19 İyun 2026 / 13:03

BİNƏQƏDİDƏKİ “CƏNUB” KAFESİNİN QAPISI BAĞLANDI

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi–Xırdalan şosesi 1M ünvanında fəaliyyət göstərən “Yummy Catering” MMC-yə məxsus “Cənub” ictimai iaşə obyektində yoxlama keçirib.

Tezadlar.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq və mal qonşuluğu qaydasına əməl olunmadığı, temperatur göstəricilərinin qeydiyyatı və monitorinqinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, soyuq qəlyanaltıların hazırlandığı sahənin müvafiq soyuducu avadanlıqla təmin edilmədiyi və digər uyğunsuzluqlar aşkarlanıb.

Nəzarət tədbiri zamanı müəssisənin eyni zamanda, keytrinq xidməti fəaliyyəti ilə məşğul olduğu da müəyyən olunub. Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tərtib edilib, sahibkar inzibati məsuliyyətə cəlb olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. Lakin müəyyən edilmiş müddət ərzində uyğunsuzluqlar aradan qaldırılmadığından müəssisənin qida təhlükəsizliyi reyestrindən çıxarışı ləğv edilib və obyektin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA istehlakçıların sağlamlığının qorunması məqsədilə qida zəncirinin bütün mərhələlərində nəzarət tədbirlərini davam etdirir və sahibkarları qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!