ABŞ-da federal məhkəmə kolleksiyanın bütövlüyü və qorunması ilə bağlı narahatlıqlar səbəbindən “Titanik”dən tapılan 100-dən çox tarixi əsərin hərrac satışını dayandırıb.
Tezadlar.az xəbər verir ki, “Washington Post” qəzetinin məlumatına görə, Virciniya Federal Rayon Məhkəməsinin hakimi Rebekka Biç Smit qəzaya uğramış gəminin eksklüziv xilasetmə hüquqlarına malik olan RMS Titanic şirkəti tərəfindən planlaşdırılan hərracın dayandırılması barədə qərar verib.
Smit bildirib ki, hərraca çıxarılması planlaşdırılan “Titanik”dən 100-dən çox tarixi əsərin satışı məhkəmənin təsdiqindən asılıdır və kolleksiyanın bütövlüyü və qorunması ilə bağlı narahatlıqlar onun qərarına təsir edib.
Smit şirkətdən əsərlərin inventarlaşdırılmasını və onların hazırkı vəziyyəti barədə məlumat verməsini istəyib.
Hərraca çıxarılması planlaşdırılan kolleksiyaya zərgərlik məmulatları, qab-qacaq və “Titanik”in möhtəşəm pilləkənini bəzəyən bürünc mələk heykəli kimi əşyalar daxildir.
Artefaktların tapıldığı sualtı kəşfiyyatda iştirak edən ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA), arxeoloqlar və Fransa hökuməti, artefaktların bütövlükdə qorunub saxlanılmalı olduğunu iddia edərək hərraca qarşı çıxmışdılar.
ELBAR







