11 İyul 2026 / 09:59

Fermer niyə şirkətə yox, məhkəməyə güvənməlidir?- ARAŞDIRMA

Azərbaycanda aqrar sektorda etimad böhranı…

Azərbaycan kənd təsərrüfatında illərdir müzakirə olunan əsas problemlərdən biri fermerlərlə iri aqrar şirkətlər arasında etimadın zəif olmasıdır. Bu problem təkcə iqtisadi deyil, həm də sosial xarakter daşıyır. Çünki torpağı becərən insan əməyinin qarşılığını ədalətli şəkildə alacağına əmin olmadıqda, nəticədə istehsaldan uzaqlaşır, ölkə isə yerli məhsul istehsalını artırmaq imkanını itirir.
Bu problemin mahiyyətini göstərən nümunələrdən biri Beyləqandan olan bir fermerin iddiasıdır. Fermer bildirir ki, 12 hektar sahədə şəkər çuğunduru əkərək 600 ton məhsul əldə edib. Məhsuldarlıq hər hektara 500 sentner təşkil etsə də, İmişli Şəkər Zavodu ilə yekun hesablaşmada ona cəmi 4 min manat mənfəət qaldığı bildirilib.
Fermer əvvəlcə təqdim olunan maliyyə sənədlərini başa düşmədiyi üçün hesablamalara etiraz etməyib. Lakin sonradan sənədləri təhlil edən tanışının diqqətini ciddi bir uyğunsuzluq cəlb edib. Müqavilədə əkin sahəsi 12 hektar göstərildiyi halda, yekun hesabatda 24 hektar qeyd olunub. Nəticədə becərmə, aqrotexniki xidmət və suvarma xərcləri ikiqat hesablanaraq fermerin gəlirindən çıxılıb.
Fermerin iddiasına görə, məhkəməyə müraciətdən sonra ona əlavə olaraq 16 min manat ödənilib. Əgər bu fakt doğrudursa, burada söhbət sadəcə hesablama səhvindən yox, fermerin iqtisadi maraqlarına ciddi zərər vurulmasından gedir.
Bu hadisə daha böyük bir problemin göstəricisidir. Azərbaycanda minlərlə fermer hüquqi və maliyyə biliklərinə malik deyil. Onlar mürəkkəb müqavilələri və maliyyə hesabatlarını tam anlaya bilmədikləri üçün çox vaxt şirkətlərin təqdim etdiyi hesablamalara etibar etmək məcburiyyətində qalırlar. Nəticədə hüquqi cəhətdən zəif və məntiqlə uduzan həmişə tərəf fermer olur.
Ən düşündürücü məqam isə odur ki, yerli şəkər çuğunduru istehsalının artırılması dövlət siyasətinin prioritetlərindən biri olduğu halda, istehsalda istifadə olunan xam şəkərin böyük hissəsi hələ də xaricdən idxal edilir. Mövcud statistikaya görə, xammalın təxminən 90–95 faizi idxal olunur və bunun da əsas hissəsi Braziliyadan gətirilir. Yerli istehsal zavodların xammal tələbatını tam ödəyə bilmir.
Bunun səbəblərindən biri məhz fermerlərin iqtisadi motivasiyasının zəifləməsidir. Fermer hesab edirsə ki, yüksək məhsuldarlıq əldə etsə belə, yekunda qazancı minimum olacaq və ya hesablamalarda şəffaflıq olmayacaq, növbəti il həmin məhsulu əkmək istəməyəcək. Beləliklə, ölkə daha çox idxaldan asılı vəziyyətə düşəcək.
Şirkətlər isə yalnız qanun çərçivəsində hərəkət etdiklərini bildirməklə kifayətlənməməlidirlər. Müqavilələrin sadə və başadüşülən formada hazırlanması, bütün hesablamaların elektron şəkildə fermerə təqdim edilməsi, müstəqil audit və mübahisələrin operativ həlli üçün mexanizmlərin yaradılması etimadın formalaşmasının əsas şərtləridir.
Digər tərəfdən, dövlət qurumlarının da nəzarət funksiyası yalnız subsidiya verməklə məhdudlaşmamalıdır. Fermerlə şirkət arasında bağlanan müqavilələrin icrası, hesablaşmaların düzgünlüyü və fermer hüquqlarının qorunması mütəmadi monitorinq edilməlidir. Aqrar Ombudsman və ya müstəqil arbitraj mexanizmi kimi institutların yaradılması da bu sahədə mübahisələrin azalmasına kömək edə bilər.
Nəticə etibarilə, kənd təsərrüfatında inkişafın əsası texnika və subsidiya deyil, etimaddır. Fermer şirkətə güvənmirsə, şirkət fermeri tərəfdaş kimi deyil, zəif müqavilə tərəfi kimi görürsə, bu münasibətlər uzunmüddətli əməkdaşlıq yaratmayacaq. Belə şəraitdə nə yerli şəkər çuğunduru istehsalı artacaq, nə də ölkənin idxaldan asılılığı azalacaq.
Əsas sual isə açıq qalır: Azərbaycanda niyə fermer öz haqqını almaq üçün əvvəlcə məhsul yetişdirməli, sonra isə məhkəmələrdə illərlə mübarizə aparmalıdır? Bu sualın cavabı təkcə bir şirkətin deyil, bütövlükdə aqrar idarəetmə sisteminin nə dərəcədə şəffaf və ədalətli olduğunu müəyyənləşdirir.

Akif NƏSİRLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!