14 İyun 2026 / 22:42

Böyük Zəfərin təməli: 15 iyundan başlayan qurtuluş yolu

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi kimi tarixə düşüb. 1993-cü ildə ölkədə hökm sürən dərin siyasi, iqtisadi və hərbi böhran şəraitində xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası və müstəqilliyin qorunması baxımından həlledici rol oynayıb.

1987-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrindən istefa verən Heydər Əliyevin siyasi səhnədən uzaqlaşdırılmasından sonra Azərbaycana qarşı ərazi iddiaları daha da fəallaşıb. Müstəqilliyin ilk illərində isə ölkədə idarəetmə böhranı, siyasi qarşıdurmalar, qanunsuz silahlı dəstələrin fəaliyyəti, separatçılıq meylləri və iqtisadi tənəzzül dövlətin mövcudluğunu ciddi təhlükə altına salıb.

1993-cü ilin ortalarında ölkədə vəziyyət daha da gərginləşərək vətəndaş qarşıdurması və parçalanma təhlükəsi yaranıb. Həmin dövrdə xalqın böyük əksəriyyəti çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Azərbaycanın müxtəlif bölgələrindən gələn çağırışlara cavab verən Ulu Öndər 1993-cü il iyunun 9-da Bakıya gəlib və qısa müddətdə ölkədə sabitliyin təmin olunması istiqamətində qətiyyətli addımlar atıb.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Məhz bu tarix sonralar Milli Qurtuluş Günü kimi Azərbaycan xalqının yaddaşına həkk olunub. Onun hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi və dövlətçiliyin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Ulu Öndər Heydər Əliyev həmin dövrdə çıxışlarının birində bildirirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Bu prinsip sonrakı illərdə həyata keçirilən siyasətin əsasını təşkil edib.

1993-2003-cü illər ərzində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi islahatlara başlanılıb, nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb, beynəlxalq əlaqələr genişləndirilib və Azərbaycanın dünya birliyinə inteqrasiyası sürətlənib. “Əsrin müqaviləsi”nin imzalanması, yeni Konstitusiyanın qəbul edilməsi və çoxpartiyalı siyasi sistemin formalaşması da həmin dövrün mühüm nəticələri sırasında yer alıb.

Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası sonrakı illərdə də uğurla davam etdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib, iqtisadi və siyasi nüfuzunu artırıb, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Vətən müharibəsində qazanılan tarixi Zəfər və Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri də Ulu Öndərin siyasi kursunun uğurlu davamı kimi qiymətləndirilir.

Bu gün Azərbaycan xalqı Milli Qurtuluş Gününü dövlətçiliyin xilası, milli birliyin təntənəsi və müstəqil Azərbaycanın inkişaf yolunun başlanğıcı kimi qeyd edir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Məhz həmin tarixdən etibarən Azərbaycan sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyaraq müasir, güclü və nüfuzlu dövlətə çevrilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!