14 İyul 2026 / 05:51

ABŞ İrana yeni hücuma başlayıb

ABŞ ordusu İrana qarşı ardıcıl üçüncü gecə hücumlar başlatdığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında Prezident Donald Trampın əmri ilə İrana qarşı üçüncü gün hava hücumlarının başladığı bildirilib.

Açıqlamada bu hücumların İran qüvvələrinə ağır itkilər verəcəyi və İranın Hörmüz boğazında mülki şəxslərə və ticarət gəmilərinə hücum etmək qabiliyyətini zəiflətməyə davam edəcəyi iddia edilib.

İranda partlayışlar

İran mediası ABŞ hücumlarının davam etdiyi bir vaxtda Bəndər Abbasda və Hörmüz boğazı bölgəsindəki Qeşm və Kiş adalarında partlayış səsləri eşitdiyini bildirib.

Tramp “İrana sərt zərbə endirəcəyik” demişdi

ABŞ prezidenti Donald Tramp müsahibəsində bazar ertəsi gecəsi və çərşənbə axşamı “İrana sərt zərbə endirəcəklərini” söyləmişdi.

Digər tərəfdən, Tramp Hörmüz boğazında ABŞ-ın İrana qarşı dəniz blokadasının bərpa olunduğunu və boğazdan keçən bütün yüklərə 20% tranzit haqqı tutulacağını açıqlayıb.

Regionda təhlükəsizliyin təmin edilməsi xərclərinə diqqət çəkən Tramp bildirib ki, “Dünyanın bu son dərəcə qeyri-sabit bölgəsində təhlükəsizliyin təmin edilməsi üçün lazım olan bütün xərcləri ödəmək məqsədilə boğazdan keçən bütün yüklərə 20% tranzit haqqı tətbiq olunacaq”.

Hörmüzdə ABŞ-a məxsus pilotsuz təyyarə vurulub

İran mediasında yer alan xəbərlərə görə, Hörmüz boğazı üzərində pilotsuz təyyarə vurulub.

İnqilab Keşikçiləri Korpusu tərəfindən vurulduğu bildirilən təyyarənin ABŞ-a məxsus MQ1 pilotsuz təyyarəsi olduğu müəyyən edilib.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!