Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bayırşəhərdə tarixi binaların sökülməsi ciddi narahatlıq doğurmaqdadır… “Zədələnib” bəhanəsi ilə sökülən binaları isə qoruyub saxlamaq, turistlərin ixtiyarına verməklə tariximizi yaşada bilərik… Lakin problem qalmaqdadır… Tezadlar.az dəfələrlə bu barədə təkliflərini də səsləndirib… Amma və lakin…
***
Beləliklə, hazırda vəziyyət belədir: “”Təzə Pir” məscidinin ətrafı – Bakının “Bayırşəhər” adlanan hissəsində söküntü işləri paytaxtın baş planına uyğun aparılır”.
Bunu Bakı şəhər İcra Hakimiyyəti İnsan Hüquqları Müvəkkilinin (Ombudsman) sorğusuna cavabında bildirib. Sakinlər isə AzadlıqRadiosuna deyirlər ki, evlərinin məcburi sökülməsi ilə bağlı əvvəl də Ombudsman Səbinə Əliyevaya bir neçə dəfə məktub yazıb kömək istəyiblər. Ombudsman onların şikayəti əsasında Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərib. Sorğuya bu il mayın 22-də cavab gəlib. İcra hakimiyyətinin cavabı sakinlərə də təqdim edilib.
İcra hakimiyyətinin cavabında deyilir: “”Təzə Pir” məscidinin və “Nizami” metrostansiyasının ətrafında yerləşən ərazilərdə XX əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, bərpası səmərəsiz və mümkün olmayan, şəhərin ümumi görkəminə xələl gətirən tikililərin dövlət büdcəsi hesabına satın alınıb sökülməsi, boşaldılmış ərazilərdə istirahət zonalarının yaradılması qərara alınıb”.
Sakinlər tikililərin istismar müddətini başa vurması və bərpasının mümkünsüzlüyü barədə məktubda yazılanların həqiqətəuyğun olmadığını bildirirlər. “Bayırşəhər”dəki söküntüyə etiraz edənlərdən hüquq müdafiəçisi Zahidə Əzizova deyir ki, ərazidə 800-ə yaxın binanın sökülməsi nəzərdə tutulub. O sual edir: əgər bu qədər tikilinin bərpası səmərəsiz idisə, niyə 2019-cu ildə büdcədən milyonlar xərclənərək ərazidə əsaslı təmir-bərpa işləri aparılırdı?
Z.Əzizovanın sözlərinə görə, sakinlərin şikayəti əsasında Bakı İnzibati Məhkəməsi Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərərək əhalinin məcburi köçürülməsinin və söküntü işlərinin qanuniliyini təsdiqləyən sərəncamı tələb edib. Sorğuya Yasamal rayon İcra Hakimiyyətindən cavab gəlib və orada qeyd olunub ki, “ərazidə aparılan işlərə dair plan-layihələr və yerquruluşu planı rayon icra hakimiyyətində aşkar edilməyib”.
“Dövlətin təsdiqlədiyi plan-layihə yoxdursa, deməli, əhalinin məcburi köçürülməsi və binaların sökülməsi də qanunsuzdur. Anlamaq olmur ki, həm mədəni irsimizə, həm də insanlara qarşı belə bir amansızlıq haradan qaynaqlanır”, – Z.Əzizova vurğulayıb.
İndi “Bayırşəhər” sakinləri Ombudsmandan həm insan hüquqları, həm də mədəni irsin qorunması baxımından ərazidəki problemin prezident qarşısında qaldırılmasını istəyirlər.
AzadlıqRadiosu məsələ ilə bağlı Ombudsman Aparatından əlavə açıqlama ala bilməyib.