Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun mətbuata açıqlamalarında iqtisadi əlaqələrin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən layihələrə xüsusi yer ayrıldı. İmzalanan anlaşmalar iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsinnə xidmət edəcək.
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkələr arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirərək şaxələndirmək üçün böyük potensial var. Əsas prioritet qeyri neft-qaz sektoru üzrə dərinləşmiş əməkdaşlığa nail olmaqdır.
Bəs, Türkmənistandan hansı məhsulları alırıq və qardaş dövlətə nə satırıq?
Milli Məclisin deputatı iqtisadçı-ekspert sualı cavab olaraq bildirib ki, Azərbaycan ilə Türkmənistan arasıdakı ticarət dövriyyəsi həm enerji, həm də qeyri neft-qaz məhsullarını əhatə edir.
“2026-cı ilin ilk 4 ayında Azərbaycan Türkmənistandan reaktiv mühərriklər üçün kerosin yanacağı (4 milyon 190 min dollar), mineral və ya kimyəvi azot gübrələri, suda məhlulu (1 milyon 980 min dollar), emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün maye yanacaq (1 milyon 496 min dollar), sürtkü yağları (944 min dollar), şokolad və ondan hazırlanan digər məmulatlar (638 min dollar), kimyəvi toxuculuq materiallarından olan kisə və paketlər (363 min dollar) və digər məhsulları idxal edib.
Azərbaycanın Türkmənistana ixracına gəldikdə isə ağ şəkər və kimyəvi cəhətdən təmiz saxaroza (6 milyon 47 min dollar), dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış, yaymadan sonra oyuqları və çıxıntıları olan məhsullar (4 milyon 885 min dollar), kimyəvi çevirmələr üçün sürtkü yağları (1 milyon 913 min dollar), kərə yağı (929 min dollar), ağır distilyatlar, qazoyllar, dizel yanacağı (514 min dollar) və digər məhsulları qardaş dövlətə satırıq.
Bütövlükdə, sözügedən dövrdə Azərbaycan ilə Türkmənistan arasında 199 məhsul növü üzrə idxal və ixrac əməliyyatları həyata keçirilib. Qarşılıqlı yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açağı gözlənilir”, – deyə Vüqar Bayramov qeyd edib.
Xatırladaq ki, iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzalayıblar.
JASMİN