Əsas məzmuna keç

Üç nöqtə…

(“Qırmızı yuxu” kitabımdan fəlsəfi-esse)

 

… Deyirlər, insanın qurduğu ən böyük sədd daşdan hörülən deyil. Daşın öz dili var. O sərtdir, soyuqdur, toxunanda hiss olunur. Qarşında dayanırsa, ona toxuna bilirsən, üstündən aşa bilirsən, ətrafından dolana, hətta bir gün dağıda da bilirsən. İnsan daşdan tikdiyi səddin harada başladığını da, harada bitdiyini də təxminən bilir. Bəs hissin səddini necə, o harada başlayır? İlk qorxuda? İlk susduğumuz sözdə? Yoxsa heç kimin görmədiyi, heç kimin bilmədiyi yerdə — insanın öz daxilində?

Çin səddi minilliklər boyu insanın torpaq üzərində yaratdığı ən möhtəşəm müdafiə xətlərindən biri kimi yadda qalıb. Daş daş üstünə qoyulub, əllər yorulub, nəsillər dəyişib, zaman öz yoluna davam edib, amma sədd qalıb. İnsan özünü qorumaq üçün torpağın üzərində nəhəng bir sərhəd yaradıb. Mən isə həmişə başqa bir səddi düşünmüşəm: insanın öz içində qurduğu səddi! Görünməyən, toxunulmayan, ölçülməyən bir səddi… Hissin səddi. Mən özümə sual verməyi çox sevmirəm. Çünki sualın ardınca cavab da verməliyəm. Cavab isə bəzən özümdən gizlətdiyim həqiqəti üzümə tutur. Ona görə də mən özümə ünvanladığım sual cümləsinin sonuna sual işarəsi yox, cümlədəki hissimi daha qabarıq duyuran nida, bəzən də üç nöqtə yazmaqla kifayətlənirəm…

Üç nöqtə… Nə tam susmaqdır, nə də danışmaq. Nə başlanğıcdır, nə də son. Sanki cümlənin qapısı açılır, sonra kimsə içəridən onu yavaşca bağlayır və üç nöqtə… Mənim üçün bu nöqtələr çoxdan, sadəcə bir durğu işarəsi olmaqdan çıxıb. Onlar, içimdə tikdiyim səddin daşlarıdır. İnsanın dünyaya gəlməzdən əvvəl hansı qorxuları olduğunu bilirsiniz? Bəlkə ruhun yaddaşında sözə çevrilməmiş nələrsə olur. Bəlkə insan dünyaya gələndə özü ilə yalnız taleyini deyil, izah edə bilmədiyi bir susqunluğu da gətirir. Mənə elə gəlir ki, içimdəki səddin ilk daşı heç bir hadisənin nəticəsi olmayıb. O, sadəcə qoyulub: bir daş ayrılıq, başqa bir daş etimadsızlıq. Bir daş yarımçıq cümlə, biri vaxtında deyilməmiş “qal”, bir digəri gecikmiş “bağışla”, bir başqa daş heç vaxt etiraf edilməmiş “səni anlayıram”… Beləcə, sədd yüksəlib. Bizlər böyüdükcə içimizdəki divarlar da böyüyüb. Mən danışmaq istəyirəm. Sonra susuram, çünki susmaq istəyirəm. Sonra içimdə sözlər bir-birinə dəyib səs salır. Bəzən elə bilirəm ki, boğazımda illərdir deyilməmiş cümlələr yapışıb qalıb. Birdən mənə elə gəlir ki, onlar mənimlə doğulub, mənimlə böyüyüb, mənimlə qocalırlar. Hətta bəzilərinin adını belə unutmuşam.

Deyirlər, göz yaşları xeyirə işarədir. Nəmli gözlərin arxasında mütləq bir təbəssüm yatır. Amma nədənsə mən öz gözlərimdə o təbəssümü hələ ki, görmürəm. Yoxsa təbəssüm içimdəki səddin o biri tərəfində qalıb? Bilirsiniz, insanın göz yaşı ilə gülüşü arasında da görünməyən bir divar var. Ağlamağa nə var…bəzən göz yaşları insanın əvəzinə danışır. Amma nəyi etiraf etdiyini özü də bilmir. Sadəcə axır…danışır… Mən ağlayanda itirdiyim insanlardan çox, onların yanında ola bilmədiyim anlara ağlayıram. Bəlkə də keçmişə yox, keçmişdə susduğum özümə ağlayıram. Və sonra yenə… Üç nöqtə. Bax, səddin dili budur.  XIII əsrin böyük sufi şairi, filosof Rumi deyirdi: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!” Bu cümlə insanın üzünə tutulmuş güzgüyə bənzəyir. Mən də həmişə olduğum kimi görünməyə çalışmışam. Gizlənməyin nə mənası var… Sonra anladım ki, özünü necə göstərirsən göstər, səni görən hər kəs səni başqa cür oxuyur. Birinin gözündə sakitlik olan baxış başqasının gözündə soyuqluqdur. Birinin səmimiyyət hesab etdiyi söz digərinin qulağında kobudluğa çevrilir. Birinin susmasını təmkin kimi qəbul edirlər, başqası onu lovğalıq sayır. Bu minvalla mən də bir müddət öz “profilimi” dəyişdim. Bəlkə özümə daha yaxın görünmək üçün. Ya da başqalarının məni necə gördüyünü dəyişmək üçün. Fəqət nə qədər dəyişsəm də, içimdəki sədd yerində qaldı. Çünki insanın xarici görünüşünü dəyişmək asan, daxilindəki divarın daşlarını yerindən oynatmaq isə müşkül məsələdir. Beləcə canlı müqəvvaya çevrildim. Baxışlarım canlı idi. Danışırdım, gülürdüm, nəfəs alırdım, gəzirdim, ətrafımla ünsiyyət qururdum. Amma bütün bunların arxasında mənə məxsus bir susqunluq dayanırdı. Sanki içimdəki insan başqa bir otaqda yaşayırdı. Baxmayaraq ki, qapısı da, açarı da öz əlimdə idi, amma o qapını açmağa qorxurdum.

Bəzən hər şeyi zamanın üstünə atmaq istəyirəm: “Əşşi, bu zamanın işidir…buraxaq zaman həll etsin. Zaman nə dərdlərə dərman tapıb…” Amma sonra düşünürəm: “Zamanın özü axan bir nəsnədir. Biz ona “zaman” adı vermişik. O sadəcə sürətlə gəlib, sürətlə keçir.” Bəzi insanlar həyatımızdan çıxır. Bəziləri yaddaşımıza çevrilir. Bəziləri də arzularımızda ölür. Və biz bütün bunların qarşısında deyirik: “Zaman hər şeyi sağaldır.” Xeyr. Zaman heç nəyi sağaltmır, sadəcə ağrının formasını dəyişir! Necə ki, yara əvvəl qanayır, sonra qabıq bağlayır, sonra da izi qalır… İz isə bəzən yaradan daha uzunömürlü olur. Ölüm haqqında da qəribə düşüncələrim var: İnsan cavabını tapa bilmədiyi suallardan qaçmaq üçün ölümü son qapı kimi görə bilərmi? Bəlkə görə bilər. Amma həyatın özünəməxsus bir sirri var: insana verilmiş ruhu insan özü geri ala bilməz. Mənim üçün həyat, mənə verilmiş bir əmanətdir. Əmanətin vaxtından əvvəl qaytarılması isə çıxış yolu deyil. Ölüm gələndə gələcək. Məncə, insanın həyat meydanında əsl vəzifəsi ölməzdən əvvəl içindəki divarların bir qismini dağıtmağıdır. Əgər insan sağ ikən özünü ifadə edə bilmirsə, bəzən ölüm yalnız bədənin yox, sözün də sonuna çevrilir. Ona görə də bəzən mənə şübhə ilə baxan insanların fikirlərinin üstünə üç nöqtə qoyuram. Çünki hər suala cavab vermək lazım deyil. Bəzən cavabsızlıq da cavabdır. Bəs bu hal, sağ ikən ölməkdirmi? Yoxsa özünü qorumağın başqa forması? Bunu da üç nöqtənin ixtiyarına buraxıram…

Yer altında görünməyən qüvvələr bir gün hərəkətə gələcək. Heç kimin görmədiyi dərinliklərdə bir titrəyiş başlayacaq. Sonra yer silkələnəcək. Daşlar yerindən oynayacaq. Divarlar çatlayacaq. Dənizlər öz sakitliyini itirəcək… Və insanın illərlə qurduğu sədlərin qarşısında təbiət bircə anlıq gücünü göstərəcək. Ən möhkəm divarlar belə bəzən bir titrəyişin qarşısında diz çökür. Mən də bəzən düşünürəm: kaş içimdə belə bir zəlzələ baş verəydi. Kaş dəniz içimdəki sahilləri aşaydı. Kaş sözlərim daşların arasından cücərən ot kimi çıxıb üzümə gəlsəydi. Amma sonra anlayıram ki, insanın içindəki sədd həmişə zəlzələ ilə dağılmır. Bəzən onu bir damla yağış dağıdır. Güzgü önündə ən çox iki hal məndə özünü biruzə verəndə dayanıram: bir sevindiyim zaman, bir də donub sükuta qərq olduğum zaman. Birinci halda üzümə baxıram və gülüşümün arxasında gizlənən kədəri, ikinci halda isə susuram və susqunluğumun arxasında gizlənən məyusluğu görürəm. Bəlkə o güzgü yaddaşdır, ya vicdan. Bəlkə söz, bəlkə də susmaq…

Müqəddəs Quran bizlərə təlqin edir ki, maddi dünya ilə əbədi dünya arasında görünməyən bir sərhəd var. Mən o sərhədi bəzən bir tel qədər incə təsəvvür edirəm. Bir tel… Keçmək üçün çox nazik. Amma toxunmaq üçün çox təhlükəli. İnsan bir tərəfdə dayanıb o biri tərəfə baxır. Hər iki tərəf görünsə də keçmək olmur. Bax, hiss də buna bənzəyir. İnsan öz daxilinin o biri tərəfini görür, ona toxunacaq qədər yaxınlaşır, amma arada görünməyən bir şey dayanır: Qorxu. Qürur. Yaddaş. Və nəhayət, üç nöqtə… Bəlkə də mən “üç nöqtə”ni səhv anlamışam. Bəlkə onu həmişə yarımçıq qalmağın işarəsi kimi görmək lazım deyil. Çünki üç nöqtədən sonra söz davam edə bilər. Hekayə davam edə bilər. İnsan davam edə bilər. Hətta həyatın özü də…

Üç nöqtə bəzən bitməyən cümlənin deyil, hələ bitməmiş insanın işarəsidir. Mən bunu gec də olsa anladım. İnsan özünün son nöqtəsi deyil. Onun içində həmişə davam edən bir cümlə var. Bəzən onu özü eşitmir. Bəzən başqaları eşitmir. Bəzən isə insanın bütün ömrü həmin cümlənin ardınca getməkdən ibarət olur.

Həyat hekayəmin cümlələri düşüncə qatarına minib naməlum bir ünvana gedirlər. Vağzalın adı yoxdur. Biletin üstündə dönüş tarixi yazılmayıb. Pəncərədən gəlib – keçən mənzərələr dəyişir. Uşaqlıq keçir. Gənclik keçir. İnsanlar keçir. Sevinclər, ayrılıqlar, peşmanlıqlar, ümidlər… Və mən indi anlayıram: məsələ üç nöqtəni nöqtəyə çevirməkdə deyil. Bəlkə də məsələ üç nöqtənin arxasında nə olduğunu anlamaqdadır. Çünki hər üç nöqtənin içində bir az qorxu, bir az ümid, bir az da cəsarət var. O yenidən başlamaqdır. Etirafın astanasında dayanmaqdır. Bəzi sözlərin sonunu yazmaq olmur. Bəzi hisslərin adı yoxdur. Bəzi yolların son dayanacağı bilinmir. Bəzi sədlər hələ dağılmayıb. Və bəlkə də elə buna görə…

Üç nöqtə…

Üç balaca işarə.

Üç səssiz addım.

Üç nəfəs qədər qısa,

Bir ömür qədər uzun…

Mən hələ danışıram.

Hələ axtarıram.

Hələ yaşayıram…

Üç nöqtə…

 

Racu Şıxlı

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…