Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Prosessual hüquqları Sabunçu rayon Prokurorluğu tərəfindən pozulmuş, əmlakı talanmış “Magna Trans” MMC-nin sahibi Ağasəf İsmayılov Prezident cənab İlham Əliyevə müraciət edib. Surəti “Təzadlar” qəzeti redaksiyasına göndərilmiş müraciəti olduğu kimi təqdim edirik:
“AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ!
M Ü R A C İ Ə T
Çox hörmətli cənab Cənab Prezident,
Bu müraciəti yalnız şəxsi problemimlə bağlı deyil, Azərbaycan Respublikasında Konstitusiyanın aliliyinin, məhkəmə hakimiyyətinin nüfuzunun və qanunun aliliyi prinsipinin qorunması naminə Sizə ünvanlayıram. Mən inanıram ki, rəhbərliyiniz altında ölkəmizdə hüquqi dövlət quruculuğu, sahibkarlığın inkişafı və vətəndaş hüquqlarının müdafiəsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Lakin təəssüf hissi ilə bildirirəm ki, prokurorluq orqanlarının bəzi vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində Azərbaycan Respublikası adından məhkəmələr tərəfindən qəbul edilmiş qərarlar uzun illərdir icra edilmir.
1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının aliliyi prinsipi bu konkret iş üzrə praktikada pozulmaqla bərabər, dövlətin də imicinə xələl gətirir. Çünki tərəfinizdən təyin olunmuş məhkəmələrin Azərbaycan Respublikası adından qəbul etdikləri çoxsaylı qərarlar Baş Prokurorluğun aidiyyəti vəzifəli şəxsləri tərəfindən uzun illərdir icra olunmur. Hesab edirəm ki, bu cür halların davam etməsi təkcə mənim hüquqlarımın pozulması deyil, eyni zamanda məhkəmə hakimiyyətinin nüfuzuna, Konstitusiyanın aliliyi prinsipinə və hüquqi dövlət dəyərlərinə xələl gətirən ciddi bir problemdir.
Mən Sizin ədalətinizə inanıram və əminəm ki, pozulmuş hüquqlarım yalnız Azərbaycan Respublikasının qanunları çərçivəsində öz həllini tapacaqdır. Bu məsələni mətbuat vasitəsilə ictimailəşdirməyə məcbur olmağım isə ona görədir ki, dəfələrlə aidiyyəti üzrə müraciətlər etmiş olsam da, Baş Prokurorluqda şikayətlərimə baxılmır və şikayətlərim əsasında verilmiş çoxsaylı birinci və Apellyasiya məhkəmələrinin də qərarları prokuorluq tərəfindən icra edilmədən qalmaqdadır. Bu isə təkcə bir vətəndaşın hüquqlarının pozulması deyil, eyni zamanda məhkəmə hakimiyyətinin nüfuzuna, Konstitusiyanın aliliyi prinsipinə və hüquqi dövlət dəyərlərinə ciddi xələl gətirən bir haldır. Mən indiyədək aidiyyəti dövlət orqanlarına dəfələrlə müraciət etməklə, qanunun verdiyi bütün hüquqi vasitələrdən istifadə etmişəm. Nəticədə məhkəmələr şikayətlərimi əsaslı hesab edərək çoxsaylı qərarlar qəbul etmişlər. Lakin istintaqa məhkəmə nəzarəti qaydasında verilmiş 30 qərar prokurorluq orqanlarının aidiyyəti vəzifəli şəxsləri tərəfindən bu günədək icra edilmədən qalmaqdadır.
Belə ki, təsisçisi olduğum “Magna Trans” MMC-nin əmlakının mənimsənilməsi faktı ilə bağlı yalnız mənim zərərçəkmiş şəxs kimi tanındığım 210050957 saylı cinayət işi üzrə Sabunçu rayon Prokurorluğunda aparılan ibtidai istintaq zamanı müstəntiqlər tərəfindən qəbul edilmiş qərarlar birinci instansiya məhkəmələri tərəfindən 24 dəfə qanunsuz və əsassız hesab edilərək ləğv edilmiş, prokurorların verdiyi protestlər isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən birmənalı olaraq təmin olunmamış, rədd edilmişdir. Bununla yanaşı, həmin MMC-yə məxsus 34 avtobusun oğurlanması, talanması barədə verdiyim şikayət üzrə müstəntiq tərəfindən 45 ay davam etdirilən hərəkətsizlik və süründürməçiliklə bağlı məhkəmələr tərəfindən 6 qərar qəbul edilmişdir.
Beləliklə, Azərbaycan Respublikası adından qəbul edilmiş ümumilikdə 30 məhkəmə qərarı – Xətai və Sabunçu rayon məhkəmələrinin, eləcə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarları bu günədək prokurorluğun aidiyyəti vəzifəli şəxsləri tərəfindən icra edilmədən qalmışdır. Bir vətəndaş kimi bunu qəbul etmək mənim üçün çox ağırdır. Çünki məhkəmə qərarının icra edilmədiyi yerdə vətəndaşın ədalətə inamı sarsılır. Hesab edirəm ki, məhkəmə qərarlarının sistemli şəkildə icra edilməməsi təkcə mənim hüquqlarımın pozulması deyil, həm də Konstitusiyanın aliliyi və qanunun aliliyi prinsiplərinin praktikada təmin olunmaması deməkdir.
Cənab Prezident,
Sahibkarlıq fəaliyyətimlə bağlı qarşılaşdığım qanunsuz maneələrin aradan qaldırılmasında, zərərçəkmiş şəxs olduğum 210050957 saylı cinayət işi üzrə obyektiv, hərtərəfli və qanuni istintaq aparılmasının təmin edilməsində, şəxsi mülkiyyətim olan 34 avtobusun oğurlanması, talanması barədə şikayətimin qanunvericiliyin tələblərinə uyğun araşdırılmasında, məruz qaldığım məmur özbaşınalığına son qoyulmasında və Azərbaycan Respublikası adından qəbul edilmiş 30 məhkəmə qərarının icrasının təmin edilməsində köməklik göstərməyinizi Sizdən xahiş edirəm.
Hörmətlə,
210050957 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs,
iş adamı və sahibkar: İsmayılov Ağasəf İslam oğlu”.