Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2026 / 17:27

“Şəhidlərin bacısıyam”- şeirinin müəllifi daha nələrdən söz açıb…

Gənc yazar, şəhidlər haqqında bir neçə kitabın müəllifi Pərvanə Mehmanlının “Demədimmi” adlı şeirlər kitabında əksini tapmış bu şeir təqdimat zamanı hamının rəğbətini qazandı…

Dünən Yazıçılar Birliyinin “Natəvan”  klubunda  ədəbiyyatı, poeziyanı sevənlər bir kitabın işığına yığışmışdılar. Gənc yazar, şəhidlər haqqında bir çox kitabların müəllifi Pərvanə Mehmanlının  növbəti “Demədimmi” şeirlər kitabının təqdimatı keçirilirdi. Təbirdə şairlər, filoloqlar, jurnalistlər, ali məktəb tələbələri, şəhid ailələri, qazilər, veteranlar,  məktəblilər və ictimaiyyətin tanınmış nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Əməkdar Mədəniyyat işçisi, tanınmış  şair Qəşəm Nəcəfzadə açaraq “Demədimmi” şeirlər kitabının müəllifi Pərvanə Mehmanlının özü, yaradıcılığı haqqında geniş məlumat verdi. Məlum oldu ki, Pərvanə xanımın atası tanınmış rəssam Mehman Qədirovdur. Anası isə uzun müddət mədəniyyət və təhsil sahəsində rəhbər vəzifələrdə işləmiş Nargilə Dostməmmədovadır. Əlbəttə, belə ziyalı bir ailədə böyüyən qızın vətənpərvər olaraq şəhidlər haqqında kitablar yazması, nəsrə, poeziyaya meyl salması başa düşüləndir…

***

Qəşəm Nəcəfzadə P.Mehmanlının “Demədimmi” kitabında toplanmış şeirləri haqqında geniş məlumat verdi və eyni zamanda şeirlərin  mövzu rəngarənliyi, fəlsəfi duyumu barədə öz fikirlərini diqqətə çatdırdı. Sonra tədbirə toplaşanlara- qazilərə, şəhid ailələrinə və veteranlara söz verildi. Çıxış edənlərin hər biri P.Mehmanlının şəhidlər haqqında kitablarından və sonuncu kitabıdakı şeirlərindən söhbət açdılar. Bu sətirlərin müəllifi olaraq mənə də söz verildi. Mən öz çıxışımda qısa olaraq bunları söylədim: “ Pərvanə xanımı bir yazar olaraq mənə sevdirən, onun dostum olan atası Mehman bəyin və orta məktəbdə sinif yoldaşım olmuş anası Nargilə xanımın qızı olması deyil. Pərvanə balamızın adi bir təhsil işçisi olmasına baxmayaraq, vətəninə, torpağına və dövlətinə canından artıq bağlanması həmişə mənim diqqətimi çəkib. Onun şəhidlər haqqında yazdığı bir neçə kitabının təqdimatında iştirak etmişəm və onun şəhidlərə, qazilərə, veteranlara necə can yandırmasının şahidi olmuşam… Və o kitablar araya-ərsəyə gələnə  qədər P.Mehmanlının hər bir şəhid ailəsinin sevimlisinə, onların dogma övladına çevrilməsini tək mən yox, hamı görüb bilir. Şəhidlər, qazilər, veteranlar mənim üçün çox həssas bir mövzudur. Məlumat üçün deyim ki, mən özüm könüllü olaraq , birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam, oğlum isə 44 günlük ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Bu səbəbdən vətən yolunda canlarını fəda edən qəhrəmanlar mənə daha yaxın, daha doğmadırlar. Ona görə də P.Mehmanlının bu kateqoriyadan olan insanlara belə həssaslıqla yanaşması və onların qəhrəmanlıqları haqqında kitab yazaraq tarixləşdirməsi  olduqca alqışa layiqdir . Elə bu səbəbdəndir ki, Pərvanə xanım qardaşı olmadığından özünü bütün şəhidlərin bacısı adlandırır”.

pervane

Bu qısa çıxışdan sonra tədbir iştirakçılarının  diqqətinə elə həmin “Şəhidlərin bacısıyam” şeirini çatdırdım. Bununla da Pərvanə xanıma gələcəkdə yeni-yeni uğurlar arzuladım.

Aparıcı kimi şair Qəşəm Nəcəfzadənin vacib işi olduğundan növbəti idarəçiliyi Pərvanə xanımın bacısı, youtube televiziyalarının birində aparıcı olan, gözəl qiraət ustası Turan xanıma həvalə edildi. Turan xanım da çox gözəl idarəçilik bacarığı göstərərək, tədbiri yüksək səviyyədə idarə etdi. Onun söz verdiyi natiqlər Pərvanə xanımın şeirləri haqqında çox yüksək fikirlər söylədilər.

Sonda tədbirin səbəbkarı Pərvanə Mehmanlı gələn qonaqların hər birinə dərin təşəkkürünü bildirdi və yeni çıxmış kitabındaki şeirlərinin bir neçəsini tədbir iştirakçılarına söylədi. Bununla da tədbir başa çatdı. Bundan sonra Pərvanə xanım həm yeni kitabını  imzalayaraq qonaqlara payladı, həm də gələn qonaqlarla birlikdə xatirə şəkilləri çəkdirdi.

***

P.Mehmanlının məşhur “Şəhidlərin bacısıyam” şeirini “Təzadlar”ın oxucularına təqdim edirəm.

“Şəhidlərin bacısıyam”

Mən Şəhidimin bacısıyam,

Üç min şəhid bacısıyam.

Bir damla köməkçün,

dərdli ürəklərə məlhəmçün,

Bir ananın göz yaşını silməkçün,

Balasını yaşatmaqçun can atıram.

Bir şəhidin yarısını, yarım qalan həyatını,

Yazmaqçün pay oluram.

Şəhidlərin həyatını, sevgi dolu arzuları,

Yazmaqçün şərəf duydum.

Tarix yazan şəhidimin adlarını yazmaqçün,

Qələmimdən güc istədim.

Şəhidimin hər birinin adlarına,

Nakam qalan yarlarına,

Heç çatmayan arzulara,

Tanrım üçün hey dilədim.

Yazmağımçün güc istədim,

ruh istədim, can istədim.

Adlarını yaşatmaqçün,

vaxt istədim …

Mən şəhidimin bacısıyam,

Üç min şəhid bacısıyam.

Fəxrlə mən öyünürəm,

Qürurla mən yaşayıram.

Tarix yazan şəhidlərin bacısıyam.

Üç min şəhid bacısıyam…

Elçin MƏMMƏDLİ

per

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!