Xırdalanda da Bakının hər yerində olduğu kimi tikintilər aparılır. Özü də sürətlə… Amma bu sürətin içində tikinti qayda və qanunları, tikinti mədəniyyəti əriyib yox olur… Sosial media istifadəçisi Elvin Əhməd bu barədə ürək ağrıdı ilə paylaşım edib. Tezadlar.az təqdim edir: “…Xırdalan artıq Bombeyi də geridə qoyub! Sırf bu şəhərsalma eybəcərliklərinə görə… Adamlar YOLUN ORTASINDA BİNA TİKİRLƏR! Asfaltın düz ortasında daş-daşa vurub ev ucaldırlar. Amma hələ bu harasıdır, binanın bir hissəsində birinci mərtəbə ümumiyyətlə yoxdur! Çünki ora AVTOBUS DAYANACAĞIDIR! Təsəvvür edin, sabah avtobus gözləyən camaatın düz başının üstündə kiminsə qonaq otağı, ya da mətbəxi olacaq.
Bir də o binaya bitişik, yetim qalan ağaclar var… Ağaclar binaya elə bitişik edilib ki, sanki eyvandan çıxıb budaqda oturmalısan. Hamımız çox yaxşı bilirik ki, üç gün sonra o ağacları da gecəylə kəsib atacaqlar.

Ən dəhşətlisi nədir bilirsiz? Oxuduğum məlumata görə, bu absurd tikintiyə hardansa rəsmi İCAZƏ də verilib! Ay qardaş, harda gəldi tikilən qanunsuz binalara görə son dövrdə nə qədər əziyyət çəkirik, subasmalar, tıxaclar… Bunları heç kim görmür? Bu şəhərin heç bir planlaması yoxdur? Sabah burada səki etmək istəsələr, yaxud yol genişləndirilməli olsa nə edəcəksiniz? Binanı qucaqlayıb kənara çəkəcəksiniz? Ümid edirəm, bəlkə aidiyyatı qurumlardan kimsə bu “şah əsəri” görüb bir az utanar!”.
Sözün bitdiyi yer! Bəs bu tikintiyə kim icazə verib və bu hansı MTK-nın “əl işidir”???
A.Məmmədli