Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

(Əvvəli ötən buraxılışda)
15 sentyabr – Axşam şeirini köçürtməyə verdi:
Papaq tapdıq, baş tapmadıq,
Üzük tapdıq, qaş tapmadıq
Özül tapdıq, daş tapmadıq,
Mat, məəttəl qalmışam.
– Təzə şeirdir, işləyib qaydaya saldım, təzə formadır, deyilməyib.
– Görürsən ki, stoluna yaxınlaşanda yazırsan, işləmək lazımdır.
– Dərman içirəm, vəziyyətim pisləşir, axşam işləyirəm, onda da yata bilmirəm. Beynim oyaq qalır, bunlar elə-belə ağnağazdır.
– Ağnağaz? Bu sözü təzə eşidirəm, o nə deməkdir?
– El arasında işlənən sözdür, əvvəllər hər yaxın kəndin özünün su dəyirmanı vardı. Dəni çox olanlar növbə tutar, dənlərini üyüdərdilər. Torbanın dibində bir az dəni olan kasıb da gəlib dəyirmançıya deyərdi ki, başına dönüm, bunu ağnağaz elə ver. Dəyirmançı da arada kasıbın dənini üyüdüb verərdi ki, uşaqları ac qalmasın. Ağnağaz bizim kəndlərdə işlədilən el sözüdür.
– Deyəsən, apostrofu atıblar.
– Yaxşı ediblər, Cəfər sözündə apostrof vardı, atdılar, düzgün tələffüz etmirik? Səməd Vurğun apostrof dilimizin simfoniyasıdır, deyərdi. Niyə axı o dilimizin simfoniyasıdır sualını da özü verdi Məmməd.
17-19 sentyabr – Bu günün bir yeniliyi bu oldu ki, “Füzuli” adına beynəlxalq mükafatın təsisi haqqında qərar oxundu:
– Məmməd, səncə, Azərbaycandan mükafatı kim alacaq? İndi də 10 min dollar üçün bir-birini qıracaqlar.
– Bəxtiyar “Şəbi-hicran”ı yazıb, mükafat ona düşür. Bir də şərt qoyulmur ki, əsər ancaq Füzulidən olsun, başqa əsərlərə də düşə bilər. Məktəbə yaxın küçədə gəzirdim, iki məktəbli mənə yaxınlaşdı və söylədi ki, biz bu gün sizin şeirinizdən 5 almışıq.
– Hansı şeirimdən, – sual verdim.
– “Müharibə olmasa” şeirindən.
– Əzbər söyləyə bilərsinizmi?
Hər iki uşaq mənə şeiri əzbər söylədi, başlarını tumarladım, sevinə-sevinə getdilər.
– Təzə şeirlərini oxudum, əladır. “Yalan”, “Sınma, könül”. “Sınma” şeirində niyə “şair” müraciətini “könül” sözü ilə əvəz etmisən? Könül çox işlənmişdir, çeynənib.
– Düzdür, mənim də bir o qədər xoşuma gəlmir, beş-altı gündən sonra yenidən köçürəcəyəm, onda əl gəzdirmək olar. Ümumiyyətlə, məni həvəsləndirmək üçün tərifləyirsən, ancaq beş-altı şeirdən biri yaxşı çıxar, bu da təbiidir. Hə, yadıma düşdü, bayaq gəzəndə bir cavan oğlan mənə yaxınlaşdı, Məmməd müəllim, sizinlə görüşmək olarmı, sualını verdi. Olar, olar, dedim.
– Mənim adım Arifdir. Bakı Universitetinin Riyaziyyat fakültəsində dərs deyirəm, sizin “Daş harayı” kitabınızı əzbər bilirəm. Şərq ölkələrində işləmişəm. Özünü türk adlandıranlar sizi çox sevirlər.
Sonra da mənim “Gecə pəncərəmə dırmaşan pişik” şerimi əzbər dedi. 30-35 yaşında, səliqəli geyinmiş, şivərək bir cavan idi.
Elə marıtdama altdan yuxarı,
Nə var yuxarıda, büdrəmək, aşmaq.
Başa başsızları başsız çıxarır…
Yeri get, qabını yala, ay axmaq!
Gecə pəncərəmə dırmaşan pişik!
Pəncərə sındıqca pişiklər artır
Görən nə yemişik, nə yedirtmişik?
Astana yalayan pəncərə yırtır,
Yəqin çox pişiyə pələng demişik
Gecə pəncərəmə dırmaşan pişik….
Ayrılanda da belə dedi:
– Məmməd müəllim, XX əsrin korifeyliyi sizinlə bitdi, bunu bilin.
21 sentyabr – Axşam türk Saleh bəy bizə gəldi. Məmməd haqqında material axtarırdı, doktorluq yazmalı idi:
– Teyzə, mənə kömək et, siz gərək fəxr edəsiniz ki, türk dünyası sizin eşinizi tanıyacaq.
– Saleh, axı məndə nə varsa hamısı bir nüsxədir. Onları sənə versəm, məndə heç nə qalmır, sizdən başqa ayrı salehlər də gələcəklər. Bəs onlara necə kömək edim?
– Belə danışaq, siz qəzetləri mənə verin, mən kserokopiya çıxarıb qaytarım.
– Saleh, evimiz bir az darısqaldır, gərək nəzərə alasan.
– Nə olar xalq şairinin evi belə olar, çox şairlərin evində olmuşam, onları tanıyıram. Bizlərdə belə laf var, – “yandı, döndü”, onlar, teyzə, elədirlər. Məmməd əmi onlardan tamam fərqlənir.
Sayıb 125 məqalə, 3 diplom işini verdim. Bir neçə günə qaytaracağını söylədi. Saleh gedəndən sonra söhbətimiz Mirzə İbrahimovdan düşdü:
– Biz gənclər İttifaqa yığışanda Mirzə müəllim maraqlı söhbətlər edərdi. Ən çox da Səməd Vurğunla bağlı. Deyərdi:
– Səməd Vurğun nə vaxt evinə çatsa, gecə yarısı olsa da, zəng edərdi ki, Mirzə, nə edirsən?
– Yatıram.
– Dur bir az gəzək.
– Çıxıb gəzərdik. İlahi, Bakının gecələri nə gözəl olurmuş, küçələr bomboş, sakit. Ancaq süləng itlər olur küçələrdə.
– Qlavlitdə Knyaz adlı bir yaşıdım işləyirdi, bir yerdə işləmişik, Qlavlitə keçdi. Mənim kitablarımın çoxunu o bir sətrinə də toxunmadan, siyasi şeirlərimi də qol çəkib verib, çap olunub.
Bir dəfə Knyaz belə bir söhbət etmişdi:
– Qılman baş redaktor olanda mən kiçik redaktor işləyirdim. Səməd Vurğunun kitabına bağlanmış müqaviləyə imza atmağa məni onun yanına göndərdi, orta qonorar yazmışdı. Səməd qol çəkmədən müqaviləni qaytardı və dedi: – “Get Qılmana de ki, mən quyruq acıyam, sür-sümük acı deyiləm”.
24 sentyabr – Saleh bəy apardığı materialları geri qaytardı.
– Düzünü de, Saleh, bu qədər materialı axtarıb tapa bilərdinmi?
– Yox, teyzə, demək olar ki, heç bir faizini də tapmazdım. Heç kim bilmir ki, belə zəngin arxiv saxlayırsınız.
Zarafat etdim: – İndi de görək teyzəni tərifləyəcəksənmi?
– Teyzə, kitabın izahat bölməsində mütləq sizə təşəkkür edəcəyəm ki, mənə kömək etmisiniz. Ciddi cavab verdi. Sonra soruşdu:
– Mən müdirimi bəkləyirəm, olarmı onları gətirib Məmməd əmi ilə tanışdırım?
– Olar, Saleh, olar, ancaq bizi xəbərdar et.
26 sentyabr – Məqalələrini hazırlamaqla bərabər arxivi də araşdırmalı, səliqəyə salmalı oldum. Yeni-yeni yazılarla rastlaşdım. Səməd Vurğun haqqında mənə danışdıqlarının bədii variantını gördüm:
– Məmməd, Səməd haqqında yazın tam deyil axı.
– Mən Səməd haqqında 4 yazı yazmışam, 3-ü çap olunub. Dediyin yazı da, məncə, “Ulduz” jurnalında gedib, yadımdaır, Yusif mənə təşəkkür etdi həmin yazıya görə. “Aygün” poeması mənim kurs işim idi. Onun təhlilini vermişəm. İndi sən əlyazmalarımın içində adını oxuduğun yazını ver, baxım.
Axşam Heydər Həsənoğlu bizə gəldi:
– Gəlmişəm ki, “Məmməd Araz” mükafatının kimə veriləcəyini dəqiqləşdirəm. Nizami Xudiyev özünün kitabının münsiflər heyətinə təqdim edilməsini lazım bildi, kitabının bu mükafata layiq olduğunu söylədi. Sizin fikriniz nədir?
– Nizami çox savadlı alimdir, elə bir məsələ varsa, lap yaxşı – söylədi Məmməd…
(Davamı var)
Təqdim etdi: Asif MƏRZİLİ