Təcrübə göstərir ki, beynəlxalq sazişlər hökumətlərin mövqe dəyişikliyi və ya ölkələrin daxili siyasi prosesləri səbəbindən etibarını itirdikdə, ümumilikdə qlobal diplomatiya sisteminə ciddi zərbə dəyir. Beynəlxalq münasibətlər sistemində etimaddan daha dəyərli heç bir kapital yoxdur; davamlı sülh və təhlükəsizlik isə yalnız öncədən zəruri etimad mühiti formalaşdıqda mümkündür.
Buna görə də, əgər bu gün iranlılar ABŞ ilə danışıqlara və sazişlərə şübhə və bədbinliklə yanaşırlarsa, bunun kökləri Amerika tərəfinin, xüsusən də bu ölkənin qeyri-sabit prezidenti Donald Trampın vədlərinə xilaf çıxması təcrübəsində yatır. İranın nüvə proqramının dinc xarakter daşıdığına əminlik yaratmaq məqsədilə İran və altı dünya gücü arasında illər sürən mürəkkəb danışıqlardan sonra 2015-ci ildə əldə olunmuş Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP), 2018-ci ildə Donald Trampın özbaşınalığının qurbanı oldu və ABŞ bu sazişdən birtərəfli qaydada çıxdı.
Dinc nüvə proqramı ilə bağlı ittihamların tamamilə əsassız olmasına baxmayaraq, İran məsələlərin sülh yolu ilə və xoş məramla həlli prinsipinə sadiq qalaraq, bəzi dost ölkələrin ABŞ ilə dialoqu bərpa etmək təklifini qəbul etdi. Lakin bu mərhələdə də Amerika prezidentinin inhisarçı yanaşması və müharibəpərəst siyasəti diplomatiyanın irəliləməsinə yenidən mane oldu. İranın Amerika tərəfi ilə iki dəfə danışıqlar apardığı bir vaxtda, beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq, ölkəmiz hərbi təcavüzə məruz qaldı; bu cinayətkar hücumlar zamanı Sionist rejim və ABŞ ordusu tərəfindən İranın günahsız mülki əhalisi və mülki infrastrukturu hədəf alındı.
Tramp, hətta İranla atəşkəs anlaşmasını imzaladıqdan sonra və sazişin yekunlaşdırılması ilə regionda davamlı sülhün bərqərar olunması üçün nəzərdə tutulan 60 günlük dövr ərzində danışıqlar davam edərkən, cəmi bir neçə gün əvvəl özünün imzaladığı anlaşmanı yenidən pozdu və İranı ABŞ-ın ən şiddətli hərbi hücumlarına məruz qoydu. Bu faktlar göstərir ki, ABŞ-ın, xüsusən də hiyləgər Trampın öz öhdəliklərinə sadiq qalacağına dair hiçbir etibarlı təminat yoxdur.
Xatırlatmaq lazımdır ki, son günlərdə Donald Tramp ABŞ-ın “Hörmüz boğazının keşikçisinə” çevrilməsi, İranın suverenliyi altında olan bu su yolundan keçən ticarət gəmilərindən 20 faizlik rüsumun alınması, habelə energetika və mülki infrastruktura hücumlar, hətta bəzi ərazilərin işğalı və İranın siyasi xəritəsinin dəyişdirilməsi iddialarını irəli sürmüşdür.
Amerika prezidentinin bu cür bəyanatları böyük İran xalqını tanımamasından irəli gəlir. Bu xalq öz tarixi boyunca göstərmişdir ki, ölkəsinin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı təhdid və zorakılıqla üzləşdiyi hər an yekdil birlik nümayiş etdirir və düşmənlərə qətiyyətlə cavab verir. Bu, siyasi şüar deyil, Trampın tamamilə yad olduğu İranın tarixi təcrübəsidir.
Əlirza Cəbbari,
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin müavini