Adam bəzən kənardan baxıb məəttəl qalır. 44 günlük müharibədə biz bu xalqın necə misilsiz qəhrəmanlıq nümayiş etdirib tarixi bir zəfərə imza atdığını gördük. Amma indi başqa bir mənzərəyə baxıb sual edirsən: axı o qəhrəmanları yetişdirən xalqla, heç bir mənəvi dəyəri olmayanlara, orasını-burasını açıb pul qazananlara, yüngül həyat tərzi sürən sosial media fenomenlərinə pərəstiş edib dəstək olan xalq necə eyni ola bilər? Niyə bu gün cəmiyyətdə ən böyük hörməti, imkanı məhz fahişələr qazanır? Niyə xalq onları bu qədər səmimi qəlbdən sevir, fanatlıq edir?O boyda qəhrəmanlıqdan sonra biz bu vəziyyətə necə gəlib çıxdıq?
Vaxtilə belə adamların arxasında kimlərin durduğu bəlli idi. Hansısa pullu iş adamları, oliqarxlar, həcilər onlara maşın alar, ev bağışlayar, obyekt açardılar. İndi o “həcilik” eləyənlər xalqın böyük bir kəsimidir.
Camaat özü min dənə problemin, borcun içində batır, amma gedib yarım saatı 10 min manata o cür müğənniləri, toyuna gətirir. TikTok-da, İnstaqramda canlı yayım açanda onlara qucaq-qucaq bahalı hədiyyələr atırlar.
Bir də bunların vəkilliyini edənlər var. Uşaq yaşından orasını-burasını açıb göstərəndə, bədənini gözə soxanda dərhal adını qoyurlar ki, “əşşi, öz azad həyatıdır, sənə nə, özü bilər”. Yaxud da efirdə, səhnədə sırf seksə çağırış edən hərəkətlər edəndə, əxlaqsızlığı təbliğ edəndə deyirlər ki, “bu sənətdir, performansdır, siz anlamırsız”. Öz ailələri, yaxınları da bu biabırçılıqla fəxr edir, hərtərəfli dəstək olurlar.
Bu adamlar hansısa cinayət edəndə belə, kütlə tökülüb bunları müdafiə edir, haqlı çıxarmağa çalışır.
Sonda onu demək istəyirəm ki, belələrinin böyük imkan, hörmət və status sahibi olması əslində onların günahı deyil. Çünki onlara bu reytinqi verən, toylarına çağıran, pul xərcləyən və ən əsası hörmət qoyan biz özümüzük. Tələb var ki, təklif də var.
Əgər bir ölkədə kitab oxuyan, nəsə öyrənmək istəyən, zəhmət çəkən gənc bir kənarda qalıbsa, amma özünü ucuzlaşdıranlar, gündəmdə qalmaq üçün hər cür yola əl atanlar daha çox pul və hörmət görürsə, deməli problem cəmiyyətin elə özündədir.
Dr. Benjamin Kərimov