25 İyul 2026 / 11:04

Kitabı işıq üzü gördü, amma özü görmədi…

Görkəmli alim, şair-publisist, mərhum Sabir Həsənzadənin “Namus insan saflığının dəyər ölçüsüdür” kitabı nəfis tərtibatla çap olunub.

Tezadlar.az xəbər verir ki, kitabın redaktoru AJB və AYB üzvü Zəkiyyə Musaqızıdır.

Ön söz müəllifi Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, rəy və məsləhətçilər Əməkdar İncəsənət xadimi, AYB-nin Qazax bölməsinin sədri, şair-publisist Barat Vüsal və ilahiyyatçı, publisist, AJB üzvü Qazi Hacı Həsən Hüseynidir.

Kitabın işıq üzü görməsində maddi və mənəvi cəhətdən öz xeyirxahlığını əsirgəməyən dəyərli İlahiyyatçı Qazi Hacı Həsən Hüseyniyə dərin təşəkkür və minnətdarlıq bildirilir.

Kitabın redaktoru Zəkiyyə Musaqızı nəşr barədə yazır:

Rəhimli və mərhəmətli Allahın adı ilə!

Əziz və dəyərli oxucular! Bəzən elə kitablar olur ki, onları sadəcə oxumursan, onları yaşayır, hiss edir, düşünür və ən əsası qəlbinin bir parçasına çevirib özünlə aparırsan.

Əlinizdə tutduğunuz bu əsər – görkəmli mütəfəkkir alim, şair və publisist, mərhum Sabir Həsənzadənin “Namus insan saflığının dəyər ölçüsüdür” kitabı məhz belə qəlbləri oyadan, ruhu münəvvər edən hikmət xəzinəsidir.

Bu kitab sadəcə sətirlər toplusu deyil. Bu, insanın özünə doğru başlayan mənəvi bir yolçuluqdur. Bu, vicdanın səssiz, lakin dərin və sarsıdıcı səsini eşitdirən bir aynadır.

Hər səhifədə oxucuya ünvanlanan suallar dayanır: Sən kimsən, nə üçün yaşayırsan, nəyi qoruyur, nəyə xidmət edirsən, qəlbin nə qədər safdır?!

Oxuduqca insan anlayır ki, bu kitab onu öz ruhunun ən dərin qatlarına aparır, onu düşündürür, silkələyir və yenidən özünü kəşf etməyə səsləyir.

12 iyul 1935-ci ildə Azərbaycanın qədim guşələrindən biri olan Xanlar rayonunun Toğana kəndində dünyaya göz açmış Sabir Qədir oğlu Həsənzadənin həyat yolu elm, zəhmət və yüksək mənəviyyatın vəhdətində formalaşmışdır.

Uşaqlıq illərindən elmə olan sonsuz marağı onu 1953–1959-cu illərdə H.Zərdabi adına Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinə aparmış, burada qazandığı biliklər onun düşüncəsinə dəqiqlik, baxışlarına isə dərinlik bəxş etmişdir.

Lakin o, yalnız elm adamı deyildi. O, insanın yer üzünün ən ali varlığı olduğunu, onun daxilində böyük bir mənəvi xəzinə daşıdığını cəmiyyətə anlatmağa çalışan kamilbir ziyalı idi. Onun baxışlarında insan sadəcə varlıq deyil, həm də vicdan, məsuliyyət və ucalıq daşıyıcısı idi.

1959–1963-cü illərdə Gəncə şəhər Komsomol Komitəsində fəaliyyət göstərmiş, daha sonra isə ömrünü müqəddəs müəllimlik peşəsinə həsr etmişdir. O, dərs dediyi siniflərdə yalnız fizikanın qanunlarını izah etməmiş, eyni zamanda düşünməyi, vicdanla yaşamağı və insan olmağın məsuliyyətini tələbələrinə aşılamağı özünə mənəvi borc bilmişdir.

1983-cü ildən Azərbaycan Texnalogiya İnistutunda yaratdığı “Xəmsə” ədəbi birliyi 2003-cü ilə qədər onun rəhbərliyi ilə fəaliyyət göstərmiş, bu məkan təkcə ədəbi mühit deyil, həm də mənəvi kamillik məktəbinə çevrilmişdir.

1986–1992-ci illərdə Azərbaycan Dövlət Universitetində dissertant olmuş, 1992-ci ildə “Nizaminin təbii-elmi görüşləri” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

Onun elmi fəaliyyətinin mərkəzində böyük bir sevgi dayanırdı – Nizami Gəncəvi irsinə olan sonsuz bağlılıq.

Bu dərin bağlılıq onun yaradıcılığında da öz parlaq əksini tapmış, xüsusilə “Dünyadan əziz dünya” kitabında müəllifin böyük düha qarşısındakı ehtiramı, mənəvi səcdəsi və elmi baxışlarının vəhdəti aydın şəkildə ifadə olunmuşdur.

Məhz bu mənəvi bağlılıq və sədaqətinə görə o, ziyalılar arasında böyük hörmət və ehtiramla “Nizami zəvvarı” kimi tanınmışdır.

“Namus insan saflığının dəyər ölçüsüdür” kitabı müəllifin ömrünün son illərində qələmə aldığı ən qiymətli mənəvi söz xəzinələrdən biri, onun mübarək qələmindən süzülərək ədəbiyyatımızın zəngin külliyatına təqdim olunan incilər toplusudur. Bu kitabda “namus” anlayışı yalnız sosial norma kimi deyil, insanın daxili aləminin saflığı, vicdanının paklığı və həqiqəti dərk etmə qabiliyyəti kimi təqdim olunur.

Sabir Həsənzadə yalnız tədqiqatçı alim deyil, həm də ruhla yazan şair və dərin düşüncəli publisist idi. Onun yaradıcılığında Həzrəti Muhəmməd (s.ə.s.), İmam Əli (ə) kəlamlarının dərinliyi, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Fizulinin hikmət dünyası və milli-mənəvi dəyərlərimizin işığı xüsusi bir yer tutur. Kitabda islami və milli-mənəvi dəyərlər vəhdət halında təqdim edilir. Vicdan, ədalət, səbr, təmkin və dürüstlük insan ruhunun əsas və sarsılmaz dayaqları kimi izah olunur.

Müəllif Cəlaləddin Ruminin, Əmir Xosrovun, Nəsrəddin Tusinin və Əflatunun hikmət dolu fikirlərinə müraciət etmiş, onları fəlsəfi və mənəvi baxımdan şərh etmişdir.

Bu yanaşma oxucunun idrakını genişləndirir və ona hadisələrə daha dərin, daha bəsirətli baxış qazandırır.

Onun qələmində elm yalnız bilik deyil, ruhdur. Söz isə sadəcə ifadə vasitəsi yox, düşüncənin nəfəsidir. Müəllif insanı öz daxilinə baxmağa çağırır. Çünki o, əsl ölçünün nə zahirdə, nə də sözlərdə deyil, qəlbin ən dərin qatlarında gizləndiyini vurğulayır.

Şeirlərində onun Nizami Gəncəviyə, İmam Əliyə (ə) və milli-mənəvi dəyərlərimizə olan bağlılığı daha aydın şəkildə əks olunur. Onun vətənpərvərlik ruhunda qələmə aldığı şeirlər oxucunun yalnız düşüncəsinə deyil, ruhuna da toxunur, onu saflaşdırır, ucaldır və mənəvi kamilliyə doğru yönəldir. Bu şeirlərdə insanın daxilindəki saflıq oyadılır, vicdanın səsi gücləndirilir və insan özünə daha da yaxınlaşır.

Qeyd etmək istəyirəm ki, ömrünün son aylarında müəllif bu kitabda toplanmış əlyazmalarını müqəddəs bir əmanət payı olaraq sevimli tələbəsi mənim əmim oğlu Yusifov Qasım Mustafa oğluna böyük inam və güvənlə təqdim edərək onların gələcəkdə kitab şəklində oxuculara çatdırılmasını vəsiyyət etmişdir.

5 iyun 2021-ci il tarixində Sabir Həsənzadənin fiziki ömrü başa çatsa da, onun ruhu, ideyaları və mənəvi irsi bu gün də yaşayır. O, Gəncə şəhərində yerləşən Səbzkar qəbiristanlığında torpağa tapşırılmışdır, lakin qoyduğu izlər qəlblərdə yaşayır və yaşayacaqdır. Sabir Həsənzadə kimi müdrik qələm sahibi elm adamlarının xatirəsini uca tutmaq bizlər üçün şərəf və vəfa borcudur.

Onun yaradıcılığından açıq şəkildə hiss olunur ki, ən böyük arzularından biri Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını görmək olub. Şükürlər olsun ki, bu müqəddəs arzu onun sağlığında gerçəkləşmişdi.

27 sentyabr 2020-ci ildə başlayan 44 günlük zəfər tarixində Sabir Həsənzadə kimi saysız hesabsız minlərlə qəlbi və ruhu Vətən üçün döyünən müdriklərimizin arzusu çin oldu. Xalqımız öz doğma torpaqlarına qovuşdu. Qürur və iftixar hissi ilə qeyd etmək istəyirəm ki, vətənimizin azadlığı və bütövlüyü uğurunda qələbə imzası çəkən qəhrəman igidlərimizdən biri də ömrünün 22 ilini vətənə həsr etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Xüsusi Təyinat mənsublu Baş giziri yüksək “Qarabağ” ordenli qardaşım şəhid Yusifov Mehman Musa oğludur.

Cəmi Şəhidlərimizin ruhu şad olsun. Amin.

Qeyd edim ki, bu müqəddəs və dəyərli əmanət illər sonra, əmim oğlu Qasım Yusifov tərəfindən mübarək Ramazan ayında böyük etimadla mənə təqdim olundu. Mən də bu əmanəti sonsuz məsuliyyət hissi ilə qəbul edərək, hər bir sətirini, hər bir kəlməsini, hətta ən kiçik vərəq parçalarını belə diqqətlə araşdırıb, heç bir dəyişiklik etmədən olduğu kimi siz dəyərli oxuculara təqdim etməyi özümə mənəvi borc bildim.

Bu mübarək əmanəti sizlərə könül xoşluğu, ruh yüksəkliyi və dərin ehtiram hissi ilə təqdim edə bildiyim üçün Uca Rəbbimə sonsuz şükranlıqlarımı bildirirəm. Sabir Həsənzadə kimi mübarək bir nur ziya sahibinin müqəddəs və pak ruhuna, ömür yoluna işıq saçmağı Allahın mənə bəxş etdiyi nurlu pay, böyük bir lütf və əvəzsiz nemət kimi qəbul edir, bunu həyatımın ən şərəfli və unudulmaz anlarından biri hesab edirəm.

Əziz oxucu… Bu kitabı oxuyarkən tələsmə. Hər sətri hiss et. Çünki bu əsər sənə yeni bir şey öyrətməkdən çox, səni sənə xatırladır və sonda dəyişməz bir həqiqət qalır: İnsanın əsl dəyəri sahib olduqlarında deyil – onun qəlbində daşıdığı saflıqda, vicdanında yaşatdığı dürüstlükdə və namusunda qoruduğu ucalıqdadır. Beləliklə, “Namus insan saflığının dəyər ölçüsüdür” kitabı oxucunu vicdan, mənəviyyat, əxlaq, vətənpərvərlik və universal dəyərlər üzərində düşünməyə, daxili zənginliyini kəşf etməyə və mənəvi idealara yaxınlaşmağa dəvət edən həm fəlsəfi, həm poetik, həm də mənəvi‑etik əsərdir. Bu əsər oxucuya göstərir ki, insanın əsl dəyəri yalnız onun qəlbindəki saflıq, vicdanında dürüstlük və həyatında tətbiq etdiyi dəyərlərlə ölçülür.

Uca Allahdan sizlərə cansağlığı, zehin açıqlığı diləyir, mərhum mütəfəkkir alim, şair, publisistik Sabir Həsənzadənin ruhuna rəhmət diləyirəm.

Ruhu şad olsun. İlahi, Amin!

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!