Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanda əhalinin sayı artsa da, bu artımın əsas hissəsi xarici ölkə vətəndaşlarının hesabına baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə iqdisadçı Sosso Arçvadze 2024-cü il əhalinin siyahıyaalınmasının nəticələrini şərh edərkən bildirib.
Xatırladaq ki, Gürcüstanın Milli Statistika Xidmətinin (Sakstat) açıqladığı nəticələrə əsasən, 2024-cü il noyabrın 14-nə ölkə əhalisinin sayı 3 milyon 929 min 581 nəfər olub. Bu göstərici 2014-cü ilin siyahıyaalınması ilə müqayisədə 215 min 777 nəfər və ya 5,8 faiz çoxdur. Məlumata görə, ölkə əhalisinin 52 faizi və ya 2 milyon 48 min 577 nəfəri qadın, 48 faizi və ya 1 milyon 881 min 4 nəfəri isə kişidir. Siyahıyaalma nəticələri göstərib ki, son on ildə şəhər əhalisinin sayı 15,7 faiz artdığı halda, kənd əhalisi 7,4 faiz və ya 111 mindən çox nəfər azalıb. Hazırda əhalinin 62 faizi – 2 milyon 442 min 231 nəfər şəhərlərdə, 38 faizi – 1 milyon 487 min 350 nəfər isə kənd yaşayış məntəqələrində yaşayır. Arçvadzenin sözlərinə görə, ölkədə müsbət demoqrafik göstəricilər də var. “İlk növbədə əhalinin sayı artıb, orta ömür uzunluğu yüksəlib, pravoslavların ümumi sayı çoxalıb. Həmçinin gürcü dilini ana dili hesab edən insanların sayı da artıb və bu göstərici etnik gürcülərin sayından təxminən 40 min nəfər çoxdur. Bu da göstərir ki, gürcü dili bir çox qeyri-gürcü üçün də ana və danışıq dilidir”, – deyə o bildirib. Bununla yanaşı, statistik demoqrafik problemlərin də mövcud olduğunu vurğulayıb. “Əhalinin sayı artsa da, ümumi artımın cəmi 43 faizi Gürcüstan vətəndaşlarının payına düşür. Qalan 57 faiz isə hazırda Gürcüstanda yaşayan digər ölkələrin vətəndaşlarının hesabınadır”, – deyə Arçvadze qeyd edib.
Onun sözlərinə görə, əvvəlki siyahıyaalma ilə müqayisədə bəzi xarici ölkə vətəndaşlarının sayı Gürcüstan vətəndaşlarından daha sürətlə artıb: “Son on ildə Hindistan vətəndaşlarının sayı 55 dəfə, ərəb ölkələri vətəndaşlarının sayı 22 dəfə, İsrail vətəndaşlarının sayı isə təxminən 15 dəfə artıb. Gürcüstan vətəndaşlarının say artımı ilk sırada deyil. Məsələn, Azərbaycan vətəndaşlarının sayı daha sürətlə artıb. Bu da statistik faktdır”, – deyə o əlavə edib.