(“Qısa qeydlər” silsiləsindən)
Hörmətli həmkarlar, media sahəsində məmurların mətbuatı saymaması, qəzet oxumaması, saytlara baxmaması haqqında fikirlər hakimdir. Düşünürəm ki, bu, yalnız bəzilərinin deyil, bütün medianın səhvidir. Məmurlar mətbuatı saymasaydılar, hər nazirlikdə bir “mətbuat xidməti” açmazdılar və bu qədər pul ayırmazdılar. Bütün vəzifəli adamlar səhvlərinin, nöqsanlarının tirajlanacağından və gedib ölkə rəhbərliyinin qulağına çatacağından qorxurlar. Bir sözlə, iş yerlərini itirməkdən qorxurlar…
Mən 10 ildən çox rəsmi qurumlarda mətbuat katibi işləmişəm və bu prosesi daxildən izləmişəm. Bütün dövlət qurumlarında, hətta Elmlər Akademiyasında mətbuatı diqqətlə izləyirlər, daxildə hər bir yazıya, tənqidə, xəbərə reaksiya verirlər, amma bunu xaricə çıxarmaq istəmirlər. Xaricdə “mən mətbuatı saymıram, Ağanəzərəm, belə gəzərəm” deyirlər. Bu, yalnız xarici pərdədir, daxildə isə mətbuatdan çəkinirlər və hörmət edirlər, sadəcə olaraq, bunu göstərmək istəmirlər. Ona görə də, ruhdan düşməyin, işinizdə olun…