Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2026 / 08:58

Tbilisidə “Azərbaycan dili və mədəni irsimiz” adlı tədbir-FOTO

Ötən gün Tbilisidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və “Maarif” təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan dili və mədəni irsimiz” adlı tədbir keçirilib. Tezadlar.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəfəq Binnətova, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fuad Çıraqov, eləcə də Marneuli, Bolnisi, Dmanisi, Qardabani və Laqodexi bələdiyyələrində, həmçinin Rustavi və Tbilisi şəhərlərində fəaliyyət göstərən azərbaycandilli məktəblərin direktor və müəllimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Maarif” təşkilatının direktoru Aygül İsayeva ana dilinin qorunması və inkişafı istiqamətində görülən işlərdən danışıb. O, Azərbaycan dilinin tədrisi sahəsində mövcud problemləri, eləcə də dövlət qurumlarına ünvanlanan müraciətlər əsasında həllini tapmış məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəfəq Binnətova və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fuad Çıraqov Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlara göstərdiyi diqqət və dəstəyi vurğulayıblar. Çıxışlarda milli kimliyin, ana dilinin və mədəni irsin qorunmasının vacibliyi qeyd olunub. Tədbir müzakirələrlə davam edib. Arif Əliyev adına Faxralı 1 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyeva, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin ingilis dili müəllimi Rəqsanə Şıxıyeva, Yuxarı Saral kənd ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tərgül Yusubova, Laqodexi bələdiyyəsinin Qabal 2 saylı kənd ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zemfira Şabanova və digər iştirakçılar ana dilinin tədrisi, milli-mənəvi dəyərlərin təbliği və gənc nəslin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar. Tədbirin sonunda milli-mənəvi dəyərlərin gənc nəsil arasında fəal təbliğinə verdikləri töhfəyə görə bir qrup təhsil işçisi “Təşəkkürnamə” ilə təltif olunub. Təltif olunanlar aşağıdakılardır: Ramazan Zimirov – Laqodexi bələdiyyəsi Qabal 2 saylı kənd ictimai məktəbinin direktoru və idman müəllimi; Musa Yusifli – Marneuli bələdiyyəsi Böyük Muğanlı kənd ictimai məktəbinin direktoru; Musa Ömərov – Marneuli bələdiyyəsi Alqet 1 saylı kənd ictimai məktəbinin direktoru; Marvil Əmirov – Dmanisi bələdiyyəsi Bəzəkli kənd ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi; Tərgül Yusubova – Marneuli bələdiyyəsi Yuxarı Saral kənd ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi; Zemfira Şabanova – Laqodexi bələdiyyəsi Qabal 2 saylı kənd ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi; Tural Nəsibli – Marneuli şəhər 2 saylı ictimai məktəbinin riyaziyyat müəllimi.
Tədbir iştirakçıları Azərbaycan dilinin və milli-mədəni irsin qorunması istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!