20 İyul 2026 / 18:10

ABŞ terrorçuların deportasiyasına başlayır

Bu günlərdə ABŞ-də məhkəmə ilk “xarici terrorçuların” ölkədən çıxarılması ilə bağlı işə baxacaq. Çünki Ştatlara sığınan belə insanlarla bağlı əvvəllər bu hüquqi alətdən istifadə olunmurdu.

Tezadlar.az xəbər verir ki, bu il iyulun 15-də Birləşmiş Ştatlarda xarici terrorçuların deportasiyası üzrə işlərə baxmağa səlahiyyətli məhkəməyə sorğu göndərilib. Vəsatətə uyğun olaraq, iş üzrə cavabdehin ölkədən çıxarılması tələbi də yer alıb.

Xarici terrorçuların deportasiyası üzrə ixtisaslaşdırılmış məhkəmə (“Alien Terrorist Removal Court, ATRC”) 1996-cı ildə ABŞ Konqresi tərəfindən təsis edilib. Məhkəmə “Terrorizmə qarşı mübarizə və effektiv ölüm cəzası haqqında” qanun çərçivəsində yaradılıb. Ona beş federal dairə hakimi daxildir. Onlar ABŞ Ali Məhkəməsinin baş hakimi tərəfindən təyin olunur və müxtəlif məhkəmə dairələrində fəaliyyət göstərirlər. ABŞ hökuməti onların terror fəaliyyətinə aidiyyətini sübut edən məxfi məlumatlara malikdirsə, məhkəmə əcnəbilərin deportasiyası işlərini sürətləndirir.

Ötən 30 il ərzində bu ədliyyə orqanı fəaliyyətsiz qalıb, aidiyyəti üzrə heç bir işə baxmayıb. Ona görə də ABŞ həm də terrorçuların sığınacaq tapdığı ölkəyə də çevrilib. Çünki müxtəlif ölkələrdə çevriliş olanda dövlət başçılarına ABŞ-də sığınacaq verilməsi ənənəsi var. Eyni təşşəbbüslə Ştatlar öz ölkəsi və dünyanın çeşidli bölgələrində terror törədənlərə də sığınacaq yeri olub.

Bu məhkəmə gec təsis edildiyindən, habelə 30 ilə yaxın fəaliyyətsiz qaldığından ASALA və PKK terror qruplaşmalarının üzvləri də ABŞ-də sərbəst yaşayıb, cinayətlər törədiblər.

ASALA və JCAG (“Erməni Soyqırımı ilə bağlı ədalət uğrunda mübarizə aparanlar”) 1970-1980-ci illərdə ABŞ-də türk diplomatlarını qətlə yetiriblər. Onlar Los-Anceles və Bostonda bu cinayətləri törədiblər. Yeri gəlmişkən, Türkiyənin Los-Anceles Baş konsulu Mehmet Baydar və konsul Bahadır Dəmir 1973-cü il yanvarın 27-də ASALA tərəfindən təşkil edilən silahlı hücum nəticəsində vəzifə səlahiyyələrini icra edərkən qətlə yetiriliblər. Bu terror dəstəsi 1982-ci il mayın 4-də Türkiyənin Bostondakı Baş konsulu Orxan Gündüzü bombalı hücum nəticəsində qətlə yetirib.

ASALA və başqa erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək 24 türk diplomatını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan Azərbaycana qarşı metro və avtobusların partladılması daxil 30-a yaxın genişmiqyaslı terrorçuluq aktı törədilib, mülki əhali terrorçuların hədəfi olub.

Azərbaycanlılara qarşı Xocalıda soyqırımın törədilməsində ASALA və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qrupları yaxından iştirak ediblər.

ABŞ-yə qaçan, orada fəaliyyət göstərən, ya da sığınan başlıca ASALA üzvləri bunlardır;

Monte Melkonyan – ASALA-nın ən yüksək səviyyəli rəhbərlərindən və nəzəriyyəçilərindəndir. Kaliforniyada doğulan və Berklidə təhsil alan Melkonyan 1980-ci illərin ortalarında Fransada tutularaq həbsə girənə qədər ASALA-nın Qərbi Avropadakı və ABŞ-dakı fəaliyyətlərini təşkil etmişdir.

Monte Melkonyan Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı birləşmələrinin komandiri olub. 1990-cı illərdə Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan münaqişəyə qoşularaq Azərbaycanın Laçın, Kəlbəcər və Ağdam rayonlarında döyüş əməliyyatlarına rəhbərlik edib. Xocalı soyqırımı zamanı dinc əhaliyə işgəncə verənlərdən olub.

Gürgen Yanıkyan adlı terrorçu yerli ASALA-nın qurucusu sayılıb. 1973-cü ildə Los-Ancelesdə Türkiyənin iki diplomatını öldürüb. ABŞ-də ömürlük həbs cəzasına məhkum edilsə də, 1984-cü ildə səhhətinə görə azadlığa buraxılıb. ASALA-nın ABŞ-dəki üzvləri 1973-cü ildə Kaliforniyada Türkiyə diplomatlarını qətlə yetirib, 1980-ci illərdə türk diasporuna hücumlar təşkil ediblər.

Ampik Sassunyan – 1982-ci ildə Los-Anceles şəhərində Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirib. O, ömürlük həbs cəzasına məhkum edilsə də, 2002-ci ildə federal məhkəmə ona həbsdən 25 il sonra 2009-cu ildə azadlığa çıxmaq üçün ərizə vermək imkanı yaradıb. Terrorçu 18 aydan sonra yeni petisiya hüququ əldə edib. 2021-ci ilin oktyabrında azadlığa buraxılaraq Ermənistana qayıdıb.

2012-ci ildə həbsdəikən Ambik Sassunyan “erməni əsgəri olduğunu” və Azərbaycanın o zaman işğal altında olan Qarabağ ərazisində döyüşməyə hazır olduğunu bildirmişdi. 2022-ci ildə İrəvana gəlmiş, saxlanılmış sonra isə sərbəst buraxılmışdı. ABŞ-də bəhs etdiyimiz məhkəmənin fəaliyyətsizliyi səbəbindən sonradan onun Ştatlarda qalmasına şərait yaradılıb…

ASALA sonralar ABŞ-də birbaşa terrorlar törətməyib. Ancaq Ştatlarda yaşayan varlı ermənilər və erməni lobbisi onları maliyyə cəhətdən təmin edib.

ABŞ PKK-nı terror təşkilatı olaraq tanısa da, onun Suriyadakı qolu YPG/PYD, SDQ-nin ünsürlərinə sığınacaq verib. Qanunsuz yollarla ABŞ-yə keçiblər. Türkiyə bu vəziyyəti sərt şəkildə tənqid edir.

Son illər ABŞ-dəki İran vətəndaşlarına qarşı da deportasiya ilə bağlı qərarlar qəbul edilib. Xüsusən 2024-cü ilin sonlarında ABŞ Ədliyyə Nazirliyi İran vətəndaşı Fərhad Şakəriyə qarşı Prezident Donald Tramp da daxil olmaqla Nyu-Yorkun iki sakininə sifarişli qətllərin hazırlanması çərçivəsində ittiham irəli sürülüb. Bildirilirdi ki, o, İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) sifarişi ilə fəaliyyət göstərib. Üç il öncə Sepahın agenti Purya Zeynali ABŞ-də həbs edilib və ölkə prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun öldürülməsi məqsədilə sui-qəsd təşkil etməkdə ittiham olunub.

Bunlar ABŞ-yə sığınan çoxsaylı terrorçular barəsində çox qısa məlumatlardır. Göründüyü kimi, onlar ABŞ ərazisində də terrorlar törədərək dövlətin milli maraqlarına və təhlükəsizliyinə zərbə vururlar. Elə 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilmiş teraktı buna nümunə göstərmək olar.

Bir məhkəmə orqanının 30 ildən sonra fəaliyyətə başlaması Ştatlarda terrora, terrorçulara qarşı mübarizənin göstəricisidir. Halbuki ABŞ-də hər əcnəbiyə sığınacaq verilmir. Ölkə ərazisində olan və ya sərhədə gələn, vətənlərində təqiblərə məruz qaldıqlarını, yaxud gələcəkdə məruz qalacaqlarına dair əsaslı qorxuları olduğunu sübut edə bilən şəxslərə sığınacaq verilir.

ABŞ qanunvericiliyinə əsasən, müdafiə aşağıdakı əlamətə görə təmin edilir: irqi mənsubiyyət, dini inanclar, milliyyət, siyasi baxışlar, müəyyən sosial qrupa mənsubiyyət (məsələn, jurnalistlər, insan hüquq müdafiəçiləri, LGBT icmasının nümayəndələri).

Vaxtilə ABŞ-nin himayə etdiyi ölkələrdəki müxalifət nümayəndələri də ora miqrasiya ediblər. Bundan başqa, Avropa İttifaqından da Ştatlara axın az olmayıb. Ona görə də Federal Təhqiqat Bürosu və ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Avropaya qarşı miqrasiya nəzarətini sərtləşdirir.

Terrora görə son illər ölkəyə gələnlərin keçmişi daha dəqiq araşdırılır. Ancaq indiyədək bu ölkə də terrorçuların yuvası olub. Çünki ABŞ azad ölkə sayılıb. Bir vaxtlar ora qızıl axtarmaq üçün çoxlu qaçaq-quldur və başqaları toplaşıb. Yerli sakinləri sıxışdırıb, assimilyasiya ediblər və s. Milyonlarla yerli sakin onların vəhşiliklərinin qurbanı olub.

Sonrakı dövrlərdə ştatlar liberal cəmiyyət və qanunlarla idarə olunan dövlətə çevrilib. Ona görə ölkəyə bir vaxtlar, xüsusən “soyuq müharibə” illərində, İranda 1979-cu il inqilabında Ştatların maraqlarına qarşı çıxan ölkələrin vətəndaşlarının girişi çətin olmayıb. Bundan başqa, ABŞ-yə qanunsuz yolla sığınanlar da az deyil.

Terrorçuların ABŞ-də sığınacaq tapmasını həm də siyasi maraq baxımından yozmaq olar. Belə düşünmək olar ki, həmin qrupdan Ştatların maraqlarının təmin olunmasında istifadə ediblər. Yaxud onlardan ölkənin milli maraqları və təhlükəsizliyinə qarşı çıxan dövlətlərə, hakimiyyətlərə, rejimlərə təzyiq aləti kimi istifadə olunub.

ABŞ bir çox ölkənin müxalifətdə olan siyasi liderlərinin sığınacağı olub. Ağ Ev həmin şəxslərdən ölkələrdəki hakimiyyətlərə təzyiq edib. Görünür, Ştatlarda məskunlaşmış terrorçuların 30 il vətəndaşı olduqları dövlətə deportasiya olunmamaları da bu siyasətə xidmət edib. Xarici terrorçuların deportasiyası üzrə ixtisaslaşdırılmış məhkəmənin fəaliyyətsizliyini də bununla əlaqələndirmək olar.

Ancaq vaxtilə terrorçuya sığınacaq verilməsi, onlar üçün ölkə qapılarının açıq qalması terrorun təşviqi də sayılır. Odur ki, 30 ildən sonra məhkəmənin fəaliyyətə başlamasını ABŞ-nin terrora qarşı mübarizəni gücləndirməsi kimi də dəyərləndirmək olar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!