İbrahim İpək adlı türkiyəli iş adamının Ağdamın işğaldan azad edilmiş Abdal-Gülablı kəndində mərmər daş karxanası açması kənd sakinlərində etiraza səbəb olub.
Tezadlar.az-a göndərilən etiraz məktubunda deyilir: “…19 iyun 2026 cı il, Abdal Gülablı kənd sakinlərinin, kənd ərazisində yerləşən Məşədi Abbas qayasının ekoloji soyqırımına qarşı mübarizə tədbiri baş tutdu. Nəzərinizə çatdıraq ki, ETSN (Ekologiya Nazirliyi) lisenziyası əsasında, İbrahim İpək adlı türkiyəli iş adamına kəndimizdə ermənilərin dağıdıb, məhv etdiyi qaya daşlarının yenidən dağıdılıb karxana işlədilməsinə razılıq verilmişdir… Biz kənd camaatı olaraq Ibrahim İpəklə telefon əlaqəsi saxladıq, ona izah etməyə çalışdıq ki, bizim kənd ərazisində heç zaman daş, mərmər karxanası olmayıb və olmayacaq. Çünki hal-hazırda kəndimizdə mina təmizləmə əməliyyatı gedir, tezliklə tikinti-quruculuq işlərinə başlanılacaq. Xahiş edirik öz investisiyasını başqa yerə, məsələn, Xocəvənd rayonu ərazisində yerləşən, Korabəy karxanasına yatıra bilər və s. Redaksiyanızdan xahişimiz budur ki, bu müraciətimizi paylaşasınız ki, işğaldan azad olunan torpaqlarımız yenidən işğala və qarətə uğramasın!!!”.
REDAKSİYADAN: müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçtuna da göndərildi. Əlavə məlumat veriləcək.
Xatırladaq ki, hələ Sovetlər dönəmində ermənilər Korabəy adlanan ərazidə( Abdal-Gülablı yolunun sol hissəndə, Qarakənd tərəfə) karxana yaradaraq mərmər istehsal edirdilər.