Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yeraltı nəqliyyat vasitəsi olan metro sərnişin daşınmalarının sayına görə, bəlkə də marşurut avtobuslarını bir neçə dəfə üstələyir. Bununla belə, metropoliten rəhbərliyinin “həftə səkkiz mən doqquz” qəzetlərdə, saytlarda ağlaşmasını görürük ki, bəs yığılan pul borcu ödəmir. Ona görə də dövlətdən dotasiya almağa məcburdurlar.
Bu məqsədlə 2026-cı ildə dövlət büdcəsindən Metropolitenə 40 milyon manat pul ayrılıb. Bu da, ötən il budcədən ayrılan puldan 12,3 milyon manat çoxdur. Necə deyərlər, çox gözəl. Bəs Metropoliten özü sərnişinlərdən nə qədər qazanır? Verilən məlumatlara görə, hər gün metrodan təxminən 600 -700 min, bəzən də bir milyondan çox sərnişin istifadə edir. Bu da metropoliten idarəsinin bir ayda təxminən 10-12 milyon manat pul qazanması deməkdir. Bir il ərzində isə, bu rəqəm 120 milyon manatın ətrafında olur. Dövlətin dotasiya olaraq ayırdığı 40 milyon manatı da üstünə gəlsək, metropolitenin il ərzində qazancı təxminən 160 milyon manatdır. Bu, heç də balaca rəqəm deyil. Bəs bu qədər pula metropoliten rəhbərliyi sərnişinlərin rahatlığını təmin etmək və sərnişin məmnunluğunu qazanmaq üçün nə edib?
Demək olar çox az! Hələ də qatarların hamısında sərinlik sistemi yoxdur. Bəzən qatarlararası interval 10 dəqiqədən çox olur. Bu da növbəti gələn qatarda çox güclü sıxlıq və basabas yaradır. Sərnişinlər bir-birinə yapışmış vəziyyətdə, tər- suyun içində getməyə məcbur olur. Biz hələ yaxınlarda baş vermiş yanğını demirik…
***
Bütün bunlar azmış kimi, metronun “28 may” stansiyasında sərnişinlərin qatar gözləməsi üçün qoyulmuş oturacaqları yığışdırılıb(digər stansiyalara da baxış keçiriləcək). Redaksiyaya edilmiş zənglə bağlı müşahidə aparmaq və faktı yerində görmək qərarına gəldim.
***
Bu da fakt! Düzdür, eskalatordan düşən kimi sağda və solda oturacaqlar var. Bu oturacaqlarda boş-bekar gənclər oturur. Qatarın gəlməyini isə, buradan görmək olmur. Amma qatatarların gəlməyini görmək mümkün olan platformada isə bələdçilərin otura bilməsi üçün qoyulan oturacağı nəzərə almasaq, əlavə heç bir oturacaq yoxdur.
Xeyli təəccübləndim. Axı hərdən 10 dəqiqə intervalla gələn qatarı gözləyənlər arasında körpə uşaqlı və hamilə xanımlar, qocalar, xəstələr, bir ayağı olmayan qazilər və s. sərnişinlər var. Bu kateqoriyadan olan insanlara, metropoliten rəhbərliyindən bu nə hörmətsizlikdir?
Bunun səbəbini bələdçi xanımdan soruşdum. Cavab məni həqiqətən dəhşətə gətirdi: “Oturacaqları ona görə yığışdırıblar ki, sıxlığın qarşısını almaq mümkün olsun. Sərnişinlər çox olanda oturacaqlar onlara mane olur”.
Bərəkallah! Görəsən, bu “super ideya” metropolitendə hansı ağılın məhsuludur? Hansı “ağılın” yiyəsi sıxlığın qarşısını almaq üçün bunu, türklər demiş, qafasına taxıb? Ayıbdır, vallah ayıbdır. Metroda sıxlığı aradan qaldırmaq üçün oturacaqları sökmək yox, intervalı azaltmaq lazımdır. Sıxlıq, basabas isə 2 saat səhər və 2 saat da axşam saatlarında olur. İndi ali və orta məktəblərdə tətillər başlayır. Deməli, basabas da müəyyən qədər azalacaq. Bəs bunu da fikirləşməyiblər? Səhər və axşam vaxtlarında olan sıxlıq, hardasa, cəmi 4 saat çəkir. Metronun 18 saat işlədiyini nəzərə alsaq, deməli, qalan 14 saatda xəstələr, qocalar, hamilə xanımlar, qazilər ayaq üstə gecikmiş qatarları gözləməlidir, eləmi? Metro baş bilənlərinin məntiqinə görə belədir. Hətta müşahidə apardığım vaxtda hamilə qadın divardan yapışıb güclə ayaq üstə dayanmışdı…
***
Özü də nəzərə alsaq ki, bu oturacaqlar açılıb, yığılandır. Yəni, oturan sərnişin ayağa qalxan kimi, oturacaq avtomatik yuxarı qatlanır və heç bir artıq yer tutmur. Bəs hansı məntiqlə bu oturacaların yığışdırılmasına qərar verilib? Budur metroda gediş haqqını qaldırandan sonra sərnişin məmnunluğu? Gediş haqqı qalxandan sonra oturacaqlar da aradan qaldırıldı…Gülməli deyilmi?
Daha sözüm yoxdur… Hələ bununla belə, yenə də ağlaş qururlar ki, bu gediş haqqı ilə işlərimizi apara bilmirik. İşləri çox yüksək səviyyədə aparmaq olar e, bunun üçün bir balaca xalqını düşünən, vətənpərvər insan olmaq lazımdır. Məsələn, niyə 10-15 stansiya gedən sərnişin də 60 qəpik ödəməlidir, bir stansiya gedən də? Bu məsələ müəyyən qədər avtobuslarda tənzimlənib. Avtobus şəhərdən kənara çıxanda qiymət hər kilometrə görə müəyyən edilir. Bəs niyə metroda bu sistem işləmir? Metroda niyə aylıq abonent kartı tədbiq olunmur? Niyə bir gündə metrodan dəfələrlə istifadə edən sərnişinlərə müəyyən güzəştlər olunmur? Şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına metroda gediş haqqı niyə pulsuz olmasın?
Görün nə qədər cavabsız suallar var. Sərnişin məmnunluğu məhz bu cavablardadır. Əvvəlki illərdə 20 yanvar şəhidlərinin ildönümündə bütün sərnişinlər üçün metro bir gün pulsuz işləyərdi. Artıq bir neçə ildir bunu da ləğv ediblər.
***
Hörmətli “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri cənab Vüsal Aslanov, dövlətdən hər il aldığınız dotasiyanın artırılmasını istədiyiniz kimi, sərnişinlərin rahatlığının artırılması qayğısına qalmağı da unutmayın. Çünki sizin və bütün kollektivinizin fəaliyyəti üçün dövlətdən aldığınız dotasiya ilə yanaşı, kondisionerlərin olmaması ilə, qatarların böyük intervalla işləməsi ilə, oturacaqların yığışdırılması ilə narahatlıq yaratdığınız sərnişinlərdən yığılan milyonlardan da asılıdır. Heç olmasa, sərnişinlərdən yığılan miyonlardan, onların rahatlığı üçün də xərcləyin də… Yenisini yaratmırsınız, başa düşdük, heç olmasa, cüzi olan rahatlığını sərnişinlərin əlindən almayın.
Elçin MƏMMƏDLİ