(“Səmərəli ideyalar” silsiləsindən)
…Deyirlər, deputat Aqil Abbas Milli Məclisdə növbəti səmərəli bir ideya ilə çıxış edib. Bu dəfə deyib ki, deputatlara 2 aylıq yay tətili verilir, amma yüksək maaşları da verilir. Odur ki, tətil günlərində deputatlar Qarabağa getməli, təmir-bərpa işlərində təmənnasız işləməlidirlər.
Deyirəm, maşallah, cənab deputat ideya istehsal edir, Milli Məclisdə tez-tez səmərəli təkliflərlə çıxış edir. Oxucuların yadında olar, bir müddət əvvəl təklif etmişdi ki, müəllimlər, alimlər zəhmət çəksinlər, işdən sonra gedib soğan satsınlar. Müəllimlər, alimlər də səmərəli ideyanı göydə qapdılar, bazara qaçdılar, cənab deputatin məlumatına görə, indi babat dolanırlar…
Dostlar, deyirəm cənab Aqil Abbasa bir səmərəli ideya da mən verim, xəyal-plov bir az da yağlı olsun.
Axı, bizim deputatların çoxu 60-ı, hətta 70-i keçib, onların təmir-bərpa işlərində iştirakı, lap elə bir verdrə suyu yerdən qaldırması, 5 metr aparması real görünmür. Amma tətil günlərində Qarabağda, Şuşada səmərəli və sərfəli bizneslə məşğul ola, həm ümumi təmir-bərpa işlərinə, həm də şəxsi ailə büdcələrinə dəstək verə bilərlər. Şair demiş, bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar.
Bilənlər bilir, bilməyənlər üçün deyim ki, yay aylarında, Şuşanın dağlarına çıxanda, dağların başından baxanda, gündüzlər düzlər, gecələr ulduzlar əlin içindəki kimidir. Amma bizim səmərəli ideyamızın hədəfi yerdəki düzlər deyil, göydəki ulduzlardır. Həm də yerdəki düzlərin öz sahibi var, artıq hasara alıblar, göydəki ulduzlar isə baxımsızdır, orda həmişə “ura”dır.
Təsəvvür edin, gecələr Şuşanın dağlarında ulduzlar o qədər çox, o qədər yaxındır ki, əlini uzatsan çatar. Cənab deputatlar hətta yaxınlıqdakı daşın, qayanın üstünə çıxa bilərlər, amma əldə zənbillə çıxmaq lazımdır. Deməli, əllərini uzadırlar, əlçatan ulduzlardan yığırlar, zənbili doldururlar. Göydə ulduz çox, bazar zənbilinin də dibi yox. Apara bildikləri qədər – lap 100 ulduz yığa, zənbili doldura bilərlər.
Səhər cənablar zənbili də qoltuqlarına vururlar, deputat maşınına otururlar. Uzağı günorta üstü özlərini Bakıya yetirirlər. Deyirəm “Vosmoy” bazarına getsinlər, ən sərfəli alver burdadır. Ulduzların birini 100 manatdan “optovoy” versinlər – deputata rəqabət yox, kömrük yox, vergi yox…
Bəli, bizim dəputatlar hər dəfə ən azı 10 min manat qabaqdırlar, amma zəhmət olmasa, bazardan çıxanda məni unutmasınlar. Səmərəli ideyaya görə hər min manata yüz manat mənimdir, jurnalist adamam, bəsimdir…