Ukrayna Baş Kəşfiyyat İdarəsinin hərbi qüvvələri Krıma gedən Melitopol–Cankoy magistral yolunda Rusiyanın logistikasına dronlarla zərbələr endirib. Tezadlar.az xatırladır ki, Hərbi ekspert Ədalət Verdiyev bu zərbə trayektoriyalarını belə şərh edir: “…23 iyun gecəsi Ukrayna PUA-ları düşmənin əməliyyat dərinliyində genişmiqyaslı bir sıra zərbələr endirərək 60-dan çox vacib hədəfi məhv edib.
Əməliyyatın əsas nəticələri:
Krım: Üç Orion hücum dronu, Pantsir-S1 hava hücumundan müdafiə sistemi, S-300 sistemi, Nebo-U radarı və ZU-23-3 zenit qurğusu məhv edildi. Kerç İstilik Elektrik Stansiyasındakı neft anbarlarına, Simferopol qaz paylama stansiyasına və Qərbi Krım elektrik yarımstansiyasına zərbələr endirildi.
Donbas və cəbhə zonaları: Debaltseve yaxınlığındakı 4-cü Əlahiddə Motoatıcı Briqadanın PUA təlim poliqonu və Qorlivkada yanacaq daşıyan maşınlar məhv edildi.
Logistika: Zaporojye bölgəsində və bir sıra digər bölgələrdə Rusiyanın nəqliyyat qovşaqları və təchizat karvanları effektiv şəkildə vurulub. Rusiya üçün bu il çətin olacaq. Ukrayna danışıqlar prosesindən imtina da edə bilər…”.