Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Gürcüstanla münasibətlərinin hazırda çox yüksək səviyyədə olduğunu və tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinin hədəfləndiyini bildirib. Tezadlar.az xəbər verir ki, Paşinyan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında qeyd edib ki, Ermənistan–Gürcüstan münasibətləri möhkəm və sabit xarakter daşıyır. Onun sözlərinə görə, iki ölkə arasında həm emosional, həm də siyasi və iqtisadi sahələrdə dərin bağlar mövcuddur və bu əlaqələrin daha da inkişaf etdirilməsi planlaşdırılır. “Gürcüstanla münasibətlərimiz o qədər yaxşıdır ki, onların daha da dərinləşdirilməsi barədə danışmaq belə çətindir. Biz əməkdaşlığı mümkün olan ən yüksək səviyyədə davam etdirəcəyik”, – deyə baş nazir vurğulayıb.
O, eyni zamanda regiondakı ümumi siyasi proseslərə də toxunaraq bildirib ki, demokratiya regional və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir. Paşinyanın sözlərinə görə, hazırda Azərbaycanla sülh şəraiti mövcuddur, Gürcüstanla münasibətlər isə “qardaşlıq səviyyəsindədir”, Türkiyə ilə isə diplomatik əlaqələrin normallaşdırılması istiqamətində gözləntilər var. Baş nazir həmçinin Türkiyə ilə sərhədlərin, eləcə də nəqliyyat əlaqələrinin – dəmir yolu və avtomobil yollarının – yaxın gələcəkdə açıla biləcəyinə ümid etdiyini bildirib. Paşinyan region üçün potensial əhəmiyyət daşıyan “Tramp yolu” (TRIP) layihəsinə də diqqət çəkib. Onun fikrincə, bu təşəbbüs Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının açılmasına imkan yaradaraq Ermənistan, Gürcüstan, Azərbaycan, Türkiyə və İran üçün yeni iqtisadi imkanlar formalaşdıra bilər. Qeyd edək ki, Ermənistanda parlament seçkiləri davam edir və 18 siyasi qüvvə parlamentə düşmək uğrunda mübarizə aparır. Seçkilərdə keçid baryeri partiyalar üçün 4 faiz, bloklar üçün isə 8 faiz müəyyən edilib.