20 İyul 2026 / 21:55

“Molla” məhkəmədə ittihamları rədd etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə külli miqdarda zərər vurmaqla dəlıduzluqda təqsirləndirilən Mürvət Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Tezdlar.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə davam edib. M.Zeynalov ona qarşı olan ittihamlarda özünü təqsirli bilmədiyini deyib:

“Mən uşaqlıqdan mollalıq edirəm. Kənd camaatı məni əməli-saleh insan olaraq tanıyır. Ona görə də kənd ağsaqqalları məni Mərdəkan məscidinə molla seçdilər. Hərdən sevgi məzmunlu şeirlər də yazıram. Bu şeirlər məni sosial şəbəkələrdə çox tanıtdırdı, hər kəs şeirlərimi çox bəyənirdi. Lalə xanım da heyranlarımdan idi. Biz tanış olduq, münasibətimiz yarandı. Məndən əl çəkmirdi. Bir dəfə təsadüfən yanında anamın xəstə olduğunu dedim. Heç istəməmiş gətirib mənə pul verdi ki, sən fikir çəkmə, sənin kimi insanın anası tez sağalmalıdır, apar müalicə elətdir”.

Məhkəmə sonra şahid ifadəsi ilə davam edib.

Şahid X.S. təqsirləndirilən şəxsin anası olduğunu bildirib:

“Oğlum şərlənib. O qadınla sosial şəbəkə vasitəsilə tanış olub. Mərdəkanda sayılıb-seçilən molladır. Mürvət şeir yazır, müğənnilır onun şeirlərinə mahnılar bəstələyib televizorda oxuyurlar. Bu qız da telefonda, sosial şəbəkələrdə oğlumu görüb əl çəkmir ondan. Tələb edir ki, oğlum onunla evlənsin. Mürvət ayrıksa da dörd uşağı var, ailəli sayılır, necə evlənsin axı onunla?

Qız onun üçün pullar xərcləyir. Mən onkoloji xəstə idim, bu qız da bunu bilirdi. Heç ondan istəməmiş 4000 manatı gətirib oğluma vermişdi ki, ananı müalicə elətdir, sağalsın. Biz o puldan 200 manat qaytara bilmişik, qalanın isə hissə-hissə verəcəkdim.

Başımıza gələn bu müsibətin hamısı oğlum onu almadığına görədir, hikkəsindən oğlumu tutdurub. Bizdən tələb edir ki, ata mülkümü satıb ona verək, ondan sonra əl çəksin. Mən necə satım o mülki ki, evin o qədər varisi var”.

Növbəti proses sentyabrın 16-sı saat 16:00-a təyin olunub.

Xatırladaq ki, Mürvət Zeynalov Lalə Abdullayevanın etibarından sui-istifadə edərək, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumat bazasında din xadimi olmadığı halda özümü Mərdəkan qəsəbəsindəki məscidin mollası kimi təqdim etməklə inandıraraq, Abdullayevanın ailə üzvləri üçün yazacağı dualardan müsbət nəticələr əldə edəcəyi barədə yalan vəd verərək, L. Abdullayevaya məxsus həyət evinin satılmasını sürətləndirmək üçün dualar oxunmuş su verərək, ondan müxtəlif vaxtlarda yüksək  məbləğlər alaraq, ümumilikdə Lalə Abdullayevaya 110 000 manat külli miqdarda ziyan vuraraq dələduzluq edib.

Faktla bağlı cinayət işi başlanılıb, Mürvət Zeynalov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!