübarizə lazım idi…

Yusif m

Görüş-tədbirin aparılması adlı-sanlı müəllimlərdən şair-publisist Qərib İsmayıla həvalə edildi. Qərib müəllim əhatəli giriş sözünə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhid qəhrəmanlarımızın, haqq dünyasına qovuşmuş müəllimlərimizin, məzun yoldaşlarının sıralarını vaxtsız tərk etmiş gənclərin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı və tədbirin məqsəd və məramı barəsindəki fikirlərindən sonra da çıxış etmək üçün ilk  sözü Xudu Məmmədov adına Mərzili kənd orta məktəbinin sabiq direktoru Akif Məmmədova verdi.

Ardınca müəllimlərdən “Tərəqqi” medallı, “Əməkdar müəllim” Allahverdi Nəsiboğlu, kəndimizdən memuar janrında ilk kitab müəllifi Fazil Abbasoğluna, uzun illər müxtəlif məktəb vəzifələrində çalışmış Vahid Əhmədova, bu sətirlərin müəllifinə, Möhsün Hüseynova, Nübar Əzizovaya, Tamaşa Məmmədovaya verildi. Hər bir müəllim rayonumuzun, eləcə də respublikamızın təhsil tarixinə adını şərəflə yazdırmış Mərzili kənd orta məktəbində təhsil aldığı, sonra da fəaliyyət göstərdiyi günlər barəsində olan xatirələrini dilə gətirdi. Unudulmaz müəllimlərdən – Bayram Bayramov, Azad Abbasov, Talıb Abasquliyev, Səmərqə Səlimova, Nəsib Şirinov, Xalıqverdi Rəhimov, Qaraş Bayramov, Ələmdar Bayramov və onlarca başqa müəllimləri rəhmət duaları ilə yada saldılar.

Müəllimlərdən sonra söz 1981-ci il məzunlarına verildi. Bəzən qəhərli, bəzən sevinc doğuran xatirələr bir-birinə calandı. Hər kəsin dilindən çözələnən xatirələr xəyalən hamının diqqətini məktəbə, məktəb tədbirlərinə, kəndimizin çal-çağırlı günlərinə yönəltdi. Bu cür ab-hava şəraitində keçən görüş beş saatdan artıq davam etdi. 30 nəfərədək olan məzunların hər biri ürək sözlərini söylədi, xatirələrini dilə gətirdi. Mənə ən çox xoş olan, heç zaman unutmayacağım  və bir çoxları üçün örnək sandığım Mirəli Feyziyevin, Rəfail Əzizovun, Ramiz Oruc oğlunun, Zahid Əliyevin diqqət çəkən sadəlikləri, təvazökar və səmimi olmaları idi. Onların sadəliklərində həqiqətən bir böyüklük gördüm. Açığı indiki zamanda belə insanlara rast gəlmək çox çətindir. Belə ki, adlarını çəkdiklərimin statusunda olanlar əksər hallarda daha çox təkəbbürlü davranışları ilə yadda qalırlar.

Yusif m

Bu tədbirin təşkilatçısı kimdir deyə soruşarkən Mirəli Feyziyev dedi ki, əslində birbaşa kiminsə təşkilatçılığından danışmaq çətindir. Təşəbbüs hamı tərəfindən gəlib və hamının istək və arzuları üst-üstə düşdüyündən çətinlik olmayıb…

Onu da qeyd edim ki, bu tədbirin, eləcə də bu günədək kəndimizlə bağlı  onlarca müxtəlif tədbir və xeyriyyə işlərinin maddi xərclərini el-obaya olduqca bağlı, vətənsevər Ramiz Oruc oğlu öz üzərinə götürmüşdür. O insanda xeyirxahlıq duyğuları xeyriyyəçiliyi ilə vəhdət təşkil edir desəm, yanılmaram. Ramiz bəy  vətəndən uzaqlarda yaşasa da, xoşməramlı fəaliyyəti ilə el-obadan uzaq olmadığını həmişə sübut etmişdir.

30 nəfər məzunun müəllimlərlə birlikdə keçirdikləri bu görüş-tədbir bir ömür yaddaşların işıqlı xatirələrindən birinə çeviriləcəyinə əminəm. Axı keçmişin həqiqətini, yaşanmış ömrün reallıqlarını yaşadan xatirələr həmişə yaddaqalan olur. Xudu Məmmədov deyərdi ki, ömür yaşanan günlərin sayı ilə yox, yadda qalan günlərin sayı ilə ölçülür.

Bu cür görüş-tədbirlər düşmən üzərində 44 günlük Vətən müharibəsində çalınan parlaq qələbədən sonra sabiq şagirdlərimiz tərəfindən xoş bir ənənəyə çevirilmişdir. Vüqar Muradov və Məhəmməd Əzimovun sinif yoldaşlarının, Ramazan Muxtar oğlu və Şakir Qurbanovun sinif yoldaşlarının, Tural Şahlaroğlunun sinif yoldaşlarının, eləcə də digər sabiq Mərzili kənd orta məktəb şagirdlərinin görüş-tədbirləri həyatın hər anının fərqli, həyəcanlı və dəyərli olduğunun göstəricisidir…

Doğma kəndimizdə, müqəddəs məktəbimizdə görüşmək arzuları ilə:

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!