Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2026 / 22:45

İki ölkə arasında yeni əməkdaşlıq imkanları dəyərləndirilib

Azərbaycan Avropa İttifaqının (Aİ) qabaqcıl islahat təcrübələrinin öyrənilməsi istiqamətində Rumıniya ilə ekspertlər səviyyəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Tezadlar.az xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev ölkədə səfərdə olan Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius Lazurkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

S.Babayev ölkədə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlar barədə məlumat verib, fiskal idarəetmə, dövlət maliyyə sisteminin təkmilləşdirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, regional əməkdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

S. Babayev iki ölkə arasında münasibətlərin strateji əməkdaşlıq, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslandığını bildirərək, Rumıniyanın Azərbaycanın Avropa İttifaqındakı ən yaxın tərəfdaşlarından biri olduğunu qeyd edib. Nazir, həmçinin, Rumıniyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib.

Enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunan nazir Rumıniyanın Azərbaycan təbii qazını idxal edən ölkələr sırasında yer aldığını qeyd edərək, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanın etibarlı tərəfdaş kimi mühüm rol oynadığını bildirib. Xüsusilə, Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin strateji əhəmiyyəti vurğulanaraq, onun uzunmüddətli enerji əməkdaşlığının gücləndirilməsinə və “yaşıl keçid” hədəflərinin dəstəklənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri də diqqət mərkəzində olub. Mina təhlükəsinin postmünaqişə dövrünün əsas humanitar çağırışlarından biri olduğu qeyd olunaraq, humanitar minatəmizləmə fəaliyyətinin təhlükəsiz qayıdışın təmin olunması, iqtisadi dirçəliş və regional bağlantı layihələrinin icrası baxımından həlledici əhəmiyyət daşıdığı vurğulanıb.

Öz növbəsində, Marius Lazurka Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib, siyasi dialoqun dərinləşdirilməsinin, iqtisadi əməkdaşlığın genişləndirilməsinin və regional bağlantıların inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, Xəzər və Qara dəniz regionları arasında əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin rolunu və Orta Dəhlizin Asiya ilə Avropa arasında etibarlı nəqliyyat marşrutu kimi əhəmiyyətini yüksək qiymətləndirib.

Görüş zamanı, həmçinin, logistika, infrastruktur, rəqəmsal texnologiyalar, istehsal və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!