Ukrayna gecə və səhər saatlarında Rusiyanın Nijnekamsk və Saratovdakı neft emalı zavodlarına, həmçinin Borisoglebsk hərbi aerodromuna zərbələr endirib.
Gecə saatlarında Nijnekamskdakı neft emalı obyektləri, səhər isə Saratovdakı NEZ hədəfə alınıb. Bundan başqa, Rusiya Hərbi-Kosmik Qüvvələrinin Voronej vilayətində yerləşən Borisoglebsk aerodromuna da zərbə endirilib.
OSINT təhlillərinə görə, gecə hücumundan sonra Borisoglebsk hərbi aerodromunun ərazisində yanğın qeydə alınıb. Şahidlərin yaydığı görüntülərdə yanğının məhz aerodrom ərazisində baş verdiyi görünür. Borisoglebsk aerodromu Rusiya aviasiyasının istifadə etdiyi iri hərbi obyektlərdən biridir. Burada Su-34, Su-35S, Su-30SM və digər təyyarələrin yerləşdiyi bildirilir. Aerodrom həm də hücum və cəbhə bombardmançı aviasiyası pilotlarının hazırlanması üçün əsas təlim mərkəzlərindən biri hesab olunur.
Tatarıstanın Nijnekamsk şəhərində də partlayışlar və yanğın barədə məlumatlar yayılıb. PUA təhlükəsi elan olunandan sonra şəhərin sənaye zonasında yanğın başlayıb. Bu ərazidə “TAİF-NK”, “Tatneft”-ə məxsus “TANEKO” neft emalı kompleksi və “Nijnekamskneftekhim” yerləşir.
Nijnekamskda hücuma məruz qala bilən obyekt “TAİF-NK” müəssisəsi olub. Şahid görüntülərində PUA-nın “TANEKO” NEZ-in yaxınlığında yerləşən müəssisə ərazisinə düşdüyü görünür.
Səhər saatlarında Nijnekamsk meri Radmir Belyayev bildirib ki, bölgəyə kütləvi PUA hücumu davam edir və sakinləri xəbərdarlıqlara ciddi yanaşmağa çağırıb.
“TAİF-NK” Nijnekamskda yerləşən iri neft emalı kompleksidir və ildə 8 milyon tondan çox neft və qaz kondensatı emal edir.
“TANEKO” isə “Tatneft”-in strukturuna daxil olan yüksək texnoloji neft emalı kompleksidir. Müəssisənin illik gücü 16,2 milyon ton neft təşkil edir və Rusiyanın ən səmərəli NEZ-lərindən biri sayılır. Nijnekamsk sənaye zonası ilk dəfə hədəfə alınmır. Daha əvvəl də “TANEKO” və “TAİF-NK” obyektlərinə zərbələr barədə məlumat yayılmışdı. Həmin hücumlardan sonra şəhərdə yanacaq qıtlığı yaranmış, sakinlər yanacaqdoldurma məntəqələrində növbələrə düzülmüşdü.
Ədalət Verdiyev,
hərbi ekspert