Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyul 2026 / 20:33

İnterpolun axtardığı şəxs Azərbaycana gətirilir

Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Podqoritsa Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Süleymanov Hidayət Nemət oğlunun sadələşdirilmiş ekstradisiya proseduru əsasında ölkəmizə təhvil verilməsinə razılıq verilib.

Tezadlar.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Sumqayıt şəhər polis idarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Hidayət Süleymanov özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmişin anasının adına olan torpaq sahəsində ev tikintisi və dövlət orqanlarından icazələr daxil olmaqla bütün işlərin görüləcəyi barədə yalan vəd verib aldadıb və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Bu səbəbdən Hidayət Süleymanovun dələduzluq cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Monteneqro ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda Hidayət Süleymanovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı davam etdirir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!