Dövlət vəzifəsi şəxsi imtiyazdır, yoxsa xalqa xidmət? Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyevin iş rejimi, idarəçilik məsuliyyəti, kollektivdə davranış və maddi imkanların şəffaflığı məsələlərini yenidən gündəmə gətirir. Vəzifəli şəxsə ictimai nəzarət niyə vacibdir?
Dövlət idarəçiliyində əsas meyar tutulan vəzifə deyil, həmin vəzifənin hansı nəticələrlə icra edilməsidir. Xüsusilə icra hakimiyyəti sistemində çalışan rəhbər vəzifəli şəxslər həm əmək intizamına, həm də vətəndaşlarla münasibətdə dövlət qulluqçusunun etik davranış prinsiplərinə əməl etməlidirlər.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Araz oğlu Əliyevin fəaliyyəti bir sıra ciddi sualların araşdırılmasını zəruri edir.Məsələ yalnız bir məmurun iş rejimi ilə məhdudlaşmır. Söhbət dövlət vəzifəsinin icrası, vətəndaş məmnuniyyəti, kollektivdə idarəçilik mədəniyyəti və vəzifəli şəxslərin hesabatlılığından gedir.
İşə gec gəlmək, işdən tez ayrılmaq iddiaları: Nəzarət mexanizmi işləyirmi?
Redaksiyaya təqdim edilən məlumatlarda iddia olunur ki, İsmayıl Əliyevin gündəlik iş rejiminə riayət etməsi ilə bağlı ciddi narazılıqlar mövcuddur. Bildirilir ki, o, bəzi hallarda işə saat 11:00–12:00 radələrində gəlir, günün ikinci yarısında isə saat 16:00–17:00 aralığında iş yerini tərk edir.Əgər bu məlumatlar təsdiqini taparsa, söhbət sadəcə şəxsi iş intizamından deyil, dövlət idarəçiliyində əmək məsuliyyətinin təmin olunmasından gedir.
Dövlət vəzifəsi şəxsi qrafikə uyğun idarə edilə biləcək fəaliyyət sahəsi deyil. Qanunla müəyyən edilmiş əmək və xidmət intizamı hər bir vəzifəli şəxs üçün eyni dərəcədə əhəmiyyət daşımalıdır. Kollektivdə idarəçilik, yoxsa narazılıq mühiti? İsmayıl Əliyevin kollektiv daxilində davranışı ilə bağlı da ciddi narazılıqlar ifadə olunur.
Məlumatlarda bəzi əməkdaşlarla münasibətlərdə təzyiq xarakterli davranışların müşahidə edildiyi, iş mühitində gərginlik və narazılıq yarandığı iddia olunur. Əgər bu iddialar doğrudursa, belə idarəçilik üslubu dövlət qurumunda sağlam əmək münasibətlərinə və işin səmərəliliyinə mənfi təsir göstərə bilər. Dövlət qulluqçusunun rəhbər vəzifədə çalışması ona əməkdaşlarla istənilən formada davranmaq hüququ vermir. Vəzifə səlahiyyətləri şəxsi münasibətlərin deyil, qanunçuluğun və xidməti məsuliyyətin təmin edilməsinə xidmət etməlidir. Bu səbəbdən kollektivdəki narazılıqların, əməkdaşların müraciətlərinin və mümkün xidməti intizam pozuntularının araşdırılması məqsədəuyğun olardı. Vətəndaşla ünsiyyət: Məmur vətəndaşın xidmətində olmalıdır
Məsələnin daha həssas tərəfi isə vətəndaşlarla münasibətlərdir…
Redaksiyaya çatdırılan şikayətlərdə İsmayıl Əliyevin vətəndaşlarla ünsiyyətdə məsafəli və yuxarıdan aşağı münasibət sərgilədiyi, müraciət edən şəxslərin problemlərinin həllində lazımi kömək göstərmədiyi iddia olunur. Dövlət məmurunun vətəndaşa münasibəti heç bir halda ikinci dərəcəli məsələ sayıla bilməz.Vətəndaş icra hakimiyyətinə şəxsi münasibət qurmaq üçün deyil, qanuni probleminin həllinə dəstək almaq üçün müraciət edir.
Bəs vətəndaş müraciətinə lazımi diqqət göstərilmirsə, vəzifəli şəxsin fəaliyyətinin effektivliyi hansı meyarlarla ölçülür?
Ailə əlaqələri və maddi imkanlar: İctimai maraq doğuran suallar
İsmayıl Əliyevin bahalı avtomobilləri, daşınmaz əmlakları və dəbdəbəli həyat tərzi ilə bağlı suallar da qaldırılır. Burada əsas məsələ kiminsə maddi imkanlarının olması deyil. Əsas məsələ dövlət qulluqçusunun maddi vəziyyəti ilə bağlı ictimai maraq doğuran suallar yarandıqda onların qanuni və şəffaf əsaslarla cavablandırılmasıdır. Hər hansı əmlakın qanunsuz əldə edildiyini təsdiqləyən sənəd və ya səlahiyyətli qurumun qərarı olmadan belə nəticə çıxarmaq düzgün olmaz.
Rayon rəhbərliyi bu vəziyyətdən xəbərdardırmı?
Araşdırılmalı əsas məsələlərdən biri də Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyinin müavinin fəaliyyəti ilə bağlı səsləndirilən narazılıqlardan xəbərdar olub-olmamasıdır. Əgər iş rejimi, kollektivlə münasibətlər və vətəndaş müraciətlərinə yanaşma ilə bağlı iddialar mövcuddursa, onların uzun müddət cavabsız qalması idarəçilikdə nəzarət mexanizmlərinin effektivliyi barədə suallar yaradır. Vəzifəli şəxsin fəaliyyəti şəxsi münasibətlər əsasında deyil, xidməti göstəricilər, qanunçuluq və ictimai etimad əsasında qiymətləndirilməlidir. Aidiyyəti dövlət qurumlarına rəsmi suallar… Redaksiyamız Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyindən, Bakı Şəhər İcra Hakimiyyətindən və səlahiyyətləri çərçivəsində digər aidiyyəti qurumlardan aşağıdakı məsələlərin araşdırılmasını xahiş edir:
- İsmayıl Əliyevin işə davamiyyəti və faktiki iş rejimi üzrə xidməti yoxlama aparılması nəzərdə tutulurmu?
- Onun vəzifə öhdəliklərinin icrası və kurasiyasında olan sahələr üzrə fəaliyyətinin nəticələri necə qiymətləndirilir?
- Kollektiv daxilində davranışı və əməkdaşlarla münasibətləri barədə rəhbərliyə hər hansı şikayət daxil olubmu?
- Vətəndaş müraciətlərinə baxılması və onların həllinə dəstək göstərilməsi üzrə fəaliyyəti hansı göstəricilərlə qiymətləndirilir?
- Onun fəaliyyəti ilə bağlı indiyədək xidməti araşdırma aparılıbmı?
- Maddi imkanları və əmlak məsələləri ilə bağlı konkret, yoxlanıla bilən məlumatlar təqdim olunarsa, aidiyyəti səlahiyyətli qurumlar qanunvericiliyə uyğun araşdırma aparmağa hazırdırmı?
İctimaiyyət cavab gözləyir
Pirallahı sakinlərinin, dövlət qurumlarında çalışan əməkdaşların və vətəndaşların müraciətləri diqqətlə araşdırılmalı, səsləndirilən iddialara münasibət bildirilməli, təsdiqlənən pozuntular üzrə qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Bir daha xatırladaq: dövlət vəzifəsi şəxsi nüfuz, imtiyaz və ya üstünlük vasitəsi deyil. Bu, ilk növbədə xalqa xidmət və qanun qarşısında məsuliyyətdir. İsmayıl Əliyevin və Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyinin mövqeyini öyrənməyə və onların rəsmi açıqlamasını dərc etməyə hazırıq.
“Təzadlar”







